SON XƏBƏRLƏR

WSJ: Tramp administrasiyası İranla nüvə sazişinin perspektivlərinə şübhə ilə yanaşır

2026.07.11, 08:02
WSJ: Tramp administrasiyası İranla nüvə sazişinin perspektivlərinə şübhə ilə yanaşır

"The Wall Street Journal" nəşrinin cümə günü yaydığı məlumata görə, Tramp administrasiyası İranla nüvə sazişinin əldə olunacağına dair nikbinliyini getdikcə itirir.

Gunaz.tv

ABŞ-ın yüksəkvəzifəli rəsmiləri bildirirlər ki, Tehran daha geniş danışıqların davam etməsi üçün əvvəlcə müvəqqəti sülh razılaşmasına əməl etdiyini nümayiş etdirməlidir.

Nəşrin məlumatına görə, Vaşinqton İranın Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün açıq olduğunu açıq şəkildə bəyan etməsini və boğazdan keçən gəmilərə qarşı hücumlara son qoyacağını öhdəsinə götürməsini istəyir. Tehran şənbə gününə qədər belə bir öhdəlik götürməsə, "ciddi nəticələrlə" üzləşə bilər, ABŞ rəsmilərindən biri bildirib. Lakin digər rəsmilər konkret son tarix barədə məlumatı təsdiqləməyiblər.

Bu açıqlamalar Vaşinqtonda diplomatiyanın təkbaşına İranın nüvə proqramının məhdudlaşdırılması üzrə razılaşmanı təmin edə biləcəyinə dair şübhələrin artdığını göstərir.

"Onlar hər gün razılaşmanı pozurlar, yalan danışırlar, aldadırlar, insanları öldürürlər. Bizim razılaşmamız çərçivəsində onlar heç vaxt nüvə silahı əldə etməyəcəklər, amma ümumiyyətlə razılaşmanın olub-olmayacağını bilmirəm", – deyə Tramp bu həftə jurnalistlərə bildirib.

İyun ayında əldə olunmuş müvəqqəti razılaşmaya əsasən, İran maliyyə güzəştləri müqabilində Hörmüz boğazında təhlükəsiz kommersiya gəmiçiliyini bərpa etməyi öhdəsinə götürmüşdü. ABŞ rəsmilərinin sözlərinə görə, kommersiya gəmilərinə qarşı davam edən hücumlar Tehranın razılaşmaya əməl etmək niyyətinə dair ciddi şübhələr yaradıb və daha geniş nüvə sazişinin əldə olunacağına inamı azaldıb.

Rəsmilər əlavə ediblər ki, yekun razılaşmanın əsas şərtlərindən biri İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına nəzarətdən imtina etməsi olacaq. Onlar vurğulayıblar ki, danışıqlar uğursuz olacağı təqdirdə ABŞ həmin nüvə materialına çıxışın qarşısını almaq üçün hərbi variantları da nəzərdən keçirir.

Müvəqqəti razılaşma tərəflərə daimi saziş əldə etmək üçün 60 günlük müddət verir və bu müddətin uzadılması da mümkündür. Bu həftə Vaşinqton İranın razılaşmanı pozduğu qənaətinə gəldikdən sonra İranın neft ixracı ilə bağlı sanksiyaları yenidən tətbiq edib,

Hörmüz boğazı ətrafında baş verən hadisələr qlobal bazarların diqqət mərkəzində qalmaqda davam edir. Bölgədə yenidən artan hərbi fəallıq dünyanın ən mühüm enerji daşınma marşrutlarından biri olan boğazla bağlı narahatlıqları gücləndirir.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar