SON XƏBƏRLƏR

Hökumət Qərblə qarşıdurmaya getdi

2021.10.20, 07:36
Hökumət Qərblə qarşıdurmaya getdi

Gunaz.tv
Hökumət Qərblə qarşıdurmaya getdi 31.12.2008, 02:43 Xarici radioların milli tezliklərdə yayımı dayandırıldı Beynəlxalq təşkilatlar və ölkə ictimaiyyəti bu qərarın əleyhinə çıxdı Milli Televiziya və Radio Şurası (MTRŞ) dünənki iclasında “Azadlıq”, “Amerikanın səsi”, BBC radiolarının Azərbaycanda sərbəst yayımını dayandırmaq haqda qərar çıxarıb. Şuranın arqumentinə görə, Azərbaycanın milli tezlikləri milli yayımlara aid olmalı, teleradio yayımı Avropa standartlarına uyğunlaşdırılmalı, xarici teleradio kanalları yalnız peyk, kabel və internet şəbəkələri vasitəsilə yayımlanmalıdır. Qurumun sədri Nuşirəvan Məhərrəmli qərarı şərh edərkən xarici radioların FM tezliyində yayımlanmasının “Teleradio fəaliyyəti haqqında” qanuna uyğun olmadığını bildirib: “Azadlıq”, BBC və “Amerikanın səsi” radiolarına verilmiş lisenziyanın vaxtı uzadılmadı və onlara verilmiş FM tezliklərinin geri alınması haqda qərar verildi. Mən hesab edirəm ki, biz düz etdik. Azərbaycanın efir məkanında hüquqi tənzimlənmə öz həllini tapmalı idi". Cefri Gedmin: “Xalqı vacib informasiya almaq imkanından məhrum etdilər” Qərara dərhal münasibət bildirən “Azad Avropa/Azadlıq” radiolarının prezidenti Cefri Gedmin Azərbaycan xalqının vacib informasiya almaq imkanından məhrum olunduğunu deyib: “Məncə, bu, çox məyusedicidir, həm də hər şeydən əvvəl Azərbaycan xalqına görə məyus oluram. Biz Azərbaycanda müstəqil, etibarlı və dəqiq xəbər, informasiya mənbəyi kimi tanınırdıq. Bizi və o biri xarici radioları - BBC və ”Amerikanın səsi"ni yerli tezliklərdən çıxarmaqla onlar xalqı vacib informasiya almaq imkanından məhrum etdilər. Həyat yolunu seçən, vətəndaş cəmiyyətini qurmağa çalışan xalqın hərəkət etməsi üçün bu informasiyaya ehtiyacı var". Mikloş Haraşti: “Təklif olunan alternativlər 21-ci əsrə uyğun və yararlı deyil” ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti də dünən məsələyə operativ reaksiya verib: “Azərbaycanda jurnalistlərə olan hücumlar nəticəsində onların təhlükəsizliyinin azalması nəzərə alınarsa, bu, xüsusilə məyusedicidir. Müstəqil mətbuat, onların redaktorları və jurnalistlərinə qarşı hücumların çoxu cəza sistemi tərəfindən idarə olunub. Bu jurnalistlərin çoxu indi həbsdədir. Bu qərarla yayım mediasında dalğaların hökumətyönümlü səslərin monopoliyası altına alınması prosesi tamamlanır. Bu, yeni il ərəfəsində çox kədərli bir start idi. Aydındır ki, təklif olunan alternativlər, istər internet, ya peyk olsun, istərsə də qısa dalğa 21-ci əsrə uyğun alternativlər deyil və internetin sürətinin olduqca zəif olduğu Azərbaycanda da yararlı deyil. Mən düşünürəm ki, heç bir ölkədə, hətta internet sürətinin Azərbaycandakından qat-qat yüksək olduğu və hər iki medianın əl çatan olduğu ölkələrdə də internet radio FM-ə alternativ ola bilməz”. ATƏT: “Bu, demokratiyadan ciddi şəkildə geri çəkilməkdir” M.Haraşti ilə yanaşı dünən onun təmsil etdiyi qurum - ATƏT də məsələyə münasibətini açıqlayıb. Qurumdan bildiriblər ki, ATƏT-in media azadlıqları üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti hələ noyabrın 5-də Azərbaycanın Xarici Işlər naziri Elmar Məmmədyarova göndərdiyi məktubunda xarici radioların FM-də bağlana bilməsindən narahatlıq bildirirdi və Azərbaycan hakimiyyətini bu radiolara yenidən lisenziya verməyə çağırırdı. Dünənki qərara gəlincə, ATƏT hesab edir ki, bu, ATƏT demokratiyasından ciddi şəkildə geri çəkilməkdir. Çünki sərhədlərin açılması, informasiyanın sərbəst yayılması Helsinki müqaviləsinin köhnə şərtlərindəndir. Elza Vidal: “Bu, sovet dövrünə dönüş olar” “Sərhədsiz Reportyorlar” təşkilatının Avropa proqramlarının rəhbəri Elza Vidal da Teleradio Şurasının xarici radioların yerli tezliklərdə yayımına qadağa qoymasını pisləyib: “Xarici radioların heç birini qadağan etməyə ehtiyac yox idi, sadəcə Azərbaycanda informasiya üzərində prezident və onun ətrafının artıq həyata keçirdiyi nəzarəti bir qədər də artırmaq istəyi vardı. Bu, çox kədərlidir. Əlbəttə ki, biz xüsusilə siyasi həyatla bağlı obyektiv, neytral, faktiki informasiyaya çıxışda çətinliklərlə üzləşən Azərbaycan xalqının itkisindən çox narahatıq”. E.Vidal bildirib ki, “Sərhədsiz Reportyorlar” xarici yayımların efirə dönməsi üçün müraciətlər edəcək: “Çünki, bu, baş verməsə, Azərbaycan xalqı üçün çox pis olacaq. Bu, sovet dövrünə dönüş olar. O zaman insanlar öz ölkələrində əslində nə baş verdiyindən azacıq da olsa məlumat almaq üçün qısa dalğada xarici radioları dinləmək məcburiyyətində idilər. Bu, dəhşətli bir kabusdur”. Dünən gün ərzində ölkə ictimaiyyətinin fəal kəsimindən də radioların yayımının dayandırılması ilə bağlı qərara etirazlar bildirilib və sərt reaksiyalar gəlib. Ramiz Rövşən: “Ayıbdır!” Şair Ramiz Rövşən: “Təəssüf ki, son günlər bir-birinin ardınca bir-birindən mürtəce qərarlar verilməkdədir. Əvvəlcə bir şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsinə Konstitusiyadakı məhdudiyyətin aradan götürülməsi ilə bağlı referendum keçirilməsi haqqında qərar verildi, indi də xarici radioların milli tezlikdə yayımına qadağa qoyulur. Görünür, məqsəd onsuz da demokratiyadan korluq çəkən ölkəmizi daha avtoritar və qapalı bir dövlət modelinə sürükləməkdir. Deməli, bu xalq, indən belə bütün Azərbaycan radio və televiziyalarından ancaq abırsız müğənnilərin diringi mahnılarına qulaq asmağa məhkum olacaq. Ayıbdır!” Ayaz Salayev: “Bu qərar xarici radioların nüfuzunu daha da artıracaq” Kinorejissor Ayaz Salayev: “Xarici radiostansiyaların milli tezlikdən məhrum edilməsi onların nüfuzunu daha da artıracaq. Özü də bu nüfuz sürətlə, ikiqat, üçqat artacaq. Yadıma düşür ki, 1970-ci illərin sonlarında yay aylarında, bağda ”Amerikanın səsi", “Azadlıq” radiolarına gizlincə qulaq asırdıq və onların verdiyi informasiya heç nə ilə əvəz olunmurdu. Indi də elə olacaq. Onlar əvəzedilməz bir informasiya mənbəyinə çevriləcək. Informasiya mənbəyini nə qədər məhv etməyə çalışsan, onun populyarlığı, əhəmiyyəti, təsiri bir o qədər artır". Vaqif Səmədoğlu: “Mən bu qərarın qəti əleyhinəyəm” Milli Məclisin üzvü, şair Vaqif Səmədoğlu: “Mən bu qərarın qəti əleyhinəyəm. Indiyə qədər də anlaya bilmirəm ki, bu qərar hardan gəldi, xarici radioların milli tezlikdə yayımını dayandırmaq fikiri hardan doğdu, niyə doğdu. Mən bu qərarı həm başa düşmürəm, həm də başa düşmək istəmirəm. Əslində Şuranın qərarının elə bir effekti olmayacaq. Bu radiostansiyaların yayımını dayandırmaq mümkün deyil axı. Verilişlərini Bakıdan yaya bilməsələr, Praqadan, Münhendən yayacaqlar. Ona görə də mən Şuranın qərarının radiolara ciddi problem yaradacağını da düşünmürəm. Kimin nə qərar çıxarmasına baxmayaraq onlar fəaliyyət göstərəcəklər. Onların arxasında ABŞ, Avropa durub. Bir də unutmaq lazım deyil ki, Azərbaycan xalqının ən ağır günlərində, 20 Yanvar hadisələri zamanı əlimizdən tutan, karımıza yetən, səsimizi dünyaya çatdıran bu radiostansiyalar olub. Xüsusilə də “Azadlıq” radiostansiyası". Arif Əliyev: “Radio efirini ucuz şouların ümidinə qoydular” “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev: “Dövlət strukturlarının daha bir seçimi Azərbaycanda medianın, o cümlədən də cəmiyyətin maraqlarına uyğun olmadı. Hər hansı qərar, hətta Konstitusiya hökumətin işinə yaramadıqda, onu çox asanlıqla dəyişirlər. Amma əksinə hər hansı məhdudlaşdırıcı maddə, norma hökumətin işinə yarayanda onu dərhal cəmiyyətin gözünə soxurlar. Media plüralizminə qarşı növbəti məhdudlaşdırıcı qərarın şahidi olduq. Burda qanuna, Avropa standartlarına istinad var. Istərdim hamı birmənalı bilsin ki, Avropa strukturlarında belə standartlar yoxdur. Bu qərarın hansısa yüksək dəyərlərlə bağlanılması ictimaiyyəti azdırmaqdan başqa bir şey deyil. Son illər media sahəsində həddən artıq böyük itkilər və geriləmələr olub. Hesab edirəm ki, son qərar bu geriləmənin davam edəcəyinə dair bir xəbərdarlıqdır. Ən böyük itki yenə də plüralizmə oldu. Azərbaycanın radio efirini də televiziya efiri kimi, hansı müğənninin maşını nə rəngdədir tipli boş və ucuz şouların ümidinə qoydular". Mehman Əliyev: “Hakimiyyətin bu radiolardan xoşu gəlmirdi” “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev:“Azərbaycanda fəaliyyət göstərən milli teleradio kanalları yerli qanunvericiliyi kobud şəkildə pozaraq insanlara balanslı, qərəzsiz, obyektiv informasiyalar təqdim etmirlər. Onların bu işini xarici radiostansiyalar öz boyunlarına götürmüşdülər. Boşluğu onlar doldururdular. Insanlar onların vasitəsi ilə ölkədə baş verən prosesləri daha düzgün, daha obyektiv qiymətləndirə bilirdilər. Əlbəttə ki, hakimiyyətin bu cür radiolardan xoşu gələ bilməzdi və gəlmirdi də. Ona görə də həmişə bu radioların bağlanmasını istəyirdilər və son nəticədə bunu etdilər. Onlar istəmirdilər ki, Azərbaycan ictimaiyyəti siyasi-iqtisadi, sosial proseslərlə bağlı həqiqi vəziyyətlə tanış olsunlar. Ölkədə geniş şəkildə korrupsiya yayılıb, problemlər çoxdur, səriştəsizlik baş alıb gedir. Getdikcə bu proses dərinləşəcək, fəsadlar artacaq. Hökumət bilir ki, azad sözün təsiri böyükdür. Ona görə də bu məsələni operativ şəkildə həll etdilər”. Zeynal Məmmədli: “Bu, siyasi qərardır” Televiziya mütəxəssisi Zeynal Məmmədli: “Milli Televiziya və Radio Şurasının necə təqdim edilməsindən asılı olmayaraq bu, siyasi qərardır. Bu siyasi qərarın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan vətəndaşları yalnız idarə edilən, yönəldilən və müdaxilə edilən məlumatları ala bilsin. Yəni Azərbaycan hökumətinin, məmurların istədiyi məlumatları alsın, onların nəzarətində olmayan məlumatları almasın. Şura Azərbaycanda teleradio yayımının tənzimlənməsində qarşısına söz və mətbuat azadlığının genişlənməsi məqsədini qoymayıb. Əksinə bu, söz və mətbuat azadlığına qarşı yönəlib”. Rəşid Hacılı: “Qərarın hüquqi əsası yoxdur” Media Hüququ Institutunun rəhbəri Rəşid Hacılı: “Teleradio fəaliyyəti haqqında” qanun 6 il əvvəl qəbul edilib. Bundan bir il sonra isə Milli Televiziya və Radio Şurası yaradılıb. Aradan keçən bu müddət ərzində nə qanunda dəyişiklik edilib, nə də Şuranın tərkibində. Belə olan halda xarici radioların FM tezlikləridən çıxarılması hüquqi baxımdan anlaşılmazlıq yaradır. Qanunun tətbiqində varislik və ardıcıllıq gözlənməlidir. Qanunu bu gün bir cür, sabah başqa cür tətbiq etsən, onda təbii, tətbiq etdiyin qurumların hüququnu pozursan". Dünən Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu da bəyanat yayaraq qərarı birmənalı şəkildə pislədiklərini bəyan ediblər. Qeyd edək ki, bütün hallarda “Azadlıq” radiosunu yanvarın 1-dən də dinləmək mümkündür. Yanvarın 1-dən radionu qısa dalğaların 9.48 MHz tezliyində (Bakı vaxtilə saat 20-dən 21-dək), internetdə və peyk vasitəsilə dinləmək olar. Informasiya şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar