SON XƏBƏRLƏR

İran hökumətinə yaxın simadan hücum; “Təbriz də Bakı kimi fəsad mərkəzinə çevriləcəkmi?”

2026.09.04, 11:37
İran hökumətinə yaxın simadan hücum; “Təbriz də Bakı kimi fəsad mərkəzinə çevriləcəkmi?”

İran hökumətinə yaxın simadan Təbriz qadınlarına və mədəniyyətinə hücum; “Qara balıq” da bəhanə oldu.

Gunaz.tv

İran hakimiyyətinin rəsmi ideoloji xəttinə yaxın bir sima Təbrizdə keçirilən mədəni tədbirləri “fəsad” kimi təqdim edib.

Ehsan Movahedian, universitet müəllimi və siyasi fəal, X sosial şəbəkəsində paylaşdığı yazıda Təbrizdə keçirilən mədəni tədbirləri hədəf alaraq bu şəhəri Bakı və Antalya ilə müqayisə edib və Təbrizin “fəsad mərkəzinə” çevrilməsi istiqamətində getdiyini iddia edib.

O, həmçinin Səməd Behrənginin “Qara balıq” əsəri əsasında hazırlanan tamaşanı “silahlı mübarizə” ilə əlaqələndirib. Halbuki Təbrizdə nümayiş etdirilən “Qara balıq” tamaşası Səməd Behrənginin əsəri əsasında hazırlanıb, Yəqub Səddiq-Cəmali tərəfindən səhnələşdirilib və türk dilində təqdim olunur. Tamaşanın əsas mövzuları səyahət, cəsarət, sual vermək və qorxudan azad olmaqdır.

Movahedian Təbrizdə moda, geyim və musiqi festivallarının keçirilməsini isə şəhərin mədəniyyətinin “hicab və iffətdən” açıq-saçıq geyimə, rəqsə və dünyəvi mədəniyyətə doğru dəyişməsinin göstəricisi kimi təqdim edib.

O, moda və geyim festivalında iştirak edən qadınları “xüsusi qadınlar” adlandırıb, musiqi və rəqs proqramlarını isə “rəqs və çalğı” kimi alçaldıcı ifadələrlə təqdim edib.

Bu ifadələr sadəcə bir mədəni tədbirə tənqid deyil, Təbrizdə qadınların ictimai iştirakının, incəsənətin və yerli mədəni həyatın aşağılanmasıdır. İdeoloji çərçivədən kənarda qalan hər bir mədəni və sosial ifadənin “fəsad” kimi damğalanması Təbrizin və Güney Azərbaycanın zəngin mədəni kimliyinə qarşı ayrı-seçkilikçi yanaşmanı göstərir.

Təbriz Azərbaycanın ən mühüm tarixi və mədəni mərkəzlərindən biridir. Ana dili, Azərbaycan ədəbiyyatı, musiqisi və incəsənəti bu şəhərin ayrılmaz kimliyinin əsas hissəsidir. Səməd Behrəngi də Təbrizdə doğulmuş və Azərbaycan ədəbiyyatının tanınmış simalarından biridir.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar