SON XƏBƏRLƏR

Əsgər ermənilər Bakıdan nə "istəyirlər?"

2021.10.20, 07:36
Əsgər ermənilər Bakıdan nə "istəyirlər?"

Gunaz.tv
Əsgər ermənilər Bakıdan nə "istəyirlər?" "4-5 əsgərin qarşı tərəfə keçməsi erməni ordusunun dağılması demək deyil" Son zamanlar erməni hərbi hissələrinin əsgərlərinin döyüş xəttini keçərək, ərazimizə daxil olma faktları artmaqdadır. Bu kimi faktlarla bağlı ictimai rəydə Ermənistanın yoxsul və zəif orduya malik ölkə olması barədə fikirlər formalaşdırılır. Təbii ki, Ermənistanın zəif və səfalət içində çürüyən ordusunun olması bizləri sevindirməyə bilməz. Amma maraqlıdır, deyilənlər həqiqətləri özündə əks etdirirmi? Yoxsa bu da Ermənistan tərəfdən qurulan bir ssenaridir ki, planlaşdırmış şəkildə həyata keçirilir və günlərin bir günü qarşımıza gözləmədiyimiz sürprizlə çıxacaq? "Zəif ölkənin zəif də ordusu olar" Politoloq Zərdüşt Əlizadəyə görə, erməni əsgərlərinin sərhədi keçməsi qurulan bir ssenari deyil, həqiqəti özündə nümayiş etdirən hadisədir: "Çünki Ermənistanda total korrupsiya baş qaldırıb, ordunun şəxsi heyəti xəstəliklərdən əziyyət çəkir, oğurluq, zorakılıq halları var və düşünürəm ki, erməni əsgərlərinin sərhədi keçməsində bu amillərin rolu böyükdür. Yəni, zorakılıqdan, zülmdən xilas olmaq məqsədilə erməni əsgərləri Azərbaycan ərazisinə keçir. O səbəbdən də hesab edirəm ki, erməni əsgərləri həqiqəti danışırlar". Erməni tərəfinin gözlənilməz hərəkət nümayiş etdirə bilmə fikrinə gəldikdəsə, politoloq deyir ki, Ermənistan tərəfinin müharibə aparmaq fikri yoxdur: "Çünki onlar istədiklərini əldə ediblər. Bu baxımdan da düşmən tərəfi hər şeyin sakit olmasını və vaxtın uzanmasını istəyir". Digər politoloq Leyla Əliyeva "zəif ölkənin zəif də ordusu olar" deyərək, bununla belə görüntü və deyilənləri o qədər də səmimi qəbul etməyin düzgün olmadığını bildirdi. Onun fikrincə, erməni ordusu əvvəllər, daha dəqiqi 80-ci illərdən təcrübə toplamağa başlamışdı və bu təcrübə nəticəsində istədiklərini əldə etdilər: "Əgər Ermənistan hazırda korrupsiya içindədirsə, iqtisadi baxımdan aşağı səviyyədədirsə, təbii ki, bu birbaşa orduya da təsir göstərəcək. Amma bir məsələ də var, tutaq ki, göstəricilər yüksəkdirsə, bu da ordunun güclü olmasına dəlalət etməməlidir". Politoloqa görə, erməni əsgərlərinin dedikləri düz informasiya olmaya da bilər: "Əsgərlərin döyüş xəttini keçməsi və dedikləri həqiqətləri əks etdirməyə bilər. Amma ordunun zəif olması əsgərlərin döyüş xəttini keçməsi ilə də bərabər tutulmamalıdır. Bu, təxribat da ola bilər". Bundan əlavə, L.Əliyeva Ermənistanın himayədarlarına da toxunaraq, Rusiyanın Ermənistana etdiyi silah və maliyyə yardımını da diqqətdə saxlamağı tövsiyə etdi. "Belə tamaşa olmaz" Hərbi ekspert Yzeyir Cəfərov isə erməni ordusunun səfalət içində olmasının bizim xeyrimizə olduğunu deyərək, bu məsələdən sevindiyini vurğuladı: "Çünki Ermənistan işğalçı dövlətdir və torpaqlarımızı işğal edib. O səbəbdən də erməni ordusu nə qədər səfalət içində olsa, bizim üçün yaxşıdır. Çünki qanla alınmış torpaqlar, qanla da geri qaytarılmalıdır. Bunun başqa alternativ yolu yoxdur". Hərbi ekspert müharibə illərinə qayıdaraq, ermənilərin hər zaman kiminsə gücündən yararlandığını diqqətə çatdırdı. Dedi ki, ermənilərə havadarlıq edənlər olmasaydı, torpaqlarımızı almaq iqtidarında deyildilər. Ermənistanın iqtisadi göstəricilərinin Azərbaycanın iqtisadi göstəriciləri ilə müqayisəyə gələ bilməyəcəyini deyən Y.Cəfərova görə, bizim ölkənin imkanları kifayət qədərdir. Erməni əsgərlərinin döyüş xəttini keçməsinə gəlincə, düşmən orduda kifayət qədər problemlərin mövcud olduğunu deyən Cəfərov bunun ssenari ola biləcəyini düşünmür: "Çünki bu dərəcədə tamaşa qurularaq, 3-5 nəfərin qurban verilməsi inandırıcı deyil. Qısası, kiminsə bu tamaşada qurban rolunu oynamaq istəyəcəyini düşünmürəm. Düzdür, ermənidir və ermənilərdən hər şey gözləmək olar, amma unutmayaq ki, onlar da insandırlar və bu hərəkətlə ölümə gedirlər. Çünki heç kim onların minalanmış ərazidən sağlam keçməsini və qarşı tərəfin gülləsinə tuş gəlməyəcəyini sığortalaya bilməz". Amma bununla belə ekspert deyir ki, Ermənistanın bu göstəricilərinə aldanıb arxayın olmaq da düzgün deyil. Ola da bilər ki, bu, ermənilərin bir fəndi olsun. O səbəbdən də məsələnin yalnız mətbuatın gündəmində saxlanılmasını deyil, eyni zamanda aidiyyatı qurumların da diqqət mərkəzində olmasını vacib bildi: "Düşünürəm ki, jurnalistlərdən daha çox Müdafiə Nazirliyi məsələnin araşdırılmasında maraqlı olmalıdır. Amma təəssüf ki, MN-də susqunluq var. Əgər mətbuat bu işdə maraqlanmasa, MN məlumat verməkdə maraqlı deyil". Ölkəmizdə 4 erməni əsgərinin olduğunu deyən müsahibim, onların dediklərini səmimi qəbul etməsini bu cür izah etdi: "2001-ci ildə Ermənistana səfər edən jurnalistlərdən biri də mən olmuşam. Və orada olarkən, sadə erməni vətəndaşlarından müsahibələr aldım, əldə etdiyim materiallar, video görüntülər Müdafiə Nazirliyində də var. Erməni sakinlərin xeyli hissəsi Qarabağın onlara lazım olmadığını deyərək, bu vəziyyəti yaradanları lənətləyirdi. O səbəbdən də erməni əsgərləri Qarabağda həvəslə xidmət keçmirlər, hətta əraziləri belə tanımırlar". Bu baxımdan real vəziyyətə inandığını deyən Y.Cəfərov, bununla belə deyilənlərə aldanmağın tərəfdarı olmadığını da bildirdi: "Çünki 4-5 əsgərin qarşı tərəfə keçməsi erməni ordusunun dağılması demək deyil". Məsələylə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əlaqə saxlamaq, onun rəyini öyrənmək istdik. Qurumdan E.Sabiroğlunun yerində olmadığını, bizimlə sonra əlaqə saxlayacaqlarını desələr də, iş gününün axırına kimi Müdafiə Nazirliyindən cavab ala bilmədik. Aytən NƏBİYEVA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar