SON XƏBƏRLƏR

Xameneinin dəfn mərasimlərinin xərcləri ictimai narazılığı artırır

2026.07.04, 14:00
Xameneinin dəfn mərasimlərinin xərcləri ictimai narazılığı artırır

İranın keçmiş ali dini lideri Əli Xameneinin dəfn mərasimlərinə çəkilən xərclər ölkənin mövcud iqtisadi durumu şəraitində birmənalı qarşılanmayıb.

Gunaz.tv

Məlumata əsasən, sərt xətt tərəfdarı kimi tanınan Tehran meri Əlirza Zəkaninin rəhbərlik etdiyi Tehran bələdiyyəsi mərasimə hazırlıqlarda əsas rol oynayır. Şəhərə 11 min avtobusun səfərbər edildiyi, metro və sürətli avtobus xətlərinin isə sutka ərzində fasiləsiz və ödənişsiz fəaliyyət göstərəcəyi bildirilir.

Bələdiyyə əməkdaşlarının WELT nəşrinə dediklərinə görə, Tehranın hər bir inzibati rayonuna üç günlük mərasimlər üçün təxminən 500–650 min avro vəsait ayrılıb. Bu məbləğə yanğınsöndürmə xidməti, parklar idarəsi, nəqliyyat qurumları və tikinti bölmələri üçün ayrılan əlavə vəsait daxil deyil.

WELT-in istinad etdiyi hökumətə yaxın jurnalistlər hesab edirlər ki, təkcə Tehranda mərasimlərin dəyəri təxminən 15 milyon avroya çatacaq. Qum və Məşhəd üçün isə hərəsinə əlavə 5 milyon avro ayrıldığı bildirilir. Nəcəf və Kərbəlada da mərasimlərin keçirilməsi nəzərə alınarsa, bu dəfn mərasimi müasir dövrün ən bahalı dövlət dəfnlərindən birinə çevrilə bilər.

Bundan başqa, KİV-lərdə yayılan xəbərlərə görə, hakimiyyət orqanları biznes sahiblərindən məcburi ianələr toplamağa başlayıb. “İslam Respublikası və İnqilab Keşikçiləri Tehrandakı bütün şirkətləri dəfn mərasimi üçün çadırların qurulması və ərzaq təminatının maliyyələşdirilməsinə məcbur edib”, – deyə yayılan xəbərlərdə bildirilib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar