SON XƏBƏRLƏR

Görünməyən İran liderinin fərmanı ilə Ejei vəzifəsində saxlanıldı

2026.07.06, 07:10
Görünməyən İran liderinin fərmanı ilə Ejei vəzifəsində saxlanıldı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran məhkəmə hakimiyyəti bazar günü yaydığı qərarda Qulamhüseyn Möhsüni Ejeinin İranın yeni lideri kimi təqdim olunan Müctəba Xameneiyə aid edilən fərmanla daha beş il müddətinə Məhkəmə Hakimiyyətinin sədri vəzifəsində saxlanıldığını açıqlayıb.

Möhsüni Ejei beş il əvvəl Əli Xameneinin fərmanı ilə bu vəzifəyə təyin olunmuşdu. Onun səlahiyyət müddəti başa çatdıqdan sonra yeni təyinat Müctəba Xameneiyə aid edilən imza ilə dərc olunub.

Məhkəmə hakimiyyətinə bağlı Mizan xəbər agentliyinin yaydığı fərmanda deyilir: “Sizin dəyərli və səmimi fəaliyyətinizi yüksək qiymətləndirərək, Konstitusiyanın 157-ci maddəsinə əsasən sizi Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin edirəm.”

Müctəba Xamenei atası Əli Xameneinin ABŞ və İsrailin hücumları zamanı öldürülməsindən sonra İranın yeni lideri elan edilsə də, indiyədək heç bir ictimai tədbirdə görünməyib və ondan heç bir səs və ya video görüntü yayımlanmayıb. Son təxminən dörd ay ərzində yalnız ona aid edildiyi bildirilən yazılı bəyanatlar dərc olunub.

Müctəba Xameneinin bazar günü atasının cənazə namazı mərasimində də iştirak etməməsi İran və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub və onun ictimaiyyət qarşısına çıxmamasına dair sualları daha da artırıb.

 

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar