SON XƏBƏRLƏR

Husilər Məkkəni hədəfə aldı

2026.09.16, 11:09
Husilər Məkkəni hədəfə aldı

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyası Hava Hücumundan Müdafiə Qüvvələrinin Məkkənin hava məkanına daxil olmağa çalışan pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini açıqlayıb.

Gunaz.tv

koalisiya qüvvələrinin bəyanatına əsasən, Yəməndəki husilərin Məkkəni hədəf alan PUA hücumunun qarşısı uğurla alınıb.

Ərəb Koalisiyasının sözçüsü, general-mayor Turki əl-Maliki "X" sosial media platformasındakı hesabında açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, dünən saat 18:50 radələrində husilər tərəfindən buraxılan PUA Məkkədəki qadağan olunmuş hava məkanına daxil olmadan öncə aşkar edilib.

Əl-Maliki sözügedən PUA-nın Məkkə şəhərinin cənubunda vurularaq məhv edildiyini diqqətə çatdırıb.

General-mayor Maliki bəyanatında bildirib: "Bu terrorçu cəhd 27 iyul 2017-ci ildə gerçəkləşdirilən ballistik raket hücumundan sonra Məkkə Əl-Mükərriməni hədəf almağa yönəlmiş ikinci cəhddir. Vəhyin nazil olduğu, risalət diyarı və dünyanın dörd bir yanından gələn milyonlarla müsəlmanın sevimli torpağını hədəf almaq utancverici bir əməldir. Milyonlarla müsəlmanın hisslərini qəsdən təhrik etməyə hesablanmış bu addım terrorçu husilərin qara siyahısında növbəti utanc ləkəsi kimi qalacaqdır".

Həcc və ümrə zəvvarlarının təhlükəsizliyinin "qırmızı xətt" olduğunu vurğulayan Əl-Maliki, Koalisiya Qüvvələri Komandanlığının bu cür düşmənçilik əməllərinə qarşı bütün çəkindirici tədbirləri görməkdə tərəddüd etməyəcəyini ifadə edib.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar