SON XƏBƏRLƏR

Dindarlıq rifahla bağlıdır?

2021.10.20, 07:36
Dindarlıq rifahla bağlıdır?

Gunaz.tv
Dindarlıq rifahla bağlıdır? Beynəlxalq "Gallup" şirkəti dünyanın 143 ölkəsində sorğu keçirərək insanların gəlir səviyyəsinin onların dindarlığına təsirini araşdırmağa çalışıb. Bəlli olub ki, insan varlandıqca dini yaddan çıxarır. Belə ki, əhalisinin orta yaşam səviyyəsi yüksək olan dövlətlərin sakinlərinin inkişaf etməkdə olan və ya kasıb yaşayan ölkələrdəki insanlarla müqayisədə daha az dindar olduqları aşkarlanıb. Belə ki, orta illik gəlir artdıqca dindarlıq azalır və əksinə. Əhalisinin illik orta gəliri $25 min dollardan yuxarı olan ölkələrdə gündəlik həyatda dini vacib hesab edənlər 44%-dirsə, illik gəlir $2 min dollardan aşağı olan ölkələrdə 92%-dir. Azərbaycana gəldikdə isə, ölkə vətəndaşlarının 58%-nin dinə münasibəti "mötədil-liberal dindarlıq" kimi dəyərləndirilib. Sorğuya qatılan respondentlərin yalnız 31%-i mömin olduğunu, mütəmadi namaz qılaraq məscidə getdiyini və Şəriətin bütün qaydalarına riayət etdiyini bildirib. Sorğu iştirakçılarının 16%-i isə dindarlığa meylli olsa da, tam dindar sayılmayacağını vurğulayıb. Respondentlərin yalnız 1,1%-i ateist olduğunu söyləyib. "Sosioloqların cavabı birmənalıdır. Onlar XIX əsrdə yaranmış nəzəriyyəni bir daha sübut olunmuş hesab edirlər ki, Allaha inanmaq hər bir insanın öz işidir, ancaq modernləşmək və varlanmaq üçün gündəlik həyatda dini qırağa qoymaq lazımdır", - hesabatda vurğulanır. Ekspertlər isə belə düşünmürlər. Sosioloq Vüqar Qurbanovun dediyinə görə, Azərbaycanda dinə meylin artması aşkar və labüd prosesdir: "İqtisadi cəhətdən inkişaf etməmiş dövlətlərin hamısında olduğu kimi, bizdə də insanlar üzləşdikləri çətinliklər və yaşadıqları problemlərin həllini Qərb insanı təki sırf praqmat düşüncədə yox, Allaha həmd etməkdə və hər işi alın yazısına, bəxtə bağlamaqda görürlər. Bizim insan fatalistdir, ağır problemlərlə qarşılaşanda "inşallah, yaxşı olar" deyir, ən pis günündə belə, "buna da şükür" söyləyir. Əksəriyyəti fatalist, qəzavü-qədərin qaçılmaz olduğunu düşünən insanlardan ibarət toplumlarda isə dinə meyl həmişə böyük olur. Lakin buna rəğmən, Azərbaycanın radikal İslam ölkəsi olmaq təhlükəsi ilə qarşılaşdığını sanmıram. Bizdə dinə münasibətin özündə liberallıq var". Müşahidəçilərin fikrincə, Azərbaycanda əhalinin orta statistik yaşam səviyyəsi Qərb və ya Şərqin zəngin dövlətləri ilə müqayisədə çox aşağı olduqlarından, üstəlik də məmur korrupsiyası və rüşvətxorluğun geniş yayıldığından insanların əksəriyyəti Allaha həmd etməklə təskinlik tapırlar. Fəqət, psixoloqlar bunun cəmiyyətin inkişafında təhlükəli məqam olmadığını deyirlər: dinə bağlılıq heç də ölkənin inkişafdan qalması demək deyil. "İnkişaf etmək və modernləşmək üçün dindarlığı kənara qoymağın gərəkli olduğu barədə iddialar gülünc, bisavaddır. Ən azı ona görə ki, İslam insana inkişafı və tərəqqini yasaqlamır: tam əksinə, dinimiz mömin insanlardan daim oxumağı, inkişaf etməyi, müasirləşməyi tələb edir. Dünyada neçə İslam dövləti var ki, oradakı müsəlmanların inkişaf və yaşam səviyyəsi Qərbin irəlidə gedən ölkələrindən geridə qalmır. Azərbaycanda dindarların sayının artması isə dünya miqyasında gedən prosesin bir hissəsidir. ABŞ-dan tutmuş, Yaponiyaya qədər insanlar dinə qayıdırsa, Azərbaycanı istisna kimi göstərmək məntiqsizlki olardı", - Qafqaz Dini Araşdırmalar Assosiasiyasının eksperti, hacı Alim Səlimov söylədi. Həsən AĞACAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar