SON XƏBƏRLƏR

Misirdə Amerika gəmisinə hücum edildi

2026.07.29, 22:42
Misirdə Amerika gəmisinə hücum edildi

Dəmiyyə limanında müəmmalı yanğın: Məlumatlara görə, Amerika şirkətinə məxsus gəmiyə PUA hücumu edilib.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Misirin Aralıq dənizi sahilində yerləşən Dəmiyyə limanında Amerika şirkətinə məxsus üzən qaz saxlama gəmisi yanıb. Bir neçə təhlükəsizlik mənbəyi və dənizçilik şirkəti hadisənin PUA hücumu nəticəsində baş verdiyini bildirsə də, Misir rəsmiləri bunu hələlik təsdiqləməyiblər.

Britaniyanın Ambrey dəniz təhlükəsizliyi şirkəti ilkin qiymətləndirməyə əsasən, PUA-nın “Energos Winter” gəmisinə çırpıldığını və nəticədə yanğının baş verdiyini açıqlayıb. Ticarət mənbələrinin bildirdiyinə görə, alov daha sonra ikinci gəmiyə də keçib.

Liman xidmətləri göstərən Inchcape şirkəti də Dəmiyyə limanında iki qaz daşıyan gəmidə yanğın baş verdiyini təsdiqləyib. Reuters agentliyinə danışan iki təhlükəsizlik mənbəsi isə ilkin araşdırmalara əsasən, partlayışın ən ehtimal olunan səbəbinin PUA hücumu olduğunu bildirib.

Buna baxmayaraq, Misirin Neft Nazirliyi yalnız yanğının baş verdiyini təsdiqləyib və PUA hücumu barədə heç bir məlumat verməyib. Nazirliyin açıqlamasına görə, yanğın qazlaşdırma gəmisi və qaz saxlama gəmisində baş verib, fövqəladə hallar planına uyğun olaraq yanğın qısa müddətdə söndürülüb.

Nazirlik bildirib ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Misirin neft naziri Kərim Bədəvi də qəzanın nəticələrinin aradan qaldırılması işlərinə nəzarət etmək üçün hadisə yerinə gedib.

Hadisəyə görə indiyədək heç bir qrup və ya şəxs məsuliyyəti üzərinə götürməyib. Yanğının dəqiq səbəbi ilə bağlı araşdırmalar davam edir.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar