SON XƏBƏRLƏR

İranda bir qadın mahnı oxuduğuna görə şallaqlandı

2026.11.23, 17:29
İranda bir qadın mahnı oxuduğuna görə şallaqlandı

Gunaz.tv

Müğənni Pərəstu Əhmədi və onun ifa heyətinin dörd üzvü barəsində çıxarılan 74 şallaq zərbəsi hökmü Qum şəhərində icra edilib. Bu cəza İranda qadınların bədii fəaliyyətinə görə məhkəmə təqibləri ilə üzləşməsini yenidən gündəmə gətirib.

Vəkil Mustafa Nili noyabrın 23-də bildirib ki, hökm qüvvəyə mindikdən və iş icra şöbəsinə göndərildikdən sonra Pərəstu Əhmədi, Süheyl Fəqih-Nəsiri, Əmin Tahiri, Əmirəli Pərniya və Möhsün Ləşkəri Qum prokurorluğuna çağırılıb və onların hər birinə 74 şallaq zərbəsi vurulub.

İş Pərəstu Əhmədinin Qumda yerləşən tarixi Deyr-Qəçin karvansarasında canlı ifasına aiddir. Həmin ifanın videosu 2024-cü il dekabrın 11-də müğənninin YouTube kanalında yayımlanmışdı. Videonun yayılmasından sonra İranın məhkəmə orqanları Əhmədi və proqramın təşkilatçıları barəsində cinayət işi açmışdı.

Qum şəhərinin İkinci Cinayət Məhkəməsinin 122-ci şöbəsi beş nəfəri “virtual məkanda nalayiq və əxlaqa zidd məzmun istehsal edib yaymaqla ictimai iffəti zədələmək” ittihamı ilə 74 şallaq zərbəsi, iki il müddətinə bədii və musiqi fəaliyyəti ilə məşğul olmaqdan məhrumetmə və iki il müddətinə ölkədən çıxış qadağasına məhkum etmişdi.

Pərəstu Əhmədiyə qarşı şallaq hökmünün icrası İranda qadınların bədii fəaliyyətinə görə məhkəmə cəzalarına məruz qalmasının daha bir nümunəsidir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar