SON XƏBƏRLƏR

Zəncanın “Sərcin Baft” tekstil fabriki fəaliyyətini tamamilə dayandırıb

2026.06.24, 10:44
Zəncanın “Sərcin Baft” tekstil fabriki fəaliyyətini tamamilə dayandırıb

Zəncanın “Sərcin Baft” tekstil fabrikinin axşam növbəsində çalışan işçilərinin ödənilməmiş əməkhaqlarına etiraz olaraq keçirdikləri aksiyadan sonra müəssisə rəhbərliyi fabrikin fəaliyyətini tamamilə dayandırıb.

Gunaz.tv

Bu gözlənilməz qərar zavodun təxminən 350 işçisini qeyri-müəyyən vəziyyətdə qoyub.

“Sərcin Baft” işçilərindən biri İLNA agentliyinə bildirib:

“İşəgötürən hər dəfə vəd verir və maaşların ödənilməsini istehsal həcmi ilə şərtləndirirdi. Məsələn, deyirdi ki, həftədə 30-35 ton məhsul istehsal etsəniz, gecikmiş maaşları ödəyəcəyəm. İşçilər bütün gücləri ilə çalışdılar və hətta istehsalı 40 tona çatdırdılar ki, müəssisə gəlir əldə etsin və maaşlarımız ödənilsin. Bu istehsal müəssisəsi pambıqdan hazır geyimədək bütün mərhələləri özü həyata keçirir. Amma belə istehsal həcminə baxmayaraq, birdən-birə bütün fabriki dayandırıb bağladılar.”

İşçi fəalı əyalətin yüksək məhkəmə rəsmilərinin zavoda planlaşdırılan səfərinin ləğv edilməsini də tənqid edib:

“Dünən əyalətin məhkəmə rəsmiləri fabrikin vəziyyətini yerində araşdırmaq üçün gəlməli idilər. Təxminən 350 işçi səhər saat 8-dən axşam 4-ə qədər müəssisənin qarşısında toplaşmışdı ki, məsul şəxslərlə şəxsən görüşüb iş yükümüzün nə qədər ağır olduğunu və işəgötürənin taleyimizlə necə oynadığını izah etsin.”

Onun sözlərinə görə, işçilərin etiraz aksiyası ilə əlaqədar məhkəmə rəsmilərinə yanlış məlumat verilib:

“Təəssüf ki, onlara fabrikdə qarışıqlıq yarandığı bildirilib. Nəticədə səfər ləğv olundu və onlar işçilərin iştirakı olmadan dövlət idarələrindən birində iclas keçirdilər. Bizi həmin görüşə buraxmadılar.”

İşçi sonda həmkarlarının ağır sosial vəziyyətinə də toxunub:

“İşçilərin 90 faizi evlidir, ailə başçısıdır və kirayədə yaşayır. Belə iqtisadi şəraitdə üç ay maaş almadan uşaqlarının qarnını necə doyursunlar? Fabrik tamamilə bağlanıb və biz məsul şəxslərin təcili addım atmasını gözləyirik.”

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar