SON XƏBƏRLƏR

Reuters: İran SEPAH-ın komandirlərini, qızıl və raket avadanlıqlarını Yəmənə göndərib

2026.07.23, 21:44
Reuters: İran SEPAH-ın komandirlərini, qızıl və raket avadanlıqlarını Yəmənə göndərib

Reuters SEPAH-ın husilərin gücləndirilməsində birbaşa rolundan yazır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Reuters agentliyi dörd məlumatlı mənbəyə istinadən bildirib ki, İran son günlər SEPAH-ın bir neçə komandirini, hərbi müşavirlərini, eləcə də raket və pilotsuz uçuş aparatları ilə bağlı avadanlıqları husilərə təlim keçmək və onları gücləndirmək məqsədilə Yəmənə göndərib.

Məlumata əsasən, İrandakı iki mənbə Reuters-ə bildirib ki, SEPAH-ın 10–21 nəfərdən ibarət heyəti, o cümlədən bir neçə yüksək rütbəli komandir, 13 iyul tarixində Mahan Air aviaşirkətinə məxsus təyyarə ilə Yəmənə yola düşüb.

Reuters bu missiyanın məqsədini husilərə dəstək vermək, onları yeni raket sistemlərindən istifadə qaydaları ilə tanış etmək və qrupun hərbi imkanlarını artırmaq kimi təqdim edib. Agentliyin məlumatına görə, Mahan Air təyyarəsi şəxsi heyətlə yanaşı, husilərin hərbi əməliyyatlarının maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş qızıl yükü də Yəmənə aparıb.

Bu məlumatlar Əli Xameneinin dəfn mərasimi zamanı İranın Sənadan Tehrana birbaşa uçuş təşkil edərək bir qrup husini İrana gətirməyə çalışdığı barədə yayılan xəbərlər fonunda dərc olunub.

Həmin vaxt husilərin hərbi sözçüsü iddia etmişdi ki, qrupun qüvvələri Səna hava limanına enmək istəyən İran mülki təyyarəsinin qarşısını almağa çalışan Səudiyyə Ərəbistanı qırıcıları ilə qarşı-qarşıya gəlib və vurğulamışdı: “Səna ilə Tehran arasında uçuşlar davam edəcək.”

Reuters-in məlumatına görə, Mahan Air təyyarəsi həmin hadisədən dörd gün sonra Hudeydə limanına eniş edib.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar