SON XƏBƏRLƏR

Azərbaycan apreldən qızıl hasilatına başlayacaq

2021.10.20, 07:36
Azərbaycan apreldən qızıl hasilatına başlayacaq

Gunaz.tv
Azərbaycan apreldən qızıl hasilatına başlayacaq [ 28 Yanvar 2009 17:37 ] Bakı. Elmin İbrahimov, Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanın «Gədəbəy» qızıl yatağı yaxınlığında qızıl emal edəcək zavodun fevral ayının sonunda işlək vəziyyətə gətirilməsi planlaşdırılır. Hasilat işlərini aparacaq Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətindən (ABMƏŞ) «APA-ECONOMICS»ə verilən məlumata görə, artıq fevraldan etibarən yataqdan hasil edilən qızıl xammalının süzmə meydançasına çatdırılmasına başlanacaq. Ötən ilin dekabr ayının sonunda absorbsiya, desorbsiya və emaletmə qurğusu, həmçinin sulfidləşdirmə, turşulaşdırma, utilizasiya və qatılaşdırma çənləri quraşdırılıb. Emaledici zavodun polad strukturlarının qurulması yanvarın sonuna qədər başa çatacaq. Elektron cihazların və daşıyıcı boruların qurulması isə mart ayının ortalarında yekunlaşacaq. Aprelin əvvəlində isə yataqdan qızılın çıxarılmasına və saflaşdırılmasına start veriləcək. «Əvvəllər əlavə vəsaitə ehtiyac yaranacağı gözlənilsə də, bütün işlər layihənin büdcəsi çərçivəsində aparılıb və əlavə maliyyə vəsaitinə ehtiyac olmayıb», - deyə şirkətdən bildirilib. ABMƏŞ-in apardığı son qiymətləndirmələrə əsasən, «Gədəbəy» yatağının qızıl ekvivalentində çıxarıla bilən ümumi ehtiyatı 1 mln. unsiya, layihənin əsaslı xərcləri isə 30,7 mln. ABŞ dolları həcmindədir. Hesablamalara görə, 1 unsiya qızılın alınması üçün «Gədəbəy»də təxminən 15 ton zənginləşdirilmiş torpaq emal olunmalıdır. Hər 1 ton torpaqdan isə 2 qram qızıl almaq mümkündür. Növbəti mərhələdə isə Tovuz rayonu ərazisindəki «Qoşa» yatağında istismar işlərinə başlanılacaq. Qeyd edək ki, Azərbaycanda qızıl istehsalına 2008-ci ilin son rübündə başlanması planlaşdırılsa da, bəzi texniki səbəblərlə bağlı proses ləngiyib. ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Zod», Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar