SON XƏBƏRLƏR

Rəsmi Bakı Sarkisyanın Qarabağ səfərinə etirazını bildirir

2021.10.20, 07:36
Rəsmi Bakı Sarkisyanın Qarabağ səfərinə etirazını bildirir

Gunaz.tv

GünAz TV: Azərbaycan prezident administrasiyası (nəhade riyasətə cümhuri) Ermənistan lideri Serj Sarkisyanın Qarabağa səfər edərək orada tikilən hava limanına baş çəkməsini tənqid edib.

Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri bildirib ki, bu beynəlxalq normala ziddir.

“Biz əvvəl Azərbaycanın zəbt olunmuş ərazilərinə aviareyslərlə (uçuşlarla) bağlı fikrimizi bildirmişik. Bu proseslərin hamısı qəbul olunmuş beynəlxalq hüquqi normalar və müvafiq qanunvericiliklə tənzimlənməlidir. Ermənistan tərəfi bu qanuna zidd addımlar atır ”, - deyib yerli agentliklərə (ajanslara) Novruz Məmmədov.

 

Ermənistan prezidenti Serj Sarkisyan daha əvvəl Qarabağdan uçacaq ilk sərnişin olacağını demişdir.

 

Açılış təxirə salınır

 

Ötən gün Ermənistan informasiya agentlikləri yeni hava limanının işində yubanmanın yarandığı barədə məlumat yayıblar.

 

Tanınmamış respublikanın Mülki Aviasiya İdarəsinin rəisi Dmitri Atbaşyan ləngimənin səbəblərini izah edərək dəqiq müddətinin qoyulmadığını deyib:

 

 “Stepanakert hava limanının açılış müddəti olmayıb. Bizim, necə deyərlər, aralıq, finiş tarixlərimiz müəyyən edilmişdi”.

 

Aeroport (hava limanı) mayın 9-da açılmalı idi. Lakin Dmitri Atbaşyanın sözlərinə görə, hal hazırda binanın daxilində sərnişinlərin xidməti, baqaj bölməsinin və başqa sistemlərin təchiz olunması işləri aparılır.

 

Bundan başqa, uçuş zolaqları hələ asfaltlanmayıb. Buna hava şəraiti imkan verməyib, deyib rəsmi.

 

Eyni zamanda Atbaşyan hava limanının artıq yayın əvvəlində ilk sərnişinləri qəbul etməyə hazır olacağını bildirib.

 

Qarabağda yeni hava limanının saatda 100 sərnişinə xidmət edəcəyi, uçuşların CRJ-200 tipli 50 yerli üç təyyarələrlə həyata keçiriləcəyi bildirilir.

 

Qarabağda hava limanının tikilməsi məlumatı Bakıda tənqidlə qarşılanır.

 

Beynəlxalq reaksiya (əksüləməl)

 

Hava limanının planlaşdırılan açılışı ilə bağlı Minsk Qrupunun həmsədrləri beynəlxalq konvensiyalara (konvansiyonlara) riayət etməyə çağırıblar.

 

ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının) rəsmi saytında yerləşdirilən bəyanatda “həmsədrlərin hava limanının açılmasının Dağlıq Qarabağda gərginliyin artmasına gətirəcəyindən narahat olduğu” bildirilir. Həmsədrlər xəbərdar ediblər ki, hava limanının işə buraxılması Dağlıq Qarabağın statusunun (vəziyyətinin) dəyişdirilməsi məqsədilə istifadə olunmamalıdır. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar