SON XƏBƏRLƏR

Abbas Lisaninin xəstəxanaya göndərilməsinə icazə verilmir; həbsdə müalicəsiz saxlanılır

2026.10.15, 23:43
Abbas Lisaninin xəstəxanaya göndərilməsinə icazə verilmir; həbsdə müalicəsiz saxlanılır

Gunaz.tv

Güney Azərbaycan milli hərəkatının həbsdə olan fəalı Abbas Lisaninin həbsinin 12-ci ayı başlayıb. Yaxınlarının məlumatına görə, Evin həbsxanasının nəzarətçi prokurorunun müavini onun onurğa sütununun MRT müayinəsi və ixtisaslaşmış tibbi müayinə üçün xəstəxanaya göndərilməsinə qarşı çıxıb.

Həbsxana həkiminin nevroloq müayinəsinə göndəriş verməsinə baxmayaraq, Lisaninin ixtisaslaşmış tibbi yardıma çıxışının olmadığı bildirilir. Həmçinin ona təyin olunan dərman və əlavələrin verilməsində, eləcə də qan təzyiqi dərmanlarının müntəzəm təminatında problemlər yarandığı qeyd olunur.

Uzun illərdir bel yırtığından əziyyət çəkən Lisaninin dərman və tibbi xidmətlərdən məhrum qalması səhhəti ilə bağlı narahatlıqları artırır.

Abbas Lisani və Yusif Kari hazırda Evin həbsxanasının 7-ci bölməsinin 6-cı salonunda saxlanılır və müvəqqəti azadlığa buraxılmaq imkanından məhrum olduqları bildirilir.

Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Bəhram Dəşti 2025-ci il noyabrın 11-də həbs ediliblər. Məlumata görə, bu dörd fəal ümumilikdə 40 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar