SON XƏBƏRLƏR

Rəsuzlzadə və antirəsulzadəçilər . Güntay Gəncalp

2021.10.20, 07:36
Rəsuzlzadə və antirəsulzadəçilər . Güntay Gəncalp

Gunaz.tv
Güntay Gəncalp Rəsuzlzadə və antirəsulzadəçilər Sual: Rəsulzadə kimliyini necə tanımlamaq mümkündür? Cavab: Rəsulzadə Güney Azərbaycan türklük hərəkəti üçün kəşf edilmiş bir fenomendir. Nədən kəşf edilmiş fenomendir deyirəm? Çünkü illər boyu soyuq savaş dönəmində onun əleyhinə yazılar yazıb bizlərə onu insanlıq düşməni kimi göstərdilər. Ancaq tarixin axışında bir doğruluq var. Bəlkə bir sürəliyinə Rəsulzadəni bizim milli şüurumuzdan gizlin saxlaya bildilər, ancaq hər bir qaranlğın aydın sabahı var. Bunu Səməd Vurğunun bir beyt şeiri ilə anlatmaq istərdim: “Günəşi örtsə də qara buludlar Onun günəş adlı bir qüdrəti var.” Bizim milli bilincimizdə çox önəmli dəyişikliklər yaranmışdır. Bu dəyişim sürəcində ağlımızı dərinləşdirən, olaylara hansı açıdan baxacağımızı formalaşdıran tarixi şəxsiyətlərimiz olmuşdur. Bu şəxsiyətlərin ən birincisi Rəsulzadədir. Çünkü “istiqlal məfkurəsi”ni o bizim tariximizə yazmışdır. Bu üzdən diqqət etsəniz Soyuq Savaşın bitimindən sonra başlayan milli oyanış sürəcində Güney Azərbaycanda gənc nəsil Rəsulzadəni bütün təfərrüatı ilə öyrənməyə başladı. Nədən? Çünkü oyanış və milli kimliyimizi dərketmə Rəsulzadəsiz mümkün ola bilməzdi. Şəxsən mən özümüm Rəsulzadənin şairlik yönünü, şeirlərini Güney Azərbaycanda çıxan dərgilərdən, qəzetlərdən öyrəndim. İşin çox maraqlı tərəfi bu idi ki, Rəsulzadə Güney Azərbaycanda daha təfərrüatlı olaraq öyrənildi. Rəsulzadəni sonuna qədər öyrənmək çətin işdir. Çünkü O, çox yönlü düşüncə adamı, lider, tarixçı, toplumbilimci və ən önəmlisi böyük karakterə sahib olan insan olmuşdur. Biz nə etsək, milli istəklərimizlə ilgili necə davransaq daima Rəsulzadə ilə qarşılaşacağıq. Çünkü Rəsulzadə düşüncələrimizə elə bir yol açmış ki, yalnız oradan baxsaq hər şeyi doğru görə bilərik. Biz bunu dərk etdik və kəşf etdik. Yəni kəşf etdik ki, Rəsulzadənin açdığı pəncərədən baxdığımızda həm fərdi, həm milli-ictimai həyatımızda faydalı ola bilərik, həm də insanlığa yararlı ola bilərik. Rəsulzadə kimi şəxsiyətlər bəzən hər əsrdə bir, bəzən də 2-3 əsrdə bir yetişər. Keçən əsrin əvvəllərində Rəsulzadənin siyasi və fikri həyatımızda olması çox yaxşı oldu. Çünkü bu gün dünyada bağımsız dövlət kimi tanınan ölkəni Rəsulzadə var etdi. Azərbaycan adını siyasi tarixə və uluslar arası ilişkilərə Rəsulzadə soxdu. Əgər Rəsulzadə olmasydı bu günkü Azərbaycan da olmayacaqdı. Toplumların millət olmasında şəxsiyətlərin böyük rolu var. Millət yaratma çalışmalarında sosial mühəndislik görəvini şəxsiyətlər öz üzərlərinə götürərlər. Bizim ulusal kimliyimizin inşasında Rəsulzadənin böyük rolu olduğu üçün hər an onun mənəvi varlığını düşüncələrimizdə və duyğularımızda hiss edirik. Rəsulzadəyə Güney Azərbaycan milli hərəkətində verilən önəm də bu üzdəndir. Sual: Son zamanlar Rəsulzadənin əleyhinə əski kommunistlər təxribat və təbliğat aparırlar. Bunun psikolojik nədənləri nə ola bilər? Cavab: Bunlar əskidən kommunizmə bir din kimi inanmışdılar. İman gətirmişdilər Leninə və Stalinə. Sonra bəlli oldu ki, kommunizm insanlıq tarixində yalnız cinayət törətmişdir. Ancaq bunlar o qədər vurulmuşdur Stalinə ki, imanlarından vaz keçə bilmədilər. Onlarda vurğunluq xəstəlik halına gəlmişdi. Bir şəkildə məcnunluğa uğramışdılar. Bu ideolojinin dəlisi olmuşdular. Bu xəstəliyi Füzuli çox yaxşı açır “Leyli və Məcnun” əsərində. Deyir ki: “Tutdu tən o canımı qəmi yaar Qeyr-əl məhbub ləysə fiddar” Yəni bu can evində ondan başqa kimsə yoxdur. Bax bizim kommunistlər belə olmuşdular. Bu ideoloji məcnunluq onları elə etmişdir ki, ürəklərində Lenindən, Stalindən başqa kimsəni görmürdülər. Ona görə də qibləgahları olan Stalin KGB-sinin arşivindəki bilgiləri sanki dədələri oraya yazıb qoymuş kimi istifadə edirlər, inanırlar. Çünkü bu ideoloji məcnunluq və divanəlik onların beynlərini və vicdanlarını təsxir etmişdir. Yəni bir Stalin KGB-sinin casusu bir sözü yazmış və ya söyləmişsə, bu, onlar üçün üzərində dartışılmaması gərəkən ayələr kimi görünür. Bu bir xəstəlik halıdır. Ditortion və ya çarpılış olaraq bilinən xəstəlikdir. Nə deməkdir bu? Yəni ideoloji məcnunluq nəticəsində adam elə kor olur ki, yalnız bir tək rəngi görür, bir tək gerçəyi görür, o da o ideolojinin təlqin etdiyi rəng və gerçək. Bu xəstəlik nəticəsində adam öz fərdi ağlını, mənliyini, vicdanını və heysiyətini tamamən itirir. İdeolojik köləlik ortaya çıxır. İdeoloji köləlik, yəni bağlan, vurul və mənliyini ititrərək azad ol, ya da özünü azad hiss elə. Köləlikdə bulduqları azadlıq. İnsan sadəcə “azadlıq” deməklə azad olmaz. Bəzən “azadlıq” deyə-deyə köləliyi hissən və ruhən satın alırlar. Baxın Güney Azərbaycanda kommunist cərəyanlara. Onların tam əksəriyəti “azadlıq” deyə-deyə köləliyi satın alıb öz ruhlarına doldurdular. Ruhlarını Stalinizm çökdürmüş, enerjilərini kommunizm ideolojisi söndürmüş bu zavallı insanlardan bundan başqa nə bəkləmək olar? Madam ki, olayın psikolojik yanını sordunuz, bu olayın üzərində bir daha israrla durmaq istərdim. Baxınız, bunlar Soyuq Savaşdan sonra aşağılıq kompleksi içinə girdilər. Təhqir olundular. Çünkü ömür qoymuşdular bu yolda və vaz da keçmək istəmirdilər. Aşağılıq kompleksinə uğramış, aşağılıq kompleksini öz ruhlarında daşıyan adamlar daima tərs iş görməklə öz varlıqlarını bildirmək istərlər. Yəni unudulmuşluq, heçliyə uğramışlıqdan bu şəkildə qurtulmaq istərlər. Antirəsulzadəçilərin son zamanlardakı qaranlığa daş atmaları bunun göstərgəsidir. Aşağılıq kompleksi içində çabalayan insanların öz mövcudluqlarını duyurma çabalarıdır. Bunun psikolojik nədəni budur. Yoxsa ömrü boyu öz millətini sevmiş, öz millətinin yüksəlişi üçün çabalamış Rəsulzadəni nədən faşıst adlandırsınlar. Baxınız Rəsulzadənin bu cümləsinə : “İnsanlara hürriyət, millətlərə istiqlal.” Bu düşüncənin harasında faşizm görüşləri saxlıdır? Harasında? Faşızm və kommunizm nə fərdə hürriyət tanımışdır, nə millətlərə istiqlal. Rəsulzadə siyasi fəlsəfəsi və dünyagörüşü etibari ilə antikommunist və anti faşist olmuşdur. Vicdanları ideoloji əsarətinə məhkum edilmiş əski kommunistlərin Rəsulzadə ilə ziddiyətləri də burdan qaynaqlanır. Yəni onlar üçün sorun bu deyil ki, Rəsulzadə Alman dövləti ilə işbirliyi etmiş, onların sorunu budur ki, Rəsulzadə nədən antikommunist olmuşdur. Sual: Özlərini antirəsulzadəçilər adlandıranlar ilk dəfədirmi Azərbaycanın dəyərli insanları üçün belə ədəbsiz və sayqısız davranırlar, yoxsa daha öncə də örnəyi olmuşdur? Cavab: Daha öncə bir neçə kərə örnəyi olmuşdur. Xatırlayıram ki, bunlar 1980li illərdə öz millətinin qurtuluşu yolunda gecəsini gündüzünə qatan Əli Təbrizlini faşist adlandırırdılar. Bunlar, bu ideoloji əsarətə və xəstəliyə yaxalanmış kommunistlər Şəhriyarı burjua nökəri adlandırır, burjua şairi adlandırırdılar. Gecəsini gündüzünə qatıb ana dilmizin və milli kimliyimizin yolunda canını- malını qoyan Prof.DR. Cavad Heyəti burjua nökəri adlandırıdılar. Sonra nə oldu? Sonra tarix kimin nökər olduğunu göstərdi. Tarix göstərdi ki, bunlar rusların ideoloji casusluğunu yapan kölələr imişlər. Tarix göstərdi ki, Şəhriyar necə bir zirvəyə yüksəlmiş. Tarix göstərdi ki, Cavad Heyət necə ulu bir insanmış. Və Tarix göstərdi ki, bunlar ideoloji casusluq etməyə elə alışmışlar ki, artəıq vaz keçə bilmirlər öz alışqanlıqlarından. Ruhi əsarətə məruz qalmış bir kommunistin Tehranda Hüseyn Cavidin ölümü ilə bağlı dediklərini heç bir zaman unuda bilmirəm. “Adam!” deyirdi ki, “Stalin ədalətinin qılıncı gəlmiş və pantürkistlərin başını qoparmışdır.” Bunlar belədirlər. Sual: Rəsulzadə NAZİlərlə işbirliyi etməmişdir deyirsiniz? Cavab: Xeyir, Rəsulzadənin NAZİlərlə işbirliyi haqqında bir tək bəlgə yoxdur. Rəsulzadə öz yurdunun qurtuluşu üçün Alman dövləti ilə işbirliyi etməyə girişmiş və sonra da Alman dövlətinin niyətlərini Azərbaycanla bağlı bildikdən sonra geri çəkilmişdir. Rəsulzadənin öz yurdunun qurtuluşu yolunda Alman dövləti ilə işbirliyinə girşməsindən daha doğal nə ola bilər? Əgər belə olmasaydı, o zaman dünyada uluslar arası ilişkilər adında bir sahə olmamalı idi. Uluslar arası ilişki nə denməkdir? Yəni sən öz milli mənafeyini uluslar arası konjönktürə görə təqib edəcəksən. Rəsulzadə dünyanın qarışdığı bir ortamda səssiz-səmirsizmi yaşamalı idi? Tarix bunu Rəsulzadəyə bağışlardımı? Faşist kommunistlər adamın yurdunu işğal edəcək və sonra yurdunun qurtuluşu yolunda çalışmaq istəyənləri məhkum edəcəklər ki, niyə Alman dövləti ilə ilişkiyə girmisən!!! Biz çox uzun tarix haqqında danışmırıq. Bütün verilər əldədir. Həm də gözümüzlə görə biləcəyimiz tarix haqqında danışırıq. Bu üzdən də çətin iş deyil tarixi öyrənmək. Tarixi verilər göstərir ki, kommunizm və faşizm bir tərəzinin iki tərəfi olmuşdur. Sadəcə kommuniz faşizmdən daha çox zərər vermişdir, insanlığa və özəlliklə Azərbaycana. Karl Poper “Açıq cəmiyyət və onun düşmənləri” adlı kitabında deyir ki, faşizmin meydana çıxmasında kommunistlər çox yardımçı oldular. Çünkü kommunistlər belə hesab edirdilər ki, faşizm burjuaziyanın zirvəsidir. Ona görə də burjuaziyanın bu zirvəyə çatmasına yardım etməliyik. Sonra da faşizm o zirvədən donbalaq aşacaqmış! Ona görə də Stalin özü də faşizmin doğuşuna yardımçı oldu. Bütün kommunistlər yardımçı oldular. Çünkü onların dünyaya baxışları bu şəkildə icab edirdi. Bunu da söyləmək istərdim ki, antirəsulzadəçilərin söyləmləri heç bir təbəqəyə, topluluğa xitab edə bilməz. Özləri üçün yazıb-pozurlar, bu şəkildə bir iş gördüklərini zənn edərlər. Aşağılıq kompleksindən qurtulmaq istərlər, ancaq çıxa bilməzlər. Sual: Elçibəy haqqında da bu şəkildə sözlər yazılır. Bu haqda nə söylərsiniz? Cavab: Elçibəy haqqında da bu əski kommunistlər deyirlər ki, Elçibəy “Azadlıq qan istər”- demiş. Əvvəla bunu Elçibəy söyləməmiş. Bu elə bir cümlədir ki, tarixdə mübarizəyə qalxan bir çox adam söyləmişdir. Çeqvara, Fidel, Lenin və digərləri də demişlər. Hər halda mübarizəyə qalxan millət qan verib, qan tökə bilər. Bundan daha doğal nə ola bilər? 2006-cı ildə bizim qanımızı tökmədilərmi Təbrizdə, Sulduzda? Bu sözləri yazanlar bilrisinizmi kimlərdilər? Bunlar 1988-ci ildə Bakıda başlayan milli hərəkəti boğmaq üçün rus KGB-si ilə işbirliyi edirdilər. O zaman da Güneydən getmiş əski kommunist mühacirlərə millət sayqı ilə yanaşırdı. Bunlar, bu vicdanları ideoloji əsarətə uğramış bu adamlar millətin bu sayqısından istifadə edib KGB üçün bilgi toplayırdılar. Öz millətlərinin əleyhinə ruslara casusluq edidilər. Artıq Sovetlər dağıldı, bunların ideoloji dünyası yıxıldı, ancaq bunlar xəstəliklərindən vaz keçə bilmədilər. İndi də ruslara casusluq etməkdən xoşlanırlar. Örnəyin deyirlər ki, neft borusu Türkiyədən deyil, Rusiyadan keçməlidir. Ruslara satılmışlıq diləklərini dilə gətirirlər. Həm də baş tutmayacaq diləklərini dilə gətirirlər, sadəcə ruslara necə vəfalı kölə olduqlarını bu şəkildə etiraf edirlər. Sual: Bizim Türkiyə ilə ilişkimiz necə olmalıdır? Cavab: Bizim öz milli mənafeyimiz var. Bizim türkçülüyümüz torpaqlarımızı Türkiyəyə bağışlamaq anlamında deyil. Bir tək qarış vermərik. Ancaq Türkiyə də Türk yurdudur. Türkiyə bizim vətənimizin, kimliyimizin, dilimizin uzantısıdır. Bölgəmizdə Türkiyə kimi güclü bir dövlətin olmasından məmnunuq. Quzey Azərbaycanla Türkiyənin dərhal bir konfederasion, ya da federasiona şəklində birləşməsini istərdik. Çünkü Quzey Azərbaycan kiçik bir dövlətdir. Onu bölgəmizdə qoruya biləcək bir tək ölkə var, o da Türkiyədir. Necə 2001-ci ildə Türk Savaş Uçaqları Bakıda manevra yaparaq, İranın torpaqlarımıza olan təcavüz niyətlərini durdurdu. Bunu Türkiyənin borcu olaraq görürük. Türkiyə Azərbaycanı qorumaq zorundadır və qoruyacaqdır da. Çünkü bölgədə bu iki dövlətin mənafeyi örtüşməkdədir. Azərbaycan ordusunu bu gün türk ordusu eyitməkdədir və bundan biz olduqca məmnunuq. Bizim Türk birliyi fəlsəfəmizi Rəsulzadə müəyyən etmişdir. Türk birliyi fiziki məsafə deyildir, mənəvi və fikri məsafədir. Biz Türk birliyindən yanayıq. Türk birliyini istəyirik. Bu yolda kitablar yazırıq. Türk birliyi projəsinin böyük bölümü gerçəkləşmişdir. Bu gün İran mühitində Türkiyə türkçəsini anlamayan yoxdur demək olar. Birliyin də təməli dil birliyindən başlar. Bu, Türkiyə türkçəsinin yazı dilimiz olacağı anlamında deyildir. Ancaq Türkiyə türkçəsindəki mənəvi dəyərlərdən faydalana bilmək bizim türklük haqqımızdır. Azərbaycandan sonra sevəcəyimiz ikinci ölkə əlbəttə ki, Türkiyədir. Bizim Türkiyədən elə bir bəkləntimiz də yoxdur. Çünkü bu bizim problemimizdir və özümüz çözməliyik. Türkiyə inkişaf etsin, kişi başına illik ortalama gəlir 20 min dolar olsun, bu, özü-özlüyündə bizə yardım olar. Azərbaycan Cümhuriyəti də o şəkildə. Bizim millətimiz örnək rifah içində yaşayan türk ölkələrini görsün. Güney Azərbaycan milli hərəkəti siyasi aqibət baxımından müstəqil bir olqudur. Kimsə Bakıdan və Ankaradan gəlib bizim siyasi talehimizi çözməyəcək. Bu baxımdan biz heç bir yerə bağlı olmamalıyıq. Bu bizim milli iradəmizin həll edəcəyi işdir. Ancaq mədəni planda biz türkük. Doğu Türkistandan tutmuş Yunanistana qədər Türk mədəniyətinin ortaq coğrafiyasıdır. Ortaq tarixi mənəviyatımızdan, dəyərlərimizdən yararlanmaq bizim milli və insani haqqımızdır. Gələcəkdə Avropa Birliyi kimi bir Türk Birliyini qurmaq da niyətlərimizdən birisidir. Bu yolda Rəsulzadənin siyasi fəlsəfəsi bələdçimiz olacaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar