SON XƏBƏRLƏR

Ekspertlər: Dünya neft bazarında bundan sonra qiymətlər yalnız yüksələcək

2021.10.20, 07:36
Ekspertlər: Dünya neft bazarında bundan sonra qiymətlər yalnız yüksələcək

Gunaz.tv
Ekspertlər: Dünya neft bazarında bundan sonra qiymətlər yalnız yüksələcək [ 05 Yanvar 2009 14:23 ] Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dünya bazarında neftin qiyməti 2008-ci il ərzində iki dəfə düşüb. «APA-ECONOMICS»in məlumatına görə, ötən ilin yanvar ayının əvvəlində neftin 1 barelinin qiyməti 95 ABŞ dolları təşkil etdiyi halda, dekabrın 30-da bu göstərici 47 dollara qədər enib. Eyni zamanda, 2008-ci ildə neftin qiyməti öz tarixi maksimumuna - 147 dollar/barel həddinə (iyul) çatıb. Ümumilikdə, ötən il neftin qiymətinin enməsi tendensiyası müşahidə olunub: Qrafikdən göründüyü kimi, oktyabr-dekabr aylarında, yəni dünya iqtisadi böhranı kəskinləşdiyi dövrdə neftin ucuzlaşma tempi analoji illik tempə bərabər olub. Bu, böhranın neft bazarına mənfi təsirinin miqyasını aydın şəkildə əks etdirir. Analitiklərin fikrincə, IV rübdə neftin kəskin ucuzlaşması məhz dünya maliyyə böhranının real sektora keçməsi, yəni iqtisadi böhrana çevrilməsi ilə bağlıdır. Daha dəqiq desək, böhranın real sektora keçməsi iqtisadiyyatın hər iki sahəsinə təsir göstərib - həm istehlak, həm də istehsal azalıb. Belə ki, maliyyə sistemindəki problemlər investorların gəlirlərini, yəni istehlak qabiliyyətinə mənfi təsir göstərib, həm də müəssisələrin maliyyə vəziyyətini pisləşdirərək, istehsal güclərini azaldıb. Nəticədə, bir tərəfdən istehsalatda neftə olan tələbat, digər tərəfdən neft məhsulları, xüsusən də istehlak bazarında benzinə tələbat azalıb. Bazarda təklifin həmin səviyyədə qalması, tələbatın isə düşməsi neftin ucuzlaşmasına gətirib çıxarıb. Bu proseslərə cavab olaraq, IV rübdə dünyanın əsas ixracatçısı olan OPEC bazarda təklifin tələbatla tarazlaşdırılması məqsədi ilə üç dəfə neft hasilatının maksimal həddinin azaldılması haqqında qərar qəbul edib. Belə ki, sentyabrdan başlayaraq OPEC gündəlik neft hasilatını 4,2 mln. barel azaldıb, lakin bu ilin sonuna kimi bu addımlar öz faydasını verməyib. Lakin qeyd etmək lazımdır ki, OPEC-in dekabrın 17-də qəbul etdiyi sonuncu qərarın bazara təsiri yalnız iki aydan sonra gözlənilir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hazırda neft bazarı daha çox qiymətli kağızlar bazarıdır, çünki bazarda neftin alqı-satqısı fyuçers kontraktları ilə aparılır. Bu səbəbdən neft bazarına tək real iqtisadiyyatda olan amillər deyil, investisiya riskləri də təsir göstərir. Dünya maliyyə böhranı nəticəsində investorlar müvəqqəti olaraq alternativ kimi vəsaitlərini əsasən qızıl və ABŞ dollarının alınmasına yönəldirlər. Nəticədə, dünya bazarında həm qızıl, həm dollar bahalaşmağa başlayıb, fond bazarlarında isə qiymətlər düşür. Beləliklə, neft bazarında real tələbatdan başqa, süni, yəni spekulyativ tələbat da azalıb. Digər tərəfdən, neftin ucuzlaşması dünyanın müxtəlif bölgələrində əsasən dərin quyulardan neftin hasilatını rentabelsiz edib. Buna görə də, neftin qiymətinin dinamikasını proqnozlaşdırmaq üçün bu cür amilləri nəzərə almaq vacibdir. Hazırda investorların fond bazarlarına, o cümlədən neft üzrə fyuçerslər bazarına qayıdışı müşahidə olunur ki, tədricən spekulyativ tələbatın bərpa olunacağını gözləmək mümkündür. Bu amil isə ən azı bazarda enmə tendensiyasını dayandıra bilər və ya onun kəskinləşməməsi üçün şərait yarada bilər. Digər tərəfdən, neft hasilatının rentabelsiz olması hasilatla məşğul olan transmilli korporasiyaların gəlirlərini azaldır. Nəticədə, həmin iri korporasiyalar siyasi alətlər vasitəsi ilə aparıcı dövlətlərin hökumətlərinə təsir göstərir. Bu səbəbdən, inkişaf etmiş ölkələrdə real sektorun (neftin əsas istehlakçıları) bərpa proqramlarının genişlənəcəyini gözləmək olar. Bu isə öz növbəsində bazarda neftə tələbatı artıracaq. Düzür, bu proses bir neçə ay davam edə bilər, lakin artıq onun başlaması bazara müsbət təsir göstərəcək. Nəhayət, ekspertlər artıq b ilin ortalarında dünya iqtisadiyyatının bərpa olunmağa başlayacağını bildirirlər ki, bu da neft bazarında qiymətin yüksəlməsi ilə nəticələnəcək. Sonda qeyd etmək lazımdır ki, analitiklərin fikrincə, neft bazarında qiymət artıq öz mümkün minimal həddinə çatıb və bundan sonra yalnız artım gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar