Bir neçə gü ərzində Qoşaçay (Miyandab) şəhərinin İnqilab Məhkəməsinin 103-cü şöbəsi Arəş Kəhbur, Ramin İslami, Rza Pəhləvanian, Hüseyn Cavadzadə və Cəlal Küdürlünü "hökumətə qarşı təbliğat " və "ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumatlar yaymaq"da ittiham edərək, hər biri barəsində 8 ay həbs qərarı verib.
Bundan bir neçə gün sonra isə Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi İran paytaxtının Evin həbsxanasında saxlanılan milli-mədəni fəallar Abbas Lisani, Yusif Kari və girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilmiş Behzad Dəşti və Əli Xeyrcu barəsində daha ağır ittihamlar irəli sürüb və ərdəbilli fəalları ümumilikdə 40 il azadlıqdan məhrum edib.
Adı çəkilən fəallar "milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq və ona rəhbərlik etmək" və "milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıblar.
Eyni halda Tehranın Evin həbsxanası və bəzi başqa cəzaçəkmə müəssisələrində saxlanılan Tahir Nəqəvi, Mürtəza Pərvin Coda, Vədud Əsədi, Ayaz Seyfxah, Kərəm Mərdanə, Araz Amani, Salar Tahir Əfşar, Fatimə Atəşi Xiyavi, Baqir Hacızadə, Hüseyn Piri, Əziz Əzimi, Əli Babayi, Əhəd Fərəhmənd, Yürüş Mehrəlibəyli və başqa bir neçə fəalda müxtəlif ittihamlara görə bir neçə illik həbs cəzasına məhkum ediliblər.
Bu, hazırda 1 aydan çoxdur Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan Əli Vasiqi, Əsgər Əkbərzadə və Siyamək Mirzayinin də ağır ittihamlarla uzun illik həbs cəzalarına məhkum ediləcəkləri barədə narahatlıqları artırıb.
İnsan haqları təşkilatları və fəalları İran hökumətinin azərbaycanlı milli-mədəni fəallara qarşı görünməmiş səviyyəə hücuma keçdiyinə diqqət çəkərək, bunun davamında bəzi fəalların aradan götürülməsi, öldürülməsi ehtimalının da az olmadığı barədə xəbərdarlıq edirlər.
Onların fikrincə, bundan əvvəlki təcrübələrə əsasən Tehran hökuməti, xüsusən Kəşfiyyat Nazirliyi uzun illərdir həbs cəzaları ilə susdura bilmədiyi təsirli fəalların həyatına qəsd etməklə bu məsələdən yaxa qutarmağı planlaşdırması mümkündür.
Həbsdə olan və müxtəlif xəstəliklərdən əziyyət çəkən bəzi milli-siyasi məhbusların müayinə və müalicəsinə icazə verilməməsi, sui-qəsdin ilkin nümunələri kimi də dəyərləndirilə bilər.
Bütün bunlara görə də, insan haqları təşkilatları və hüquq müdafiəçiləri adı çəkilən milli-mədəni məhbusların həyatına görə Tehran hökumətinin, İran Məhkəmə Sisteminin və Kəşfiyyat Nazirliyinin məsuliyyət daşıdığını bildirir, baş verəcək istənilən ölüm halına görə onların cavabdehliyə cəlb edilmələri üçün BMT və beynəlxalq insan haqları təşkilatlarını məsələni diqqətdə saxlamağa çağırırlar.
GünAzTV