SON XƏBƏRLƏR

Türkiyə Türk Dövlətləri Təşkilatının Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinin daxili təsdiq prosesini tamamlayıb

2026.06.25, 12:38
Türkiyə Türk Dövlətləri Təşkilatının Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinin daxili təsdiq prosesini tamamlayıb

Türkiyə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında imzalanmış “Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi”nin daxili təsdiq prosedurlarını tamamlayıb. Türkiyənin Ticarət Nazirliyi bildirib ki, sazişin təsdiqinə dair qanun iyunun 23-də ölkənin Rəsmi Qəzetində dərc olunub.

Gunaz.tv

Nazirliyin açıqlamasına görə, Türkiyə bu addımla Azərbaycan və Özbəkistandan sonra sazişin daxili təsdiq prosesini başa çatdıran üçüncü TDT üzvü olub.

Məlumata əsasən, saziş digər üzv dövlətlərin də təsdiq prosedurlarını tamamlamasından sonra qüvvəyə minəcək. Qırğızıstan və Qazaxıstan da hazırda öz daxili təsdiq proseslərini davam etdirirlər.

Türkiyə Ticarət Nazirliyi bildirib ki, sazişin əsas məqsədi üzv ölkələr arasında elektron ticarət, rəqəmsal xidmətlər və məlumatlara əsaslanan sərhədlərarası iqtisadi fəaliyyətlər qarşısındakı maneələri aradan qaldırmaq, həmçinin rəqəmsal iqtisadiyyatda daha inteqrasiya olunmuş və proqnozlaşdırıla bilən çərçivənin formalaşdırılması üçün ortaq qaydalar yaratmaqdır.

Nazirlik qeyd edib ki, sazişin icrası türk dünyasında ticarət və texnologiya sahəsində inteqrasiyanın güclənməsinə, bizneslərin rəqəmsal bazarlara çıxışının asanlaşmasına, innovativ texnologiyalardan istifadənin təşviqinə və regionun rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək.

Saziş həmçinin üzv ölkələr arasında kiçik və orta sahibkarlıq, maliyyə və texnologiya sektorları, kibertəhlükəsizlik və rəqabət siyasəti sahələrində əməkdaşlığı da əhatə edir.

Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi 6 noyabr 2024-cü ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT-nin XI Zirvə Toplantısı zamanı imzalanıb.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar