SON XƏBƏRLƏR

The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır

2026.08.09, 09:33
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır

The Jerusalem Post qəzetində dərc olunan rəy məqaləsində İranda rejim dəyişikliyinə nail olmaq üçün ölkənin əsas etnik icmalarının bir araya gətirilməsinin vacibliyi vurğulanır. Müəllif hesab edir ki, proses yalnız bir müxalifət qrupu üzərində qurulmamalıdır.

Gunaz.tv

Bu məqalədə qeyd olunur ki, son günlərdə ABŞ prezidenti Donald Tramp nəhayət İran rejimi ilə razılaşmanın mümkün olmadığını dərk edib. Bir sözlə, “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirən, terrorçu qruplar yaradan, azad dünyada müxtəlif yerlərdə terror aktları həyata keçirən, öz xalqından minlərlə insanı qətlə yetirən və daha böyük qırğınlar törətmək üçün nüvə silahı əldə etməyə çalışan bir rejimlə razılaşmaq mümkün deyil. Bu reallığı nəzərə alaraq, masada qalmalı olan yeganə seçim rejim dəyişikliyidir.

Bununla belə, İran rejimində dəyişikliyə nail olmağın ən yaxşı yolunun nə olduğunu düşünmək lazımdır.
İranda mənalı bir dəyişiklik yaratmaq üçün bu ölkənin demoqrafik (əhalinin tərkibi) reallığını nəzərə almaq lazımdır. Biz başa düşməliyik ki, ölkə əhalisinin əksəriyyətini təşkil edən vahid milli-etnik qrup mövcud deyil. Bu isə o deməkdir ki, heç bir milli-etnik qrup təkbaşına İranda rejim dəyişikliyi üçün vahid cəbhəyə rəhbərlik etmək yükünü öz üzərinə götürə bilməz. Bunu nəzərə alaraq, uğurlu rejim dəyişikliyinə nail olmağın yeganə yolu azərbaycanlılar, farslar, Əhvaz ərəbləri, bəluclar, türkmənlər, kürdlər, lorlar və digər qruplar da daxil olmaqla, bütün milli-etnik qruplardan ibarət vahid cəbhə yaratmaqdır.
Bu açıq aşkar seçim bir neçə onillikdir ki, İran daxilində məlum və qəbul edilmiş bir reallıq olduğu halda, nə üçün indiyədək həyata keçirilməyib?

Hamı başa düşməlidir ki, İranda hakimiyyətlər, ideologiyalarından asılı olmayaraq, elə bir sistem quruluşundan istifadə ediblər ki, bu quruluş yalnız fars millətçiliyinə / ari ideologiyasına xidmət edir. Hətta qeyri-fars olan Məsud Pezeşkian prezident seçilsə belə, o, bu sistemi islah etmək və qeyri-farslara ən elementar etnik hüquqları vermək iqtidarında deyil.
Məsələn, ötən il Prezident Pezeşkian parlamentdən qeyri-fars əhali qruplarına həftədə iki saat öz milli-etnik dillərində dərs keçirilməsinə icazə verən qanun qəbul etməsini istədi. Lakin Pezeşkianın öz müavini parlamentdə bunun əleyhinə çıxdı və bütün hökumət, eləcə də bütün hakimiyyət strukturları bu addımın İranda separatçı hərəkatın başlanğıcı olduğunu iddia edərək buna qarşı səfərbər oldular. Nəticədə Pezeşkian özü də geri addım atdı.

Ölkədə fars irqçiləri, media, akademik dairələr, iqtisadiyyat və digər sahələr də daxil olmaqla hər şeyə nəzarət edən, həmçinin ölkə xaricindəki müxalifət arasında da böyük nüfuza malik olan fars millətçiləri əllərində olanları digər milli-etnik qruplarla bölüşmək istəmirlər. Hakimiyyət üzərində nəzarəti qoruyub saxlamaq üçün onlar daxili parçalanmaları təşviq etməyə əl atıblar.
Məsələn, azərbaycanlıların qonşu kürdlərinin ərazi iddiaları ilə bağlı real narahatlıqları var. Lorlar kürd deyil, lor kimi tanınmaq istəyirlər. Ərəblərin də azərbaycanlılarla oxşar narahatlıqları var: onlar kürdlərin Ərəbistanın şimal hissəsinə — Əhvaz (Xuzistan vilayəti) kimi tanınan bölgəyə — ərazi iddiası irəli sürdüklərindən narahatdırlar. Bəlucların və türkmənlərin də digər milli-etnik qruplar kimi, farsların öz bölgələrinə miqrasiyası ilə bağlı oxşar problemləri var.

Bəs çıxış yolu nədir? Görünür, fars millətçiləri İranda farsların ilkin dominantlığından başqa heç bir şeyə razı olmayacaqlar. Bu vəziyyət digər milli-etnik qrupları fikir ayrılıqlarını aradan qaldırmağa və vahid cəbhə yaratmağa məcbur edir.
Dünya bilməlidir ki, farslar İran əhalisinin qırx faizindən azını təşkil edirlər. Bu isə o deməkdir ki, ölkə əhalisinin əksəriyyətini qeyri-farslar təşkil edir. Buna görə də onların fikir ayrılıqları həll edilməlidir ki, birləşə və vahid cəbhə yarada bilsinlər.
Lakin bu məqsədə çatmaq çətindir. Halbuki əvvəllər də milli-etnik qruplar arasında bu istiqamətdə cəhdlər olub, lakin uğurla nəticələnməyib. Görünür, İran rejimində dəyişiklikdə maraqlı olan ABŞ və ya İsrail kimi ölkələr bütün milli-etnik qruplarla dialoq aparmalı, onların bir-birinə yaxınlaşmasına kömək etməli və onları ən azı indiki şəraitdə fikir ayrılıqlarını bir kənara qoymağa təşviq etməlidirlər.

Bəs həll yolu nədir? Görünür, fars millətçiləri İranda farsların ilkin dominantlığından başqa heç bir şeyə razı olmayacaqlar. Bu vəziyyət digər milli-etnik qrupları fikir ayrılıqlarını aradan qaldırmağa və vahid cəbhə yaratmağa məcbur edir.
Dünya bilməlidir ki, farslar İran əhalisinin qırx faizindən azını təşkil edirlər. Bu isə o deməkdir ki, ölkə əhalisinin əksəriyyətini qeyri-farslar təşkil edir. Buna görə də onların fikir ayrılıqları, ixtilafları həll edilməlidir ki, birləşə və vahid cəbhə yarada bilsinlər.
Lakin bu məqsədə çatmaq çətindir. Halbuki əvvəllər də milli-etnik qruplar arasında bu istiqamətdə cəhdlər olub, lakin uğurla nəticələnməyib. Görünür, İran rejimində dəyişiklikdə maraqlı olan ABŞ və ya İsrail kimi ölkələr bütün milli-etnik qruplarla dialoq aparmalı, onların bir-birinə yaxınlaşmasına kömək etməli və onları ən azı indiki şəraitdə fikir ayrılıqlarını bir kənara qoymağa təşviq etməlidirlər.

İran hökumətləri əyalət sərhədlərini yenidən müəyyənləşdirərkən bunu belə bir niyyətlə ediblər: onlar bilirdilər ki, gələcəkdə hər hansı etnik hərəkat yaranarsa, etnik sərhədlərlə bağlı problemləri ön plana çıxaracaq. Məsələn, Azərbaycan ərazilərinin bəzi hissələri hər ikisində kürdlərin çoxluq təşkil etdiyi Kermanşah və Kürdüstan əyalətlərinin tərkibinə daxil edilib. Eyni zamanda, hakimiyyət Əhvazda demoqrafik tarazlığı dəyişdirmək və ərəblərin çoxluq təşkil etməsinin qarşısını almaq məqsədilə qeyri-ərəb əhalinin bu bölgəyə köçünü təşviq edib. Buna bənzər şəkildə, hakimiyyət Türkiyə ilə Güney Azərbaycan arasında kiçik bir kürd yaşayış bölgəsi yaratmaq məqsədilə kürdlərin Qərbi Azərbaycan əyalətinə köçünü təşviq edib. İran hökuməti bu addımları atmaqla milli-etnik qruplar arasında parçalanma yaratmaqda uğur qazanıb.

Lakin biz belə bir rasional düşüncəyə və şüura gəlməliyik ki, yalnız müəyyən bir etnik qrupun həmin əyalətlərdə yaşamasına görə başqalarının etnik ərazilərinə sahiblik iddiası irəli sürə bilmərik və irəli sürməməliyik.
Görünür, kürdlərlə azərbaycanlılar arasındakı ən böyük problem də məhz budur. Bir tərəfdən, biz azərbaycanlıların kürdlərin yaşadığı və Azərbaycan əyalətləri ilə həmsərhəd olan əyalətlərdə öz ərazilərimizin və əhalimizin müəyyən hissəsi var; digər tərəfdən isə Qərbi Azərbaycan əyalətində Kürdüstanla həmsərhəd ərazilərdə kürd əhalisi yaşayır.
Ən yaxşı həll yolu mövcud əyalət sərhədlərini olduğu kimi saxlamaq və İranda rejim dəyişikliyindən sonra həmin əyalətlərdə əhalinin narazılıqları və şikayətləri ilə bağlı məsələləri həll etməkdir.

Biz azərbaycanlılar olaraq hesab edirik ki, Kürdüstan daxilindəki Azərbaycan əraziləri və Qərbi Azərbaycan daxilindəki kürd əhalisi məsələsi hər iki bölgəyə etnik hüquqların verilməsi yolu ilə asanlıqla həll edilə bilər. Buraya ana dilində təhsil almaq, yerli idarəetmədə iştirak etmək və öz nümayəndələrinin olması kimi hüquqlar daxildir.
Biz bir-birimizin yanında sülh və əmin-amanlıq içində yaşaya bilərik. Bunun üçün başa düşmək lazımdır ki, kürdlərlə azərbaycanlılar arasında daxili qarşıdurmalar yalnız İrandakı mərkəzi hakimiyyətin və fars millətçilərinin xeyrinədir.

Eyni formul ərəblər, kürdlər, lorlar, bəluclar və türkmənlərlə bağlı məsələlərə də tətbiq edilə bilər. Bu problemi həll etmək üçün ABŞ və İsrail kimi Qərb ölkələrinin prosesə müdaxilə etməsinə və bu fikir ayrılıqlarının aradan qaldırılmasına kömək etməsinə ehtiyacımız var. Yalnız bir və ya iki milli-etnik qrupla əlaqə qurmaq və qalanlarını nəzərə almamaq heç vaxt həll yolu olmayacaq.

Biz azərbaycanlılar, İranda 30 milyondan çox insanla ən böyük etnik qrup olaraq, kürd qonşularımızdan ərazi iddialarına yenidən nəzər salmalarını və əməkdaşlıq mühitinin yaradılmasına kömək etmələrini xahiş edirik. Elə bir mühit yaratmalıyıq ki, dünya sülhünü və regional sabitliyi təhdid edən dağıdıcı, millətçi, teokratik (dinəsaslı) və islamçı fars hakimiyyətini aradan qaldıra bilək. Rejim dəyişikliyinə nail olmaq üçün çiyin-çiyinə mübarizə aparmalıyıq ki, İran federal, qeyri-mərkəzləşdirilmiş, dünyəvi və azad demokratiyaya çevrilsin. Elə bir ölkə olsun ki, insanlar öz ana dillərində təhsil almaq hüququna malik olsunlar, bütün azlıqların hüquqları, qadın hüquqları, cinsi və gender müxtəlifliyinin (LGBT) hüquqları və digər fundamental insan hüquqları qorunsun. Eyni zamanda, əgər hər hansı milli-etnik qrup ayrılmaq istəyərsə, həmin etnik bölgədə BMT-nin nəzarəti altında referendum keçirildikdən sonra bunu edə bilər. Müstəqillik üçün səs vermək fundamental insan hüququdur; bu hüquq Böyük Britaniya və Kanada kimi Qərb ölkələrində də həyata keçirilir.

Lakin bütün bunlar yalnız uğurlu rejim dəyişikliyindən sonra həyata keçirilməlidir. Bu mühüm məqamı yadda saxlamaq vacibdir: rejim dəyişikliyi hər kəsə daha yaxşı dünyada yaşamaq imkanı verəcək və hazırda əsas prioritet məhz bu olmalıdır.

Müəllif Güney Azərbaycanlı dissident jurnalist və GünAz TV-nin rəhbəri Əhməd Obalı
Məqalənin orjinal keçidi: https://www.jpost.com/opinion/article-902911

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar