SON XƏBƏRLƏR

Əhərin Əngurd kənd sakinləri mədənin fəaliyyəti ilə bağlı etiraz aksiyası keçiriblər

2026.06.30, 11:57
Əhərin Əngurd kənd sakinləri mədənin fəaliyyəti ilə bağlı etiraz aksiyası keçiriblər

Əhər şəhərinin Əngurd kəndindən olan bir qrup gənc Mehr Əsl mədəninin girişində toplaşaraq yerli sakinlərin işə götürülməməsinə, mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyana və müəssisənin sosial məsuliyyət öhdəliklərini yerinə yetirməməsinə etiraz ediblər.

Gunaz.tv

Etirazçılar bildiriblər ki, mədən kənd ərazisində yerləşməsinə və illərdir təbii sərvətlərin çıxarılmasına baxmayaraq, layihədən yerli əhalinin payına yalnız işsizlik, məcburi miqrasiya və məşğulluq imkanlarından məhrumluq düşüb. Onlar yerli sakinlərin işə qəbulunda üstünlük verilməsini, gəlirlərin şəffaf açıqlanmasını və mədənin qazancının bir hissəsinin bölgənin inkişafına yönəldilməsini tələb ediblər.

Kənd sakinlərinin sözlərinə görə, son illərdə mədən fəaliyyəti yerüstü və yeraltı suların çirklənməsi, təbii sərvətlərin məhv edilməsi, otlaq sahələrinin zədələnməsi və ətraf mühitin ziyan görməsi ilə bağlı ciddi narahatlıqlar yaradıb. Etirazçılar həmçinin ekoloji qiymətləndirmələrin nəticələrinin açıqlanmasını və mədən fəaliyyətinin yaratdığı fəsadlarla bağlı məsul şəxslərin cavabdehlik daşımasını tələb ediblər.

İnsan hüquqları standartlarına əsasən, dövlət mədən bölgələrində yaşayan insanların sağlam ətraf mühit, təmiz su, sağlamlıq, əmək və dayanıqlı inkişaf hüquqlarını təmin etməyə borcludur. Həmçinin İranın qoşulduğu beynəlxalq öhdəliklərə, o cümlədən İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakta uyğun olaraq, təbii sərvətlərdən istifadə yerli icmaların hüquqlarına, ictimai sağlamlığa və onların yaşayış resurslarına zərər vurmamalıdır.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar