SON XƏBƏRLƏR

Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?

2026.08.22, 11:48
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?

Təbrizin imam-cüməsi Əhməd Mütəhəri “Koroğlu” tamaşasının rejissoru Yəqub Sədiq-Cəmalıya qarşı sərt və hədələyici çıxışından bir həftə sonra bu dəfə daha yumşaq tonda danışaraq məsələnin başa çatdığını və mübahisəni davam etdirmək niyyətində olmadığını bildirib.

Gunaz.tv

Mütəhəri avqustun 21-də Təbrizdə cümə namazı xütbəsində Sədiq-Cəmalının adını çəkmədən bildirib ki, onun fikrincə, sənətçinin çıxışında “qırmızı xətlərdən” birinə qarşı hörmətsizlik edilib. Lakin o əlavə edib: “Bu şəxs öz açıqlamalarını düzəltdi və məsələ də həll olundu. Buna görə də bu məsələni davam etdirmək niyyətində deyilik.” O həmçinin bildirib ki, söhbət İmam Rzadan getməsəydi, bu məsələyə qarışmazdı.

Bu mövqe Təbriz imam-cüməsinin ötən həftəki çıxışından nəzərəçarpacaq dərəcədə fərqlənir.

Bu geri addım Təbriz imam-cüməsinin “Koroğlu” tamaşasının rejissoruna qarşı hədələyici açıqlamalarından sonra əhali arasında geniş tənqid dalğasının yaranmasından sonra gəlib.

Mübahisə Sədiq-Cəmalının “Koroğlu” tamaşasının mətbuat konfransında Babək Xürrəmdin və İmam Rzanın Abbasi xəlifələrinə qarşı müqavimətinə toxunmasından sonra başlamışdı. O, sual etmişdi ki, İmam Rzanın Abbasilərə qarşı mübarizəsi niyə legitim hesab olunur, Babəkin müqaviməti isə “islamofobiya” kimi qiymətləndirilir?

Onun açıqlamaları, Təbriz imam-cüməsinin sərt reaksiyası və rejissora geniş ictimai dəstək sosial mediada və Azərbaycan mədəniyyət çevrələrində geniş müzakirə və reaksiyalara səbəb olmuşdu.

 

Ş.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar