SON XƏBƏRLƏR

İranda evlərdə elektrik kəsintiləri davam edəcək

2026.07.28, 20:12
İranda evlərdə elektrik kəsintiləri davam edəcək

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İranın Energetika Nazirliyi sənaye şəhərciklərində elektrik məhdudiyyətlərinin azaldıldığını, əvəzində isə məişət abonentləri üçün elektrik kəsintilərinin davam etdiriləcəyini açıqlayıb.

Nazirlik çərşənbə axşamı bildirib ki, ölkənin 48 böyük sənaye şəhərciyində elektrik məhdudiyyəti həftədə iki gündən bir günə endirilib. Bunun müqabilində sənayenin elektrik çatışmazlığını kompensasiya etmək üçün yaşayış evlərində planlı elektrik kəsintiləri davam edəcək.

İranın Energetika Nazirliyinin Elektrik və Enerji üzrə müavini Mustafa Rəcəbi Məşhədi bildirib ki, bu qərar İran prezidenti Məsud Pezeşkianın göstərişi və Energetika Nazirliyi ilə Sənaye, Mədən və Ticarət Nazirliyi arasında əldə olunan razılaşma əsasında qəbul edilib. O deyib: “48 böyük sənaye şəhərciyində elektrik məhdudiyyəti həftədə iki gündən bir günə endirildi.”

İran son illərdə elektrik stansiyalarının fəaliyyəti üçün ciddi enerji çatışmazlığı ilə üzləşib. İran rəsmiləri enerji qıtlığı ilə yanaşı, elektrik istehsalı və paylayıcı şəbəkələrin köhnəlməsini də bu böhranın əsas səbəblərindən biri kimi göstərirlər.

Son illərdə yaşayış evləri, zavodlar və sənaye şəhərciklərində elektrik kəsintiləri hökumətin elektrik şəbəkəsini sabit saxlamaq üçün tətbiq etdiyi daimi üsullardan birinə çevrilib.

Energetika nazirinin müavini mövcud çatışmazlığı etiraf edərək bildirib ki, hökumət ölkə sənayesindəki elektrik qıtlığını kompensasiya etmək üçün “məişət sektorunda elektrik kəsintisi proqramlarının davam etdirilməsi” barədə qərar qəbul edib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar