Tramp komandasına rəhbərlik edən ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orr fevral ayında vitse-prezident Cey Di Vens tərəfindən imzalanmış strateji tərəfdaşlıq xartiyasını daha da inkişaf etdirməyə ümid edir.
Çərşənbə axşamı İqtisadiyyat Nazirliyində keçirilən görüş Vens xartiyası çərçivəsində ilk görüş olub və Tramp administrasiyası üçün diqqətəlayiq geosiyasi uğur sayılır. Vaşinqton vaxtilə Sovet İttifaqının tərkibində olmuş bir ölkə ilə ittifaqı institusional səviyyəyə qaldırır və gücləndirir. Bu isə uzun illər davam edən müharibələr nəticəsində zəifləyən və ABŞ-ın addımlarına qarşı əvvəlki kimi təsir göstərə bilməyən Moskvanın imkanlarının məhdudlaşdığı bir dövrə təsadüf edir.
Hörmüz boğazının bağlanması Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb.
Bakıda fəaliyyət göstərən və hökumətə yaxın araşdırma mərkəzi olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Mərkəzinin analitiki Vasif Hüseynov bildirib:
“Bu, Azərbaycanı sadəcə Vaşinqtonun ikitərəfli tərəfdaşına deyil, Avropanın enerji təhlükəsizliyinin struktur elementinə çevirir.”
Amerikalılar bu həftə Bakıda keçirilən Bakı Enerji Forumunda iştirak edən 45-dən çox ölkənin nümayəndələri arasında idilər. Forumda Çin və Yaponiya da daxil olmaqla çoxsaylı ölkələr təmsil olunub.
Hamı investisiya imkanları ilə gəlib.
Bu fürsətin yaranmasının əsas səbəbi Azərbaycanın iki böyük qonşusunun – şimalda Rusiyanın və cənubda İranın – müharibələrə cəlb olunmasıdır. Rusiya Ukraynada çıxılmaz vəziyyətlə üzləşib və öz təsir dairəsində mövqelərini itirir. Ermənistanın Avropa İttifaqına yaxınlaşması fonunda Bakı artıq Ukraynanın energetika naziri Denis Şmıhala forumda xüsusi yer ayıracaq qədər özünə güvənir.
Şmıhal çıxışı zamanı Azərbaycana təşəkkür edərək bildirib ki, Azərbaycanın göndərdiyi generatorlar və transformatorlar Ukraynanın qışı keçirməsinə kömək edib.
İran isə münaqişənin nəticələri ilə üzləşir. Ölkədə qaz hasilatı azalıb və iqtisadiyyat böhran vəziyyətinə düşüb.
Bu həftənin ən böyük enerji sazişi 2029-cu ildən başlayaraq 15 il ərzində Türkiyəyə 1,17 trilyon kubfut qaz tədarükünü nəzərdə tutan müqavilə olub. Bu layihədə BƏƏ, Fransa, Türkiyə və Azərbaycan iştirak edir. Eyni zamanda, Ərəb körfəzi ölkələrinin kapitalı Azərbaycanın enerji və qaz sektoruna yönəlməkdə davam edir.
ABŞ–Azərbaycan münasibətləri son dövrlərdə sürətlə inkişaf edib. 2025-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşüb. Tramp həmin görüşdə Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsinin imzalanmasının nail oldu və 1992-ci ildən qüvvədə olan Bakı ilə hərbi əməkdaşlığa məhdudiyyətləri aradan qaldırıb.
Fevral ayında Vens Xartiyası imzalandı. Çərşənbə axşamı isə tərəflər arasında dialoq baş tutdu. Bütün bu proseslərin mərkəzində Ermənistanın cənubundan keçən və ABŞ prezidentinin adını daşıyan “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” adlı tranzit dəhlizi dayanır.
SOCAR-ın vitse-prezident müavini Vitaliy Bəylərbəyov isə Vaşinqtonun rolunun daha əvvəllərə dayandığını vurğulayır.
O, "The Washington Times" qəzetinə bildirib:
“Prezident Trampın Cənub Qaz Dəhlizinin uğurla inkişaf etdirilməsindəki rolunu heç vaxt unutmamalıyıq. Çünki həmin dövrdə tərəddüd edən avropalı tərəfdaşlarımızı layihənin həyata keçirilməsi istiqamətində addımlar atmağa inandıra bilən məhz o olmuşdu.”
Bəylərbəyovun sözlərinə görə, avqust ayında imzalanan sənədlər “Prezident Trampın Qafqaza, Azərbaycana, Azərbaycanın qonşularına göstərdiyi diqqəti və marağını” əks etdirir.
Bakı öz coğrafi mövqeyini strateji üstünlük kimi təqdim edir. Xəzər hövzəsi və Cənubi Qafqaz boyunca formalaşan yeni enerji xəritəsi, Azərbaycan rəsmilərinin tez-tez vurğuladığı kimi, nə Moskva, nə də Tehran üzərindən keçir.
Bu fonda Türkiyə də İran qazı ilə bağlı mövcud müqaviləsinin 31 iyul tarixində başa çatmasına imkan verəcək və onu yeniləməyəcək.
ABŞ-ın tərəfdaşı olan və vaxtilə ixrac etdiyi qazı indi idxal edən Misir qaz tədarükünü SOCAR-ın ticarət bölməsi vasitəsilə həyata keçirir. Qazaxıstan isə Rusiyadan yan keçərək neftini daha çox Azərbaycan üzərindən qərb istiqamətinə nəql etməyin mümkünlüyünü nəzərdən keçirir. Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bu həftə bildirib ki, ölkə artıq neftini Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə ixrac edir və eyni zamanda Bakı–Supsa marşrutundan istifadə imkanlarını da qiymətləndirir.
İyul ayında Türkiyə Ankarada NATO sammitinə ev sahibliyi edəcək. Bu kontekstdə SOCAR-ın vitse-prezident müavini Vitali Bəylərbəyov amerikalı strateq Zbiqnev Bjezinskinin Azərbaycan haqqında məşhur ifadəsini xatırladıb.
“Azərbaycan geosiyasi şüşənin tıxacıdır,” – deyə o bildirib. “Onu açsanız, geosiyasət dəyişəcək. Bağlı saxlasanız, geosiyasət tamam başqa cür olacaq.”
Avropaya uzanan Cənub Qaz Dəhlizini qazla təmin edən və bu marşrutun Rusiya və İrandan yan keçdiyini göstərən əsas yataq olan Şahdəniz layihəsinin səhmdarları uzun illərdir dəyişməyib. Ən böyük pay Rusiyanın LUKOIL şirkətinə məxsusdur, ondan sonra BP gəlir. İranın Milli Neft Şirkəti İsveçrədəki törəmə şirkəti vasitəsilə layihənin 10 faizinə sahibdir, Türkiyənin TPAO şirkəti də bu tərəflər arasında yer alır.
Vaşinqtonda bu vəziyyət uzun müddətdir riskdən çox təminat kimi qiymətləndirilir. Məntiq belədir ki, layihədə maliyyə payına malik olmaq Moskva və Tehrana qaz axınını pozmamaq üçün əlavə motivasiya verir. ABŞ rəsmiləri İran və ya Rusiyaya qarşı daha sərt sanksiyaları müzakirə edən Konqres üzvlərinə dəfələrlə bu arqumenti təqdim ediblər.
Məhz bu yanaşma səbəbindən Vaşinqton layihənin fəaliyyətini davam etdirməsinə imkan verib. Layihənin operatoru BP may ayında bildirib ki, ABŞ İran və Rusiya tərəfdaşları ilə birlikdə hasilatı davam etdirməyə imkan verən lisenziyanın müddətini yenidən uzadıb.
Bəylərbəyov bu mövzuda səsləndirilən şübhələrlə əvvəllər də qarşılaşıb. Azərbaycanın ixracının artması fonunda Rusiyanın qazının Azərbaycan üzərindən Avropaya çatdırıldığı barədə iddialar irəli sürülüb. Lakin o, bunu qəti şəkildə rədd edib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi qapalı sistemdir və yalnız Şahdəniz yatağından qidalanır. Buna görə də fiziki olaraq heç bir rus qazı bu kəmərlə Avropaya nəql oluna bilməz.
Bəylərbəyov qeyd edib ki, Azərbaycanın öz kəmərlərinin tam dolu olduğu hallarda Türkiyə ilə həyata keçirdiyi qaz mübadiləsi nəticəsində Türkiyə şəbəkəsində hansı qazın qarışması artıq Ankaranın işidir, Bakının deyil.
“Qazın milliyyəti olmur,” – deyə o bildirib. “Qaz kalori ilə ölçülən və ABŞ dolları ilə ödənilən bir enerji məhsuludur.”
Məqalədə qeyd olunur ki, Azərbaycanın Vaşinqtona yaxınlaşmasına imkan verən əsas amil, bir çox müşahidəçilərin fikrincə, ABŞ deyil, Türkiyə tərəfindən təmin olunan təhlükəsizlik zəmanətidir.
Türkiyə 2020-ci ildə və yenidən 2023-cü ildə Ermənistanla münaqişə zamanı Azərbaycanın ərazilərini geri alması prosesində Bakını silahlandırıb və dəstəkləyib. Bakı bu ittifaqı İranın təzyiqinə qarşı tarixi bir dayaq kimi qiymətləndirir və eyni zamanda İranın narazı olduğu İsraillə isti münasibətlərini də bu çərçivədə qoruyur.
İran öz narazılığını da açıq şəkildə göstərib. Mart ayında İran dronları Azərbaycanın Naxçıvan eksklavını hədəf alıb, bundan bir gün sonra isə Bakı İranın Bakı–Tiflis–Ceyhan neft kəmərinə, eləcə də Bakıda yerləşən İsrail səfirliyi və bir sinaqoqa qarşı planlaşdırdığı hücumun qarşısının alındığını bildirib. Həmin kəmər İsrailin neft ehtiyacının təxminən üçdə birini təmin edir.
Hörmüz boğazından yan keçən enerji marşrutlarının qurulması İranın törətdiyi riski tam aradan qaldırmasa da, onu istiqamətcə dəyişdirir. Keçmiş ABŞ rəsmilərindən biri isə yaxın perspektivdə birbaşa təhlükənin nəzarət altında olduğunu bildirib və qeyd edib ki, İranın ABŞ və İsraillə daha mühüm problemləri var.
Bakı Tehrana açıq şəkildə “işə qarışmamağı” bildirib və hazırda İran bu mövzunu aktiv şəkildə gündəmdə saxlamır. Mart dron hücumu da yeni qarşıdurma mərhələsinin başlanğıcı yox, İranın nə edə biləcəyini göstərən bir xatırlatma idi.
Amerikalı investorlar isə yatırımda maraqlı olsalar da, ehtiyatlıdırlar. Forumun sponsorlarından olan Exxon Mobil-in qlobal kəşfiyyat üzrə vitse-prezidenti Con Ardill bildirib ki, şirkət Azərbaycanın istiqamətini müsbət qiymətləndirir, baxmayaraq ki, ölkə həm şimalında, həm də cənubunda müharibələrlə əhatə olunub.
O deyib:
“Biz bunu müsbət bir trayektoriya kimi görürük və ABŞ hökumətinin dəstəyi ilə bu istiqamət daha da güclənir.”
Ardillin sözlərinə görə, son regional əməkdaşlıq şirkətə mövcud investisiyalardan əlavə yeni investisiyalar üçün də inam verir.
SOCAR dialoqdan sonra imzalanan razılaşmaları günün ikinci yarısında açıqlayıb. Kaleb Orr bu səfər çərçivəsində imzalanan kommersiya sazişlərinin ümumi dəyərinin 8 milyard dollardan çox olduğunu bildirib, lakin yeganə məcburi müqavilə Körfəz və Türkiyə ilə Abşeron qaz layihəsi olub.
ABŞ-la imzalanan razılaşmalar isə daha çox ilkin xarakter daşıyır. Orr və iqtisadiyyat naziri Mikayıl Cabbarov kritik minerallar və nadir torpaq elementlərinin təminatına dair çərçivə sazişi imzalayıb — bu, ABŞ administrasiyasının Çin asılılığını azaltmaq siyasətinin əsas hissəsidir.
Chevron isə birgə tədqiqat sazişi imzalayıb; bu, Bəylərbəyovun ABŞ enerji şirkətləri ilə nəzərdə tutduğu iki əsas fəaliyyətdən biridir. SOCAR isə J.P. Morgan, Apollo və Comstock Resources ilə memorandumlar imzalayıb. Exxon Mobil isə heç bir sənəd imzalamayıb və yalnız mövcud əməkdaşlığı nəzərdən keçirib.
Bəylərbəyov vurğulayıb ki, bu əməkdaşlıq Azərbaycanda köhnəlməkdə olan Azeri–Çıraq–Günəşli neft müqaviləsini əhatə etmir.
Körfəz ölkələri isə artıq öz yatırımlarını ediblər.
Səudiyyə Ərəbistanının ACWA Power şirkəti Qafqazda ən böyük bərpa olunan enerji stansiyasını inşa edib. Əbu-Dabinin ADNOC şirkəti Abşeron qaz yatağında pay əldə edib və Cənub Qaz Dəhlizinə investisiya yatırıb, Masdar isə Qaradağda günəş enerjisi layihələrini genişləndirir.
Bakıda yerləşən və hökumətə yaxın BMTM-nin analitiki Vasif Hüseynovun sözlərinə görə, bu dəyişiklik planlıdır:
“Azərbaycan sadəcə xammal ixrac edən ölkə deyil, sistemi formalaşdıran bir dövlət kimi mövqelənir.”
Onun sözlərinə görə, yeni külək və günəş enerjisi layihələri qazı əvəz etmir, əksinə, ixrac üçün əlavə qaz resursu yaradır.
Məqalədə qeyd olunur ki, mövcud blokada Azərbaycanın maliyyə vəziyyətinə də müsbət təsir göstərib. Azeri Light markalı neftin qiyməti 100 dollardan yuxarı ticarət olunur, halbuki dövlət büdcəsi 65 dollar üzərində planlaşdırılıb. Eyni münaqişə ABŞ-a İranı təzyiq altında saxlamaq imkanı verir, eyni zamanda isə neft axını davam edir.
May ayında ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi İranın neft ticarəti ilə əlaqəli yeni şəbəkələri sanksiya siyahısına salıb. “İqtisadi Qəzəb” adlandırılan kampaniya çərçivəsində ABŞ bəyan edib ki, Hörmüz boğazından keçid üçün İrana ödəniş etmək belə sanksiya riski yarada bilər.
Münaqişə hələ də davam edir. Pakistanın vasitəçiliyi ilə əldə olunan aprel atəşkəsi zəifləyir. Bu həftə İranın İsrailin Livanda genişlənən hərbi əməliyyatları səbəbilə ABŞ-la danışıqları dayandırdığı da bildirilir.
Azərbaycan eyni zamanda D-8 təşkilatına üzv ölkələrin enerji nazirlərinin ilk toplantısını keçirib. Bu təşkilata Banqladeş, Misir, İndoneziya, Malayziya, Nigeriya, Pakistan, Türkiyə və İran daxildir. Görüşdə İran NATO üzvü Türkiyə, həmçinin ABŞ-ın tərəfdaşları olan Misir və Pakistanla eyni masa arxasında əyləşib, lakin Körfəz ərəb ölkələrinin heç biri iştirak etməyib.
Vaşinqtonda isə əsas diqqət bu həftəki mərasimlərdən çox, onların nəticələrinə yönəlib. Rusiya lideri Vladimir Putin mart ayında İlham Əliyevlə telefonla danışıb ki, bu da Moskvanın Bakıya dair öz planlarının olduğunu göstərir. Amerikalılar üçün əsas sual budur: bu həftə razılaşdırılan çərçivə real müqavilələrə və enerji sektorundan kənar ABŞ investisiyalarına çevriləcəkmi.
ABŞ-ın keçmiş səfiri Robert F. Sekuta bildirib ki, Azərbaycanın əhəmiyyəti onun “karbohidrogen resursları, coğrafiyası və əhalisinin potensial yaradıcılığı” ilə bağlıdır, lakin bu münasibətlər “uzun illərdir davam edən prosesin davamıdır.”
İlham Əliyev isə forumda Azərbaycanı artıq təkcə qaz ixrac edən deyil, kapital ixrac edən ölkə kimi təqdim edib:
“Otuz il əvvəl biz investisiya cəlb edirdik. İndi isə öz investisiyalarımızı xaricə aparırıq.”
O əlavə edib ki, SOCAR-ın Yaxın Şərq, Afrika və Mərkəzi Asiyadakı yatırımları bu coğrafiyanın daha da genişlənəcəyini göstərir.
Müəllif: Jacob Wirtschafter
Qaynaq: https://www.washingtontimes.com/news/2026/jun/3/hormuz-blockade-raises-azerbaijans-value-washington/
C