SON XƏBƏRLƏR

“Serb qəssabı” məhkəmə qarşısına əvvəlki görkəmində çıxarılacaq

2021.10.20, 07:36
“Serb qəssabı” məhkəmə qarşısına əvvəlki görkəmində çıxarılacaq

Gunaz.tv
KARACİÇİN SAÇ-SAQQALINI QIRXDILAR “Serb qəssabı” məhkəmə qarşısına əvvəlki görkəmində çıxarılacaq Bosniya serblərinin keçmiş lideri, on minlərlə adamın öldürülməsində günahkar olan Radovan Karaciç bərbərlərin apardığı əməliyyatdan sonra əvvəlki görkəminə dönüb. Ötən gün “The Sun” qəzeti və Serbiya mətbuatı Karaciçin həbsxanada çəkilmiş yeni fotoşəklini yayımlayıblar. Həmin fotoşəkildə Karaciç 13 il əvvəlki görkəminə dönüb, ancaq indi onun bir qədər arıqladığı görünür. Xatırladaq ki, Karaciçin yaxalanarkən tanınmamaq üçün uzun saqqal buraxdığı məlum olmuşdu. Lakin qərara alınıb ki, hərbi cani Haaqa tribunalı qarşısında əvvəlki görkəmində dayanmalıdır. Xəbər verildiyi kimi, Karaciç iki gün əvvəl Haaqa tribunalına ekstradisiya edilib. Onun saxlanıldığı həbsxanadakı mənbə deyib ki, Karaciç ancaq yer fındığı ilə qidalanır, başqa heç bir qida qəbul etmir. Keçmiş serb lideri ancaq qohumlarının gətirdiyi su və qidanı qəbul edir. Bir gün əvvəl Haaqada onu qızı və arvadı ziyarət edib. Mənbə hərbi caninin əhvalının yaxşı olduğunu bildirib. Onun vəkili isə deyir ki, müdafiə etdiyi şəxs qalib gələcəyinə əmindir. Radovan Karaciçin cümə axşamı ilk dəfə olaraq Haaqa tribunalına çıxarılacağı gözlənilir. Ona qarşı ittihamlara Avropanın II dünya müharibəsindən sonra ən qəddar qırğınında, yəni 1995-ci ildə Srebrenitsada 8 min müsəlmanın qətlə yetirilməsində aparıcı rol oynaması daxildir. Haaqa tribunalının hərbi cinayətlər üzrə prokurorunun sözçüsü Olqa Kavron prosedurun tezliklə başlayacağına ümid etdiyini deyib: “Müttəhim Haaqaya gətiriləndən bir neçə gün sonra məhkəməyə çıxarılır. O, hakimlərin qarşısına gətirilir və ona ittihamları qəbul etməsi imkanı yaradılır. Əlbəttə ki, o, bunu etmək istəyirsə. Bu prosedur adətən müttəhim Haaqa tribunalına gətiriləndən bir neçə gün sonra baş verir”. ABŞ-la Avropa İttifaqı Serbiyanı digər serb canisi Ratko Mladiçi yaxalamaqla məhkəmə ilə əməkdaşlığı davam etdirməyə çağırıblar. Bosniya və Herseqovina üzrə sabiq komissar Karl Bildt R.Karaciçin tutulmasını olduqca mühüm addım sayır: “Məncə, bu, olduqca əhəmiyyətli andır. Amma əsas məsələ məhkəmənin nə zaman başlayacağı, onun ədalətli keçirilməsidir. Ən vacibi isə general Mladiçin bu məhkəməyə nə zaman qatılacağıdır”. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar