SON XƏBƏRLƏR

Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!

2026.10.18, 08:00
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!

Gunaz.tv

GunAz TV-nin məlumatına görə, Ərəb körfəzində iPhone 18 partiyası daşıyan yük gəmisinin batmasından sonra sudan çıxarılan malların hüquqi taleyi İran mediasının diqqət mərkəzinə düşüb.

“Təsnim” xəbər agentliyi Gömrük Məcəlləsinə istinadən bildirib ki, bu malları sudan çıxaran şəxslər onları yalnız sudan çıxardıqlarına görə öz mülkləri hesab edə bilməzlər.

İranın gömrük qanunvericiliyinə əsasən, ölkənin ərazi və sərhəd sularından yerli və ya xarici malları çıxaran şəxslər həmin malları ən yaxın gömrük idarəsinə təhvil verməlidirlər. Qanuna görə, bir il ərzində malların sahibi onları tələb etməzsə, həmin mallar sahibsiz hesab olunur.

Belə hallarda malların satışı “Vəli-fəqih” (İranın ali dini lideri) tərəfindən səlahiyyət verilmiş qurum vasitəsilə həyata keçirilməlidir.

Ötən həftə Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazından keçərkən naməlum mərmi ilə vurularaq batıb. Xəbəri yayan mənbələrin bildirdiyinə görə, gəminin bütün heyəti təhlükəsiz şəkildə təxliyə edilib, lakin yükü suda qalıb.

Hadisədən sonra İranın cənubunda yaşayan bir qrup insan motorlu qayıqlarla gəminin batdığı əraziyə gedərək yükün bir hissəsini sudan çıxarıb. Təxminən 5 min konteyner daşıyan gəmidə Dubaydan göndərilən lüks ətirlər və iPhone telefonları olub.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar