SON XƏBƏRLƏR

İranda elektrik bahalaşdı; 300 min tümənlik hesab 1 milyona çatdı

2026.08.05, 21:29
İranda elektrik bahalaşdı; 300 min tümənlik hesab 1 milyona çatdı

Gunaz.tv

İranda yayılan məlumatlara görə, tir ayında (İran təqviminin dördüncü ayı) ev təsərrüfatlarının elektrik enerjisi xərci əvvəlki ayla müqayisədə üç-dörd dəfə artıb. Güclü istilər və ağır iqtisadi vəziyyət fonunda baş verən bu artım çoxsaylı vətəndaşın narazılığına səbəb olub.

Gunaz TV xəbər verir ki, İran mediasının məlumatına görə, xordad ayında (İran təqviminin üçüncü ayı) təxminən 300 min tümən elektrik haqqı ödəyən ailələr tir ayında (İran təqviminin dördüncü ayı) 800 min ilə 1 milyon tümən arasında hesab-fakturalarla üzləşiblər.

Bununla bağlı açıqlama verən İranın elektrik sənayesi üzrə sözçüsü Mustafa Rəcəbi Məşhədi tariflərin qəfil artırıldığını təkzib edərək deyib: “Tariflərdə qəfil artım baş verməyib və yüksək məbləğli hesabların əsas səbəbi abonentlərin müəyyən edilmiş istehlak normasını aşmasıdır.”

O izah edib ki, “istehlak norması” hər bölgədə abonentlərin 75 faizinin orta istehlakı əsasında müəyyən edilir. Bu normadan az elektrik işlədən abonentlər dövlət subsidiyasından yararlanır və qənaətli istehlaka görə mükafat da alırlar.

İranın elektrik sənayesi üzrə sözçüsü əlavə edib ki, adi bölgələrdə yay aylarında şəhrivər ayının sonunadək (İran təqviminin altıncı ayı) aylıq istehlak norması 300 kilovat-saat müəyyən edilib. Halbuki bu göstərici ordibeheşt ayında (İran təqviminin ikinci ayı) 200 kilovat-saat idi.

Elektrik xərclərinin kəskin artması İranın bir çox bölgəsində havaların həddindən artıq isti keçdiyi, eyni zamanda yüksək inflyasiya və müharibənin iqtisadi nəticələri səbəbindən əhalinin ərzaq və xidmət qiymətlərində ciddi bahalaşma ilə üzləşdiyi bir dövrdə baş verir.


GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar