SON XƏBƏRLƏR

Amerikalı hərbi ekspert: "ABŞ Azərbaycanı daha çox dəstəkləməlidir"

2021.10.20, 07:36
Amerikalı hərbi ekspert: "ABŞ Azərbaycanı daha çox dəstəkləməlidir"

Gunaz.tv
Amerikalı hərbi ekspert: "ABŞ Azərbaycanı daha çox dəstəkləməlidir" Vaşinqtonda "ABŞ-ın Cənubi Qafqaz siyasəti: enerji və geosiyasət" mövzusunda konfrans keçirilib ABŞ-ın "Heritage" Fondunda "ABŞ-ın Cənubi Qafqaz siyasəti: enerji və geosiyasət" mövzusunda konfrans keçirilib. Vaşinqtonda regionla bağlı araşdırma aparan bir çox təşkilatın iştirakı ilə keçirilən tədbirdə Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun rəhbəri Frederik Star bildirib ki, Cənubi Qafqaz regionunda iki problemin dominantlıq edir: təhlükəsizlik və ərazi bütövlüyü məsələsi. Onun fikrincə, digər regional qüvvələrdən fərqli olaraq, son 15 ildə ABŞ-da hakimiyyətdə olan demokratlar və respublikaçılar Qafqazın incəliklərini dərindən anlayıblar, keçid mərhələsində olan Azərbaycanla Gürcüstanın milli təhlükəsizliyinə təhdid təşkil edən problemlərə diqqətlə yanaşıblar. Rəsmi Vaşinqtonun fəaliyyətinin bariz nümunəsi isə adı çəkilən ölkələrlə birlikdə reallaşdırılan neft-qaz kəməri layihələri olub. F. Star deyib ki, regionun iri dövlətləri olan Rusiya, Türkiyə və İranın bölgəyə təsirlərini proqnozlaşdırmaq mümkün olmadığından Cənubi Qafqazda gərginliyin qalması labüddür, enerji istehsalında mühüm rol oynayan Azərbaycan, Türkmənistan və Qazaxıstanda isə stabil hökumətlər iş başında olacaq. F. Star Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi də tənqid edərək, Əfqanıstana gedən strateji yolun üzərində yerləşən Azərbaycana qarşı bu siyasəti yanlış adlandırıb (APA). Milli Müdafiə İnstitutunun zabiti Con Çiski isə qeyd edib ki, Azərbaycan Gürcüstana maliyyə və iqtisadi cəhətdən yardım göstərək ciddi riskə girir, buna görə də ABŞ Azərbaycanı ən az Gürcüstan qədər, bəzi hallarda isə daha çox dəstəkləməlidir. "Heritage" Fondunun aparıcı mütəxəssisi Ariel Koen bildirib ki, avqust ayında Gürcüstanla Rusiya arasındakı müharibə nəticəsində rəsmi Moskva NATO və Qərbə yaxınlaşmaqda olan dövlətlərə ciddi siqnal yollasa da, alternativ enerji dəhlizlərinin işini dayandıra bilməyib. A. Koenin qənaətinə görə, avqust ayında Rusiya və Gürcüstan, keçən ilin son günlərində isə Rusiya ilə Ukrayna arasında yaranmış münaqişə "Nabucco" kimi alternativ qaz layihələrinin əhəmiyyətini artırıb. Lakin Avropa Birliyindəki bürokratiya və lidersizlik faktorları layihənin reallaşmasını çətinləşdirir. Azərbaycan Diplomatik Akademiyasının rəsmisi Fariz İsmayılzadə isə "Nabbuco"nun reallaşmasına 4 əsas amilin əngəl törətdiyini söyləyib: borunun təhlükəsizliyinin təmin edilməsi, "dondurulmuş münaqişələr", Rusiyanın Ermənistanda saxladığı hərbi bazanın yaratdığı təhlükələr və böyük siyasi oyunlarda fəal iştirak edən PKK kimi terror təşkilatlarının mövcudluğu. İsmayılzadə Türkiyə-Ermənistan yaxınlaşmasının Azərbaycanda mənfi qarşılandığını, Rusiyanın Türkiyə ilə müqayisədə Azərbaycan qazına daha yüksək qiymət təklif etdiyini, AB-nin vahid mövqedən çıxış etməməsinin qaz layihəsinin reallaşmasına maneə törətdiyini deyib. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev və Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov da iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar