SON XƏBƏRLƏR

Küveytdən İrana qarşı yeni addım; İran məktəbi bağlandı

2026.08.06, 17:29
Küveytdən İrana qarşı yeni addım; İran məktəbi bağlandı

Dubaydan sonra növbə Küveytə çatdı!

Gunaz.tv

Küveyt İran məktəblərindən birinin fəaliyyət lisenziyasını ləğv edərək bu təhsil müəssisəsinin bağlanmasına göstəriş verib. Küveyt rəsmiləri qərarın “ictimai maraqlar” çərçivəsində qəbul edildiyini bildiriblər.

Gunaz TV xəbər verir ki, Küveytin dövlət xəbər agentliyi KUNA-nın məlumatına görə, təhsil naziri Seyid Cəlal Təbatəbai cümə axşamı İran məktəblərindən birinin fəaliyyət lisenziyasını ləğv edib və aidiyyəti qurumlara bağlanma prosesinin başlanması barədə göstəriş verib.

Məlumata əsasən, Küveyt Təhsil Nazirliyi bu qərarın məktəbin rəsmi qeydiyyatının da ləğvini əhatə etdiyini bildirib. Özəl Təhsil Baş İdarəsinə isə bağlanma prosedurlarının həyata keçirilməsi tapşırılıb.

Nazirlik məktəbə 2026–2027-ci tədris ili üçün yeni şagird qəbulu prosesini dərhal dayandırmağı əmr edib. Valideynlərdən isə övladlarını digər məktəblərə köçürmələri istənilib.

Küveyt rəsmiləri qərarın səbəbləri barədə ətraflı məlumat verməyərək yalnız bunun “ictimai maraqlar” naminə qəbul edildiyini bildiriblər.

Bundan əvvəl İranın Küveytdəki səfirliyi bu ölkədəki İran məktəbləri kompleksində ibtidai, orta və lisey səviyyələrində təhsil alan təxminən 1600 şagirdin, həmçinin 150 ezam olunmuş və yerli müəllimin fəaliyyət göstərdiyini və bu kompleksin İranın xaricdəki ən böyük təhsil müəssisələrindən biri olduğunu açıqlamışdı.

Ötən ay İranın Küveytdə elektrik stansiyaları və duzsuzlaşdırma obyektlərinə hücumlarından sonra ölkə rəsmiləri enerji çatışmazlığının qarşısını almaq üçün əhalini elektrik enerjisinə qənaət etməyə çağırmışdılar.

Bundan əvvəl isə Birləşmiş Ərəb Əmirlikləri mart ayında Dubayda İran hökuməti ilə əlaqəli xəstəxana və məktəblərin bağlanmasına göstəriş vermişdi. Məlumatlara görə, həmin qurumlardan bəziləri birbaşa İran hökuməti və SEPAH ilə əlaqəli olub.

 


GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar