SON XƏBƏRLƏR

TEHRAN "ALLAHSIZ"lara QARŞI REPRESSİYANI GÜCLƏNDİRİR

2021.10.20, 07:36
TEHRAN "ALLAHSIZ"lara QARŞI REPRESSİYANI GÜCLƏNDİRİR

Gunaz.tv
TEHRAN "ALLAHSIZ"lara QARŞI REPRESSİYANI GÜCLƏNDİRİR Təhlilçilərə görə, "əhli-həqq"çi Mehdi Qasımzadənin edamına səbəb dini və irqi ayrı-seçkilikdir S.SOLTAN İran hakimiyyəti fars olmayanlarla yanaşı (ermənilər istisna olmaqla), dini azlıqların da haqlarını tapdayır. Ötən həftə ölkənin Simnan şəhərində bəhailərin qəbiristanlığı dağıdılıb. "Mediaforum"un məlumatına görə, ora hücum edənlər bütün başdaşlarını sındırıb, divarların və su çənlərinin üzərinə "Hamınızı öldürəcəyik!", "İsrailə ölüm!", "Kafir bəhaiyə ölüm!", "Cəhənnəm olub gedin İrandan!" kimi şüarlar yazıblar. Hələ ötən ilin mayında "İran Milli Məhfeli" adı altında fəaliyyət göstərən bəhai icmasının 6 rəhbəri tutulmuşdu. Onları İsrailə "casusluq"da ittiham edirlər. Beynəlxalq Əfv Təşkilatının hesabatına görə, İranda 300 min bəhai var. 30 il ərzində 200 nəfərdən çox bəhai edam edilib. İran parlamentinin mədəniyyət komissiyasının sədri Cavad Ariyənməneş jurnalistlərə bildirib: "Allahsızlığı yayan veb-səhifələrin sahibləri, cəmiyyətdə psixi təhlükəsizliyi pozanlar, silahlı basqınçılar, quldurluq, cinsi təcavüz və insan alverində günahlandırılanlara qarşı cəzalar şiddətlənir. Belə cinayətlər sübut olunacağı halda edam hökmü çıxarılır". İranın cinayət məcəlləsinə əsasən, allahsızlıqda suçlandırılanlara ölüm, sağ qolun, sol ayağın kəsilməsi, sürgünə göndərilmə cəzaları verilə bilər. Bir sıra müşahidəçilər hesab edirlər ki, Tehranın bu qərarı ölkədə azad düşünənlərə qarşı repressiyanın güclənəcəyindən də xəbər verir. Halbuki, İran Ana yasasının üçüncü fəslinin 23-cü maddəsində deyilir: "Əqidələri təftiş etmək qadağandır və heç kəsi müəyyən əqidəyə malik olduğuna görə təqib etmək, sorğuya çəkmək, töhmətləndirmək olmaz". Təəssüflər olsun ki, Tehran hakimiyyəti ölkə Əsas Qanununun başqa müddəaları kimi, əqidə azadlığına dair müddəanı da pozur. Elə beynəlxalq qurumların hesabatlarında da İran rəhbərliyi insan haqlarına, dini azadlığa sayğı göstərməyə çağırılır. Ötən gün Güney Azərbaycanın Qoşaçay rayonunun (farslaşdırılaraq "Miyandab" adlandırılıb) Üçtəpə kəndindən olan azərbaycanlı Mehdi Qasımzadənin edam olunduğu barədə xəbər yayılıb. Məlumata görə, o, 4,5 il həbsxanada saxlanıldıqdan sonra Urmiya şəhərindəki həbsxanada dar ağacından asılıb. M.Qasımzadə dörd il yarım öncə Qoşaçayın Üçtəpə kəndindən olan dörd nəfər "Əliallahi" - İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Yunis Ağaianla birlikdə hökumət qüvvələrinə silahlı müqavimət göstərmək ittihamı ilə həbs edilmişdi. Məhkəmə onlardan üçü barəsində 13 il azadlıqdan məhrumetmə cəzası çıxarmış, ikisini - Mehdi Qasımzadə və Yunis Ağaianı edama məhkum etmişdi. "Baybak"ın məlumatına görə, "Əliallahi" və ya "Əhli-həqq" inancından olanlar da islam dininə etiqad edənlərdir. Bu inancın daşıyıcıları əsasən türklərdir. Onlar hər zaman İran hakimiyyəti tərəfindən basqıya məruz qalıblar. Bu təriqət tərəfdarlarından bir çoxu həbs və edam olunub. "Savalanın səsi" saytının yaydığı xəbərə əsasən, Mehdi Qasımzadənin ailəsi onun cənazəsini almaq üçün Urmiyadakı Xomeyni adına xəstəxanaya getsə də, oradakı məsullar cənazəni onlara verməkdən imtina ediblər. Xəbərdə o da bildirilib ki, "Əhli-həqq" inancından olan azərbaycanlı məhbusların sayı çoxdur. İslam Respublikasının məhkəməsi onlar barədə gizlicə edam qərarı çıxarır. İnsan haqlarının qorunması ilə məşğul olan beynəlxalq qurumlar həmin məhbusların durumlarından narahat olduqları haqda bəyanat verib. Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsi, Azərbaycanlı Məhbusların Haqlarını Müdafiə Assosiasiyası, Dünya Azərbaycanlılarının Hüquqlarını Müdafiə Komitəsi bu məsələ ilə yaxından maraqlanmaqdadır. "Azadtribun"unun məlumatına görə, Üçtəpə kəndi Qoşaçay şəhərinin şimalında Çığatı çayının kənarında yerləşir. Bu kənddə 2 minə yaxın adam yaşayır. Onların inancları "Əhli-həqq" təriqətidir. Güney Azərbaycanda onlara "goran" deyirlər. Bütövlükdə isə, İran yaxud dünya üzrə goranların dəqiq sayı barəsində məlumat yoxdur. Rəsmi olmayan qaynaqlar goranların sayının bir neçə yüz min olduğunu iddia edir. Onların çoxu Güney Azərbaycandadır. Goranların həzrət Əliyə çox böyük sayğıları var. Mənbənin fikrincə, baş vermiş edamın kökünü 4 il öncə Üçtəpədəki dini və irqi ayrı-seçkilikdə axtarmaq lazımdır. Çünki Tehran hakimiyyətinin məmurları goranların bu kənddəki cüməxanalarını (ibadət yeri belə adlanır) bağlamışdı. Bundan öncə ötən parlament seçkisində goranların namizədi Sultanəli Məhəmmədinin səlahiyyəti ləğv edilmişdi. O, İran hakimiyyətini goranlara qarşı irqi və dini ayrı-seçkilik siyasəti aparmaqda suçlayan bildirişlər yaymışdı. Yerli müşahidəçilərin dediyinə əsasən, olayın əsas səbəbi cüməxananın bağlanmasına qarşı goranların etiraz aksiyası keçirməsidir. Həmin aksiya zamanı onlar türk və fars dillərində şüarlar yazaraq Tehran hakimiyyətindən goranlara qarşı dini və mədəni zülmə son qoymasını tələb etmişdilər. Bu dinc etiraz çıxışını yatırmaq üçün yüzlərlə silahlı hərbçi kəndə daxil olmuş, oranı mühasirəyə almış və aksiyaçıları vəhşicəsinə döymüşdülər. Bundan başqa ağır hərbi texnikadan açılan atəşlə kənd sakinlərinin evləri və bir çox bina dağıdılmışdı. Yayılan məlumatlara əsasən, həmin hərbi müdaxilə nəticəsində çoxlu sayda sakin öldürülmüş, 12 nəfər isə yaralanmışdı. İran hakimiyyəti bu kənddə baş verənlərlə bağlı dəqiq məlumat əldə etməyə indiyə qədər imkan vermir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar