SON XƏBƏRLƏR

“Urmiyə əhalisinin təxminən 50 faizi şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır”

2021.10.20, 07:36
“Urmiyə əhalisinin təxminən 50 faizi şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur təmsil etdiyi şəhərin həndəvərində yaşanan problemlərdən danışıb.

 

O bu barədə oktyabrın 16-da “İsna” xəbər agentliyinin müxbiri ilə söhbət edib.

 

“Urmiyə əhalisinin təxminən 50 faizi yoxsulluq və maddi imkansızlıq ucbatından şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşıb. Bu məsələ Urmiyənin əsas problemlərindən biridir. Hesab eliyirəm ki, bu məntəqələrdə yaşayan əhalinin içməli su, ictimai-mədəni məsələləri və səhiyyə problemləri mütləq öz həllini tapmalıdır”- deyə millət vəkili qeyd edib.

 

Nadir Qazipur sözlərinin davamında ətraf bölgələrdən Urmiyə şəhərinə edilən köçlərə də işarə edib. “Son illərdə Urmiyə şəhərinə mühacirət edənlərin sayı sürətlə artıb. Bu məsələ şəhər həndəvərində məskunlaşmaq kimi bir çox problemə yol açıb. Qeyri-rəsmi yaşayış məntəqələrində əsas problem işsizlik məsələsidir, dövlət bu məntəqələrə daha çox büdcə vəsaiti ayırıb və yeni imkanlar yaratmalıdır”- deyə o vurğulayıb.

 

Ötən aylarda Qərbi Azərbaycan Valiliyinin İctimai-Mədəni Şöbəsinin rəisi də təsmil etdiyi əyalətin şəhərlərində 600 min nəfərin şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşdığını bildirmişdir. O bu problemin yoxsulluq, əyalət şəhərləri arasında büdcə vəsaitinin qeyri-bərabər şəkildə paylanılması və ictimai qeyri-bərabərlikdən irəli gəldiyini vurğulamışdır.

 

Ekspertlərin fikrinə görə, şəhər həndəvərində qeyri-rəsmi şəkildə yaşamaq yoxsulluq və mühacirət amilləri ilə bağlıdır. Belə məntəqələrdə əhalinin gəlir və nəticə etibarı ilə savad səviyyəsi aşağı olur, ona görə də insanların bir çoxu müxtəlif qanunsuz işlərlə məşğul olur. Azyaşlı uşaqlar işə cəlb olunur və müxtəlif cinayətlər baş verir. Bir sözlə desək şəhər həndəvərindəki yaşayış məntəqələrində ictimai, iqtisadi və mədəni baxımdan bir çox problem yaşanır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar