SON XƏBƏRLƏR

İran Kəşfiyyat Nazirliyi “Termit” adlı layihə barədə məlumat verdi

2026.08.15, 14:40
İran Kəşfiyyat Nazirliyi “Termit” adlı layihə barədə məlumat verdi

İran Kəşfiyyat Nazirliyi Fransanı İranda “xarici nüfuz və müdaxilə” layihəsi həyata keçirməkdə ittiham edib.

Gunaz.tv

Nazirlik şənbə günü bildirib ki, fransalı diplomatların “qanunsuz müdaxilə xarakterli davranışları” təkrarlanacağı təqdirdə, buna səbəb olan şəxslərlə bağlı tədbir görüləcək.

Bu ittiham Tehranda iki fransalı diplomatın bir neçə saat müddətinə saxlanılaraq dindirilməsindən sonra irəli sürülüb. Fransa bu addımı diplomatik toxunulmazlığın pozulması kimi qiymətləndirib və diplomatlarından birinin döyüldüyünü bildirib. İran rəsmiləri isə bu iddianı rədd edib.

İran Kəşfiyyat Nazirliyi iddia edib ki, hadisə yerindən aşkarlanan sənədlərin araşdırılması “Termit” adlı layihənin mövcudluğunu göstərir. Nazirliyin iddiasına görə, layihənin məqsədi şəxslərin müəyyənləşdirilməsi, “gizli əlaqələrin qurulması və İran daxilində və xaricində şəbəkə yaradılması” olub. Nazirlik həmçinin layihə ilə bağlı müqavilələrdə Fransanın İrandakı keçmiş səfirinin imzasının olduğunu iddia edib. Lakin bu iddianı təsdiqləyən hər hansı sənəd ictimaiyyətə təqdim edilməyib.

Fransa İranın daxili işlərinə müdaxilə ittihamını rədd edib və diplomatların fəaliyyətinin, o cümlədən İran vətəndaş cəmiyyəti ilə əlaqələrin onların vəzifələri çərçivəsində olduğunu bildirib. Avropa İttifaqı da diplomatların saxlanılmasını Vyana konvensiyalarına zidd hesab edib.

İran Kəşfiyyat Nazirliyi araşdırmaların davam etdiyini və gələcəkdə əlavə məlumatların açıqlanacağını bildirib.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar