Balamın Adı kampaniyasının məlumatına görə, jurnalist və vətəndaş fəalı İbrahim Rəşidi (Savalan) bildirib.
İbrahim Savalan öz İnstaqram səhifəsində yazıb:
“Şərqi Azərbaycan əyalətinin Əhali Qeydiyyatı İdarəsinin yüksək vəzifəli rəsmilərindən biri ölkənin əhali qeydiyyatı sisteminə baxaraq dedi ki, indiyədək ‘Əlihan’ adı ilə təxminən 500 doğum haqqında şəhadətnamə verilib, lakin bu ad hələ də idarənin icazə verilən adlar siyahısına daxil edilməyib. Ondan soruşdum ki, bəs bu insanlar necə doğum haqqında şəhadətnamə almağa nail olublar? Dedi ki, Əhali Qeydiyyatı İdarəsi etiraz etdikdən sonra valideynlər məhkəməyə müraciət edib idarədən şikayət ediblər və məhkəmə onların xeyrinə qərar çıxarıb. Onlar da məhkəmə qərarı əsasında ‘Əlihan’ adı ilə doğum haqqında şəhadətnamə ala biliblər.”
“Təsəvvür edin ki, təxminən 500 ailə həyatlarının ən mühüm məqamlarından birində – övladlarının doğulduğu vaxt – bütün bu problemlərin içində işini-gücünü qoyub məhkəmələrə düşüb, aylarla davam edən mübarizədən, vəkil və məhkəmə xərclərindən sonra nəhayət məhkəmə qərarı ilə doğum haqqında şəhadətnamə almağa nail olub. Buna baxmayaraq, Əhali Qeydiyyatı İdarəsi hələ də bu adı icazəli hesab etmir. Bu sənədi xalqın hüquqlarını müdafiə etdiyini iddia edib heç bir addım atmayan və İranda türklərə qarşı mövcud milli ayrı-seçkiliyi ümumiyyətlə qəbul etməyən hər kəsin üzünə vurmaq lazımdır.” - o əlavə edib.
Daha əvvəl də qeyd etmişdik ki, Əhali Qeydiyyatı İdarəsinin türk adlarına qarşı istifadə etdiyi üsullardan biri məhkəmə həmin adların qeydiyyata alınmasına qərar verdikdən sonra belə onları “qadağan olunmuş adlar siyahısı”ndan çıxarmamasıdır. Nəticədə başqa bir ailə həmin adı övladına vermək üçün müraciət etdikdə, məsul şəxslər “istənilən ad sistemdə mövcud deyil” arqumentini əsas gətirərək doğum haqqında şəhadətnamə verməkdən imtina edirlər. Beləliklə, valideynlər əvvəlki ailələrin keçdiyi eyni çətin və bahalı məhkəmə yolunu yenidən keçməyə məcbur olurlar.
Ş.A