SON XƏBƏRLƏR

HAKİMİYYƏT XARİCİ RADİOLARI BAĞLADI İqtidar Qərbə meydan oxudu “Azadlıq”, “Amerikanın səsi” və BBC-nin yayımını dayandırmaq cəhdləri yerli və beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənir

2021.10.20, 07:36
HAKİMİYYƏT XARİCİ RADİOLARI BAĞLADI İqtidar Qərbə meydan oxudu “Azadlıq”, “Amerikanın səsi” və BBC-nin yayımını dayandırmaq cəhdləri yerli və beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənir

Gunaz.tv
HAKİMİYYƏT XARİCİ RADİOLARI BAĞLADI İqtidar Qərbə meydan oxudu “Azadlıq”, “Amerikanın səsi” və BBC-nin yayımını dayandırmaq cəhdləri yerli və beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənir Azərbaycanda fəaliyyət göstərən xarici radioların yerli tezlikdə yayımı 2009-cu il yanvarın 1-dən dayandırılacaq. Milli Teleradio Şurası (MTRŞ) bu haqda dekabrın 30-da qərar verib. Şura bəyan edib ki, xarici radioların FM tezliyində yayımlanması Azərbaycanın “Milli teleradio yayımı haqqında” Qanununa uyğun deyil. Bundan sonra bu radiolar öz fəaliyyətini qısa dalğada, internet və peyk yayımı ilə davam etdirə bilər. Azərbaycan rəsmiləri deyir ki, xarici radioların ölkədə yayımı beynəlxalq qaydalara uyğunlaşdırılır. Xatırladaq ki, ölkədə üç xarici radio - “Azadlıq”, “Amerikanın səsi” və BBC radioları fəaliyyət göstərir. Xəbəri öyrənən kimi öncə “Azadlıq” radiosu Bakı bürosunun rəhbəri Xədicə İsmayılova ilə əlaqə saxladıq. O, fəaliyyətlərini hələlik davam etdiklərini, işçilərinsə işdə olduğunu bildirdi. X.İsmayılovanın sözlərinə görə, bunun əksi barədə heç bir qərar yoxdur. O bildirdi ki, “Azadlıq” radiosunu yanvarın 1-dən etibarən qısa radiodalğalarda (SW 9.48 MHz tezliyində), peyk, həmçinin əvvəlki qaydada internet vasitəsilə dinləmək mümkündür. “Azad Avropa/Azadlıq” radiolarının prezidenti Cefri Gedmin MTRŞ-nin qərarından məyus olub. O, Azərbaycan xalqının vacib informasiya almaq imkanından məhrum olunduğunu deyir: “Məncə, bu, çox məyusedicidir. Hər şeydən əvvəl Azərbaycan xalqına görə məyus oluram. Biz Azərbaycanda müstəqil, etibarlı və dəqiq informasiya mənbəyi kimi tanınırdıq. Bizi və o biri xarici radioları - BBC və “Amerikanın səsi”ni yerli tezliklərdən çıxarmaqla xalqı vacib informasiya almaq imkanından məhrum etdilər. Həyat yolunu seçən, vətəndaş cəmiyyətini qurmağa çalışan xalqın hərəkət etməsi üçün bu informasiyaya ehtiyacı var”. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də “Yeni Müsavat”a açıqlamasında bu qərarı mənfi qiymətləndirdi. Müsahibimiz hökumətin bu cür vacib məsələlərin müzakirəsi və vacib qərarın çıxarılmasında ictimai rəyi, məsələnin ictimai mahiyyətini nəzərə almamasından təəssüflənir: “Bu hakimiyyət lazım gələndə hətta konstitusiyanın maddəsini də dəyişə bilir. Özünə sərf etməyəndə isə ziddiyyətli qanun normasını guya ki, uca tutur. Bu məsələnin müzakirəsinə aidiyyatı olan strukturların qarşısında seçim vardı: ya məsələnin ictimai mahiyyətini, cəmiyyətdə plüralizm maraqlarını üstün tutmaq, ya da Azərbaycanın onsuz dar və bəsit olan media mühitinə daha bir zərbə endirmək. Açıq-aşkar göründü ki, ikinci istiqamətə üstünlük verdilər”. “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev də hesab edir ki, hakimiyyətin bu məsələdəki mövqe və istəyi əvvəldən bilinirdi. Onun sözlərinə görə, bu mövqe ilk növbədə “Azadlıq” radiosunun digər kanalların qaldırmadığı problemləri işıqlandırması ilə bağlı qoyulub: “Bu radio ölkədə baş verən siyasi-iqtisadi problemlər barədə daha düzgün və balanslı informasiya yayırdı. Bu isə təbii ki, hakimiyyəti qane etmirdi. Onlar bu radioların bağlanmasının tərəfdarı idi. Əlbəttə ki, qərarın ilin sonunda verilməsi gözlənilməz idi”. M.Əliyev hesab edir ki, əgər ABŞ, İngiltərə xarici radioların fəaliyyətinin davamını istəsələr, bu, baş verəcək. Onun sözlərinə görə, əgər onlar bunu istəmirsə və hakimiyyət tərəfindən verilən qərarı bizə sırımaq fikrindədirlərsə, onda məsələyə başqa cür yanaşmaq lazım gələcək: “Bu gün Azərbaycan Qərblə kifayət qədər bağlıdır. Ölkənin təhlükəsizliyi, müstəqilliyi, yavaş da olsa Qərb standartlarına uyğunlaşdırılması prosesi əlbəttə ki, həmin ölkələrin səyləri, himayədarlığı nəticəsində baş verir. Yoxsa, Azərbaycanın vəziyyəti başqa cür olardı. Deməli, bu gün bu qərar qəbul olunubsa, Qərb ölkələri ilə razılaşdırılıb. Ona görə də geri oxunma ehtimalı var. Bunu problem hesab etmirəm”. “Mən bu qərarın qəti əleyhinəyəm. İndiyə qədər də anlaya bilmirəm ki, bu qərar haradan gəldi, xarici radioların milli tezlikdə yayımını dayandırmaq fikri niyə doğdu. Mən bu qərarı həm başa düşmürəm, həm də başa düşmək istəmirəm”. Bunu isə Milli Məclisin üzvü, şair Vaqif Səmədoğlu deyib. Sözügedən qərara münasibətini “Media forum” saytına açıqlayan V.Səmədoğlu bildirib ki, MTRŞ-nin qərarının əslində elə bir effekti də olmayacaq: “Bu radiostansiyaların yayımını dayandırmaq mümkün deyil axı. Verilişlərini Bakıdan yaya bilməsələr, Praqadan, Münhendən yayacaqlar. Ona görə də mən şuranın qərarının radiolara ciddi problem yaradacağını da düşünmürəm. Kimin nə qərar çıxarmasına baxmayaraq onlar fəaliyyət göstərəcək. Onların arxasında ABŞ, Avropa durub. Bir də unutmaq lazım deyil ki, Azərbaycan xalqının ən ağır günlərində, 20 yanvar hadisələri zamanı əlimizdən tutan, karımıza yetən, səsimizi dünyaya çatdıran bu radiolar olub. Xüsusilə də “Azadlıq” radiosu”. Siyasətçilərin də bu hadisəyə baxışı kəskindir. Müsavat Partiyasının başqanı İsa Qəmbər məsələni “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, hakimiyyətin bu cür azğınlaşması bəzi ekspertlər tərəfindən onun güclü olması ilə izah olunsa da əslində bu, onun qorxusu, zəifliyi kimi izah edilməlidir. Müsavat başqanının fikrincə, güclü və özünə arxayın hakimiyyət azad sözdən, fərqli fikirlərin səslənməsindən qorxmamalıdır: “Hakimiyyət haqsız, günahkar, xalqın qarşısında gözükölgəli olduğunu bilir. Ona görə də çalışır ki, fərqli fikrin səsləndirilməsi imkanlarını mümkün qədər məhdudlaşdırsın. İndiki halda hakimiyyət çox nüfuzlu, beynəlxalq miqyasda tanınmış radioların Azərbaycan daxilində yayımlanması ilə bağlı qadağaları tətbiq etməklə ciddi səhvə yol verir. Çünki bu, əks nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, bu, ilk növbədə beynəlxalq birlik, azad dünya, ABŞ, Böyük Britaniya kimi ölkələr üçün bir sınaq, şərəf məsələsidir ki, onlara qarşı bu cür davranırlar. Eyni zamanda azad dünyanın nəticə çıxarması üçün kifayət qədər önəmli təzahürdür. Çünki avtoritar rejimlərə loyal yanaşmaq bu tipli hakimiyyətlərin azğınlaşmasına gətirib çıxarır”. İ.Qəmbərin sözlərinə görə, beynəlxalq birlik dərk etməlidir ki, birmənalı şəkildə avtoritar rejimlərin qabağından çəkilmək onların daxilən demokratikləşəcəyi, liberallaşacağı situasiyasına gətirib çıxarmır. Əksinə, daha da azğınlaşacağı görünür. Müsavat başqanı növbəti günlərdə hakimiyyətlə beynəlxalq birlik arasında xarici radiostansiyalarla bağlı alver ehtimalı barədə sualımıza da aydınlıq gətirdi. Onun sözlərinə görə, bu, belə olsa da, hakimiyyətin prinsipial olaraq söz və mətbuat azadlığına münasibəti dəyişməyəcək: “O baxımdan mən bu tipli hadisələrə bir təzahür kimi baxıram. Bazarlığın nəticəsində hansısa xırda dəyişiklik ediləcəksə, bunu xüsusi önəmli hadisə kimi təqdim etməyin tərəfdarı deyiləm. Bu, beynəlxalq birliyin özü üçün də keçərlidir. Əksinə, beynəlxalq birliyin söz azadlığı məsələsində prinsipial mövqeyi o zaman daha səmimi görünər ki, təkcə öz radiolarına yox, başqa media strukturlarının da haqlarına, müstəqilliyinə bu qədər diqqət və qayğı ilə yanaşsınlar”. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov da hesab edir ki, əgər hakimiyyət özünü çox arxayın hiss etsəydi, belə açıq-aydın, antidemokratik addım atmazdı. Onun sözlərinə görə, bu qərarın arxasında hakimiyyətin narahatçılığı görünür. Müsahibimiz hesab edir ki, bu narahatlıq ölkədə yaranmış durumla, proseslərlə bağlıdır: “Siyasi səhnədə açıq-aydın hakimiyyət çox avtoritar və partiyalaşmış bir siyasət yürüdür. Eyni zamanda qabaqdan sosial-iqtisadi baxımdan ağır bir il gəlir. Dünyadakı iqtisadi böhran Azərbaycana ciddi təsir etməyə başlayır. Neftin qiymətinin kəskin aşağı düşməsi 2009-cu ildə onsuz da çox gərgin olan sosial duruma daha böyük gərginliklər gətirəcək”. E.Namazovun fikrincə, hakimiyyət məhz bu narahatlıqdan irəli gələrək azad mətbuatın tam susdurulması kursunu seçib. Müsahibimiz yerli telekanallarla bağlı məsələdə buna nail olunduğunu vurğuladı: “Hakimiyyət növbəti addım kimi yüz minlərlə insanın obyektiv informasiya əldə etdiyi məkanı - xarici radioları bağladı. Bu radioların fəaliyyəti cəmiyyətin bütün tərəflərinin sözünü işıqlandırmaqdan ibarət idi. Hakimiyyətsə 2009-cu ilin çox ağır il olduğunu anlayaraq indidən müxalif səsləri azaltmağın yolunu bu radioları bağlamaqda gördü”. Kinorejissor Ayaz Salayevsə “Media forum” saytına açıqlamasında bildirib ki, Azərbaycanda xarici radioların bağlanması onların nüfuzunu daha da artıracaq. Kinorejissorun fikrincə, informasiya mənbəyini nə qədər məhv etməyə çalışsan da onun populyarlığı, əhəmiyyəti, təsiri bir o qədər artır. “Mən “Azadlıq” radiosunda çox təmiz, ləyaqətli, ağıllı, təvazökar insanların böyük fikirlərini dinləmişəm. Bu fikirlər mənim inkişafıma, mənəvi durumuma, intellektual səviyyəmə təsir edib”. Bu fikirlərin müəllifi olan “Yuğ” teatrının bədii rəhbəri Vaqif İbrahimoğlunun sözlərinə görə, “Azadlıq” radiosunun sədaqətli dinləyiciləri qəm çəkməməlidir: “Çünki “Azadlıq” ləğv olunmur. Mən sovet vaxtında böyümüşəm, “Azadlıq” radiosunun xırıltılı, itən dalğalarını dinləyib formalaşmışam. Həqiqət nemətdirsə, onu əldə etmək hünər tələb edir. Ona görə də burada böyük faciə görmürəm”. “Sərhədsiz Reportyorlar” təşkilatının Avropa proqramlarının rəhbəri Elza Vidal da MTRŞ-nın yerli tezliklərdə xarici radioların yayımına qadağa qoymasını pisləyib. O, “Azadlıq” radiosuna müsahibəsində deyib ki, xarici radioların heç birini qadağan etməyə ehtiyac yox idi, sadəcə Azərbaycanda informasiya üzərində prezident və onun ətrafının artıq həyata keçirdiyi nəzarəti bir qədər də artırmaq istəyi var: “Bu, çox kədərlidir. Əlbəttə ki, biz xüsusilə siyasi həyatla bağlı obyektiv, neytral, faktiki informasiyaya çıxışda çətinliklərlə üzləşən Azərbaycan xalqının itkisindən çox narahatıq”. E.Vidal deyib ki, “Sərhədsiz Reportyorlar” xarici yayımların efirə dönməsi üçün müraciətlər edəcək, çünki, bu, baş verməsə, Azərbaycan xalqı üçün çox pis olacaq: “Bu, sovet dövrünə dönüş olar. O zaman insanlar öz ölkələrində əslində nə baş verdiyindən azacıq da olsa məlumat almaq üçün qısa dalğada xarici radioları dinləmək məcburiyyətində idilər. Bu, dəhşətli bir kabusdur”. Sevinc TELMANQIZI 612 dəfə baxılıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar