SON XƏBƏRLƏR

Tehrandan Azərbaycana təhlükəli çağırış; Azərbaycanın neft xətləri hədəfdə?

2026.08.02, 10:35
Tehrandan Azərbaycana təhlükəli çağırış; Azərbaycanın neft xətləri hədəfdə?

İran nəyi planlaşdırır? Tehranın “Həmşəhri” qəzeti Xəzərin gərginləşdirilməsini və Azərbaycanın neft marşrutlarının hədəfə alınmasını təklif edib.

Gunaz.tv

Tehran bələdiyyəsinə məxsus “Həmşəhri” qəzeti İsrailə təzyiq göstərmək üçün Xəzər bölgəsinin gərginləşdirilməsini və Azərbaycanın enerji marşrutlarının hədəfə alınmasını təklif edən məqalə dərc edib.

Gunaz TV-nin məlumatına görə, İran, ABŞ və İsrail arasında gərginliyin artdığı bir vaxtda Tehran bələdiyyəsinə məxsus “Həmşəhri” qəzeti “İranın yeni neft oyunu nədir?” başlıqlı məqaləsində iddia edib ki, İsrailə təzyiq göstərmək üçün təkcə Hörmüz boğazının bağlanması kifayət deyil və əsas təzyiq nöqtəsi Xəzər dənizi ilə Qafqazdır. Məqalədə Azərbaycanın neft ixrac marşrutlarının hədəfə alınması təklif olunur.

Məqalədə bildirilir: “Hörmüz boğazının bağlanması vacibdir, amma kifayət deyil. Əsas təzyiq nöqtəsi başqa yerdədir: Xəzər və Qafqaz.” Müəllif iddia edir ki, bu marşrutda yaranacaq hər hansı fasilə neft emalı, nəqliyyat, enerji təchizatı və qiymətlərə birbaşa təsir göstərəcək.

Yazıda həmçinin qeyd olunur: “Xəzərdə gərginlik İran üçün siyasi təsir rıçağı yarada bilər. Xəzərin hüquqi rejimi hələ tam yekunlaşmadığı üçün təhlükəsizlik mühitində baş verəcək hər dəyişiklik tərəflərin siyasi mövqeyinə də təsir edəcək. İran göstərsə ki, Tehranın maraqları nəzərə alınmadan Xəzərdə sabitlik mümkün deyil, pay bölgüsü, keçid, təhlükəsizlik, gəmiçilik və istismar məsələləri üzrə danışıqlarda üstün mövqe əldə edə bilər. Sadə desək, Xəzər nə qədər ‘sakit və tam həll olunmuş akvatoriya’ statusundan uzaqlaşsa, İran ‘əgər burada sabitlik istəyirsinizsə, güzəştə getməlisiniz’ deyə bilər.”

Məqalədə Türkiyənin rolu barədə də bildirilir: “Azərbaycan nefti Xəzərdən Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Ceyhan limanına çatdırılır, oradan tankerlərlə Aralıq dənizinə və daha sonra İsrail limanlarına göndərilir. Bu baxımdan İsrailin enerji təchizatı yalnız Ərəb körfəzindən deyil, həm də Qafqaz və Türkiyə üzərindən keçir. Əgər Xəzərdə gərginlik məhdud və nəzarət altında saxlanılsa, Türkiyə böyük ehtimalla siyasi etirazla kifayətlənəcək. Effektiv çəkindirmə yalnız əsas tərəfə zərbə vurmaq deyil, onu dəstəkləyən müttəfiqləri də prosesə qoşulmaqdan çəkindirməkdir.”

Məqalədə irəli sürülən bu təkliflərin həyata keçirilməsi halında qarşıdurmanın Ərəb körfəzindən Cənubi Qafqaz və Xəzər hövzəsinə qədər genişlənə biləcəyi, bölgədə yeni təhlükəsizlik və iqtisadi risklər yarada biləcəyi bildirilir.

Bununla yanaşı, təhlillərə görə, böhranın dərinləşməsi İran daxilində də yeni gərginliklərə səbəb ola bilər. Analitiklər hesab edirlər ki, bu cür təkliflər gərginliyi azaltmaq əvəzinə, regionda daha genişmiqyaslı böhran riskini artırır.

 


GunAz TV
R.G  https://newspaper.hamshahrionline.ir/l5D06

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar