SON XƏBƏRLƏR

Suriya İsraillə razılaşma istəyir

2026.07.27, 10:28
Suriya İsraillə razılaşma istəyir

Dəməşq sülh yolunu seçdi. Suriya ilə İsrail arasında yeni səhifə açılır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Suriya Prezidenti Əhməd əl-Şəra Dəməşqin bir neçə ölkənin iştirakı ilə İsraillə təhlükəsizlik sazişi əldə etmək üçün çalışdığını açıqlayıb. Onun sözlərinə görə, bu addım bölgədə daha geniş sülhə yol aça bilər.

Əl-Şəra Əl-Cəzirə telekanalına müsahibəsində bildirib ki, belə bir razılaşmanın Suriyanın Colan təpələri üzərindəki hüquqlarına xələl gətirmədən sülhün bərqərar olmasına töhfə verəcəyinə ümid edir.

O, həmçinin xəbərdarlıq edib ki, Livanın xaosa sürüklənməsi Suriya üçün birbaşa və təcili nəticələr doğuracaq, ABŞ və İsrailin İrana qarşı müharibəsinin genişlənməsi isə bütün bölgə üçün ağır nəticələrə səbəb ola bilər.

Suriya Prezidenti vurğulayıb ki, Dəməşq Livana hərbi müdaxilə etmək niyyətində deyil və əvəzində Livanın böhrandan çıxmasına kömək yollarını bu ölkənin rəsmiləri ilə müzakirə edir.

Əl-Şəra əlavə edib ki, Suriya müxtəlif ölkələrin dəstəyi ilə İsraili daha balanslı siyasət yürütməyə təşviq etməyə çalışır və eyni zamanda İsraillə hərbi qarşıdurmadan yayınmağa üstünlük verir.

Bu açıqlamalar Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyanın İsrailə münasibətdə yeni siyasət formalaşdırdığı və hazırda təhlükəsizlik sazişi istiqamətində addımlar atdığı bir vaxta təsadüf edir.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar