SON XƏBƏRLƏR

Azərbaycanda prezident ömürlük olsa…

2021.10.20, 07:36
Azərbaycanda prezident ömürlük olsa…

Gunaz.tv
Azərbaycanda prezident ömürlük olsa… ...mübarizəni davam etdirməyin mənası qalacaqmı? Murad Köhnəqala: "Prezident ömürlük olsa, ölkəni tərk etmək lazımdır, özü də bu dəfə tək-tək yox, rayon-rayon, kənd-kənd..." Zamin Hacı: "Bunlar Konstitusiyanı yerli-dibli ləğv edib, əvəzində iki maddəlik bir qanun qəbul edəcəklər. Birinci maddədə yazacaqlar ki, İlham Əliyev həmişə haqlıdır. İkinci maddədə yazacaqlar ki, İlham Əliyev haqlı deyilsə, birinci maddəyə bax..." Məlum olduğu kimi, artıq YAP-ın təşəbbüsü ilə Azərbaycanda prezidentin iki dəfədən artıq seçilməsini qadağan edən Konstitusiya müddəasının dəyişdirilməsinə hazırlıq gedir. Artıq bununla bağlı təkliflər Konstitusiya Məhkəməsinə göndərilib. Faktiki olaraq, ölkədə respublika quruluşu ləğv olunur, ölkə şahlıq dövrünə qayıdır. Əgər hakimiyyətin istəyi gerçəkləşsə, Azərbaycanın müxalifət partiyalarında və mətbuatında çalışanlar hansı addımı atacaq: meydandan çəkiləcək, yoxsa yola davam edəcəklər? İbrahim İbrahimli mübarizəni davam etdirəcək... Müsavat Divanının üzvü İbrahim İbrahimli deyir ki, hakimiyyətin "ömürlük prezident" ideyasının reallaşmasına xalq imkan verməyəcək: "Onların qaldırdığı məsələlər boş şeylərdir. Hakimiyyət belə istəkdə bulunsa da, onun reallaşması mümkün deyil. Azərbaycanı Rusiya ilə müqayisə etmək olmaz. Rusiyanın dili də var, dilçəyi də. Amma bizim nə dilimiz var, nə də dilçəyimiz. Sadəcə, bununla ictimai rəyi yoxlamaq istəyirlər. Hesab edirəm ki, bu məsələnin müzakirəsi yeni prosesin başlamasına təkan verə bilər. Bir zamanlar varis məsələsi ilə bağlı da belə müzakirələr aparılmışdı. Məncə, millət artıq həmin hadisədən dərs çıxarıb və hakimiyyətin ədədiləşdirilməsinə, monarxiyanın yaradılmasına öz kəskin etirazını bildirəcək. Təbii ki, o etirazın önündə də İbrahim İbrahimli olacaq. Yəni nə baş verməsindən asılı olmayaraq, meydanı tərk etməkdən söhbət belə gedə bilməz". ...elə Əvəz Temirxan da! ALP-nin sədr əvəzi Əvəz Temirxan hakimiyyətin əbədiləşdiriləcəyindən sonra nəylə məşğul olacağını proqnozlaşdırmaq belə, istəmir. Əvəz bəy bundansa, ideyanın gerçəkləşməsinin qarşısını almaq üçün mübarizə aparmağın tərəfdarıdır: "Gəlin ümid etməyək ki, Azərbaycanda monarxiya qurulacaq, əksinə, onun qurulmasına qarşı mübarizə aparaq. Bütün Azərbaycan xalqı əlindən gələni etməlidir ki, diktatura monarxiyaya çevrilməsin". Əvəz bəyin fikrincə, xalqın etirazını formalaşdırmaq missiyası siyasi partiyaların üzərinə düşməlidir: "İlk növbədə mübarizəyə siyasi partiyalar başlamalıdır. Aparıcı müxalifət partiyaları bu yöndə müzakirələrə başlamalıdırlar. Prosesin qarşısının alınması yolları mütləq tapılmalıdır. Hesab edirəm ki, saxta mandatla parlamentdə oturub yalançı müxalifət görüntüsü yaradan partiyalardan savayı bütün siyasi partiyalar bir araya gəlməlidirlər. Monarxiya cəhdinə qarşı hər bir vətəndaş mübarizə aparmalıdır. Artıq bunun zarafat olmadığını bütün cəmiyyət anlamalıdır". Nurəddin Məmmədli indiyə qədər nə ilə məşğul olubsa, bundan sonra da onunla məşğul olacaq... AXCP sədrinin müavini Nurəddin Məmmədli isə deyir ki, onun gələcək fəaliyyəti prezidentin ölkədə ömürlük olub-olmamasından asılı deyil. Nurəddin bəy iddia edir ki, əvvəl-axır bu rejim dəyişəcək: "Nurəddin Məmmədli indiyə qədər nə ilə məşğul olubsa, bundan sonra da onunla məşğul olacaq. Hakimiyyət Avropada despotik feodal idarəçiliyinə söykənən monarxiya qurmaq istəyir. Əlbəttə, bu addım Azərbaycan dövlətçiliyinə və millətinə şərəf gətirmir. Hesab edirəm ki, bu rejimin ömrü o qədər də uzun olmayacaq və tayfadan kimin də hakimiyyətdə olmasının məsələyə elə bir təsiri yoxdur. Rejim dəyişəcək, Azərbaycan demokratik yolla inkişaf edəcək. Hakimiyyətin bu hərəkəti məni yalnız milləti ruhdan, kökdən salmaq baxımından əndişələndirir, başqa heç bir mahiyyət daşımır". ...Murad Köhnəqala yazmağın daşını atacaq... "Azadlıq" qəzetinin köşə yazarı Murad Köhnəqala hakimiyyət əbədiləşdiriləcəyi təqdirdə yazmağın daşını atmaq fikrindədir. Murad bəy bildirdi ki, YAP-çılar istəklərini reallaşdırsalar, onun da ölkəni tərk etmək perspektivi artacaq: "Belə olacağı təqdirdə Azərbaycandan qaçmaq lazım gələcək. Düzdü, heç indi də yazdıqlarımıza fikir verən yoxdur. Millət bu yazıları oxuyub, gözünü döyməklə məşğuldur. Yazdıqlarımızla nə isə həll olunmur. YAP-çıların təklifləri reallaşsa yəqin ki, bu hakimiyyəti dəyişmək imkanımız qalmayacaq. Ancaq mən ölkədən köçəndə də bunu kompakt şəkildə etməyin tərəfdarıyam. Azərbaycandan hansı ölkəyə gedəcəyiksə, ora rayon-rayon, kənd-kənd köç etmək lazımdır". Murad bəyin fikrincə, YAP-çılar təkliflərini reallaşdırmaqda elə də çətinlik çəkməyəcəklər. Yazar bu qənaətə əvvəlki təcrübələrə əsaslanaraq gəldiyni deyir: "Guya İlham Əliyevi kimsə prezident seçmişdi? Amma onu çox asanlıqla prezident etdilər. Təbii ki, onlar istəsələr, bu təkliflərini də reallaşdıracaqlar. Kimdir onlara qarşı müqavimət göstərən? Ümid dünya birliyinə qalıb ki, onlar da həmişəki kimi arsızlıq etsələr, YAP-çıların işi yağ kimi gedəcək". ...Zamin Hacı isə daha çox və daha sərt yazacaq! "Yeni Müsavat" qəzetinin köşə yazarı Hacı Zamin üçün hakimiyyətin əbədiləşdirilməsi yönündə YAP-çıların atdığı addımların heç bir əhəmiyyəti yoxdur. Zamin bəy deyir ki, o, nəyi və necə yazacağını bu kimi hadisələrə hesablamır: "Hakimiyyətdə kimin olmasından, kiminsə dörd-beş dəfə prezident seçilməsindən asılı olmayaraq, biz yaşamalıyıq, mübarizəmizi aparmalıyıq. Orta əsrlərdə padşahlar ömürlük seçilirdilər. Məgər onda insanlar mübarizə aparmırdılar, şahdan, kraldan hüquqlarını tələb etmirdilər?! İndi Azərbaycanda da feodalizm dövrüdür. Əksinə, onların neçə müddətə hakimiyyətdə qalmasından asılı olmayaraq feodal təfəkkürlü insanları başa salmaq üçün daha çox çalışmalıyıq". Zamin bəy də hakimiyyətin "ömürlük prezident" ideyasını gerçəkləşdirəcəyini istisna etmir. Onun fikrincə, Azərbaycanda Konstitusiyanın, qanunların heç bir dəyəri yoxdur: "Dəfələrlə qanunların başına istənilən oyunun açıldığının şahidi olmuşuq. Azərbaycan hakimiyyəti Konstitusiya ilə küçə qadını kimi davranır. Ümumiyyətlə, Azərbaycanda prezidentin qanuni və ya qanunsuz şəkildə seçilməsinin heç bir fərqi yoxdur. Bura hüquqi boşluğun olduğu bir məkandır. Hətta mən gözləyirəm ki, referendum keçirib Konstitusiyanı yerli-dibli ləğv etsinlər…. Sadəcə iki maddədən ibarət bir qanun qəbul edə bilərlər. Birinci maddədə yazılar ki, İlham Əliyev həmişə haqlıdır. İkinci maddədə də yazarlar ki, İlham Əliyev haqlı deyilsə, birinci maddəyə bax". Natiq Muxtarlı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar