SON XƏBƏRLƏR

«Azadlıq» bloku xarici radioların bağlanmasına etiraz edir

2021.10.20, 07:36
«Azadlıq» bloku xarici radioların bağlanmasına etiraz edir

Gunaz.tv
«Azadlıq» bloku xarici radioların bağlanmasına etiraz edir 31.12.2008, 02:57 «Iqtidar Azərbaycanı Sovet hakimiyyəti illərindəki kimi, tam qapalı cəmiyyətə çevirmək məqsədi güdür» “Azadlıq” bloku xarici radioların (“Azadlıq”, “Amerikanın səsi” və BBC) milli tezliklərdə yayımının dayandırılması barədə Teleradio Şurasının dünən çıxardığı qərarla bağlı etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, bu qərar Milli Teleradio Şurasının təşəbbüsü olmayıb, siyasi hakimiyyətin yuxarı qatlarından verilən sifarişin nəticəsidir. Bəyanat müəllifləri xatırladır ki, hakimiyyət xarici radioların Azərbaycanda yayımına mane olmaq niyyətini çoxdan biruzə verib. Bu niyyət hiss olunandan bəri isə həm yerli, həm də beynəlxalq ictimaiyyət ona qarşı çıxıb, xarici radioların yayımının əvvəlki qaydada davam etməsini istəyib. Bu baxımdan dünənki qərar həm də “yerli və beynəlxalq ictimaiyyətin rəyinə hörmətsizlikdir”. “Azadlıq” bloku bu qərarı hakimiyyətin ölkədə “söz azadlığını, fikir müxtəlifliyi və siyasi plüralizmi məhv etmək, avtoritarizmi gücləndirmək” istiqamətində atdığı addımların davamı kimi qiymətləndirir. “Azərbaycan iqtidarı uzun illərdir məqsədyönlü şəkildə ölkəmizi demokratik dünyadan uzaqlaşdıraraq faktiki monarxiyaya doğru sürükləyir. Bu istiqamətdə atılan addımlar təəssüf ki, yola saldığımız ildə bir az da gücləndi. Azərbaycan iqtidarı bir nəfərin prezidentlik müddətinə qoyulan məhdudiyyətin ləğvini də nəzərdə tutan Konstitusiya dəyişikliyinə qərar verdi. Bunun ardınca isə xarici radioların Azərbaycanda yayımını tam məhdudlaşdırmaq kimi çoxdan planlaşdırdığı addımı atdı. Bütün bunlar bir-birini tamamlayan hərəkətlərdir və Azərbaycanı Sovet hakimiyyəti illərindəki kimi tam qapalı cəmiyyətə çevirmək məqsədi güdür”, - deyə bəyanatda vurğulanır. Sənəddə qeyd olunur ki, xarici radioların milli tezliklərdə yayımının dayandırılması ölkənin geniş əhali kütləsini alternativ və tərəfsiz informasiya mənbəyindən məhrum etmək, Azərbaycanda müstəqil, obyektiv və peşəkar medianın inkişaf perspektivlərinə zərbə vurmaq deməkdir. “Azadlıq” bloku Azərbaycanın demokratik ictimaiyyətini və beynəlxalq birliyi baş verən son hadisəyə sərt reaksiya bildirməyə, etiraz səsini qaldırmağa çağırır. Blok hakimiyyətdən tələb edir ki, Teleradio Şurasının qərarına yenidən baxılsın və hazırda Azərbaycan cəmiyyəti üçün əsas alternativ informasiya mənbəyi olan xarici radioların normal və daha geniş auditoriyada yayımına şərait yaradılsın.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar