SON XƏBƏRLƏR

Gəlin, həqiqəti deyək

2021.10.20, 07:36
Gəlin, həqiqəti deyək

Gunaz.tv
Gəlin, həqiqəti deyək 31.12.2008, 03:03 Xalq deputatı xanım Bahar Muradovaya açıq məktub Tofiq Şahtaxtinskiy Texnika elmləri doktoru, professor Vaşinqton, ABŞ Hörmətli Bahar xanım, salamlar! Sizin “Day.az”-dakı müsahibənizi oxudum. Demisiniz ki, ictimaiyyətimizin əksər hissəsi indiki prezidentimizin gələcək prezident seçkilərində hüdudsuz sayda iştirak etməsinin tərəfdarıdır. Əvvəla, ictimaiyyətimizin əksər hissəsinin bu barədəki rəyini haradan və necə bildiniz? Bu, keçiriləcək referendumun nəticəsinin seçkilərimizin nəticələri kimi qabaqcadan məlum olması demək deyilmi? Müsahibənizdə qətiyyətlə “...biz demokratik ölkəyik...” deyirsiniz. Bəlkə bu gün Azərbaycanda qələbə çalmış demokratiyaya, yəni, hərfi mənada desək, xalqın özü-özünü idarə etməsinə bir misal göstərəsiniz? Ən əvvəl biz demokratik ölkəyiksə, bütün demokratik ölkələrdə qəbul olunmuş ənənəyə uyğun bir nəfərin ardıcıl yalnız iki dəfə prezident seçilməsini qəbul etməliyik. Bu, konstitusiyamızın 101-ci maddəsində də əks olunub. Indi bu maddəni dəyişdirirsiniz ki, Dağlıq Qarabağ və yeddi rayonumuz geri alınmayanadək indiki prezident hakimiyyətdə qalmalıdır. Belə çıxır ki, əgər torpaqlarımız geri qaytarılsa, cənab Ilham Əliyev prezidentliyindən əl çəkməlidir. Bu isə o deməkdir ki, din xadimlərimizdən xahiş edək, dığaların zəbt etdiyi Dağlıq Qarabağın və rayonlarımızın fatihəsini versinlər. Həqiqi demokratik ölkələrdə prezidentlərdən xahiş etsələr də, üçüncü dəfə prezident seçkilərində iştirak etməzlər. Axı nə maraqları var? Adları tarixə düşdü, 8-10 ildə nə bacardılarsa, onu da elədilər. Bəs bizdə? Bu var-dövləti hansı prezidentin əli gələr götürüb başqasına versin?! Axı bu gün hamıya aydındır ki, Əliyevlər ailəsi hansı var-dövlətin sahibidirlər. Gəlin, heç nədən çəkinməyib həqiqəti deyək. Hakimiyyəti əldən verməyə Sovet dövründə və eləcə də ondan sonrakı dövrdə demokratik ruhda tərbiyə almayan bizim nəslin heç bir nümayəndəsinin əli gəlməz. Nəhayət, onu demək istəyirəm ki, nə üçün monarxiyaya bənzər bir quruluşda yaşadığımız halda, bu quruluşun adını deməkdən çəkinirik. Ölkəmizin bir çox guşələrində ata, oğul və nəvənin bir yerdə çəkilmiş portretləri asılıb və altında “Ölkəmizin keçmişi, bu günü və gələcəyi” sözləri yazılıb. Bu, monarxiya üsul-idarəsinin əsası deyilmi? Demokratik adlandırdığımız bizim ölkədə xalq tərəfindən seçilməli olan bütün vəzifələrə adamlar (icra hakimiyyətləri, təhsil, elm ocaqlarının rəhbərləri və s.) yuxarıdan - Prezident Aparatından təyin olunurlar. Bu, monarxiya quruluşuna xas xüsusiyyət deyilmi? Nəhayət, bizim xalqın necə şahsevər olduğu göz qabağındadır. Odur ki, əziz və hörmətli deputatımız, məsləhət görərdim, bütün deputatları ölkəmizdə bir yolluq konstitusiyalı monarxiya quruluşu yaratmağa səs verməyə çağırasınız. Mənə elə gəlir ki, işləməyən yalançı demokratik quruluşdansa, işləyən monarxiya quruluşu xalq üçün daha xeyirli olar. Bir də, Əliyevlər sülaləsi çox qoçaqdır, halalları olsun. Qoy Allah Azərbaycanı əbədi olaraq onlara bəxş etsin. P.S. Bir qədər də özüm haqqında. Həyatımın aktiv fəaliyyətini respublikamızın ali təhsil işlərinə həsr etmişəm. Ali məktəbdə əvvəlcə dosent, sonralar professor vəzifələrində çalışmışam. Təhsilimi öz ölkəmizdə və Moskvada almışam. Son illərdə təhsilin respublikamızda məhv olub, artıq heç kimə lazım olmadığını gördükdə öz ərizəmlə vəzifəmdən azad oldum. Sizin mənə kəsdiyiniz 100 manat təqaüdlə acından ölmək qorxusu qarşısında həyat yoldaşımı da götürüb vətəndən didərgin düşdüm. Hələ ki, ABŞ-da yaşayan övladlarımıza sığınmışıq. Mənə elə gəlir ki, 40 il həyatını təhsil yolunda qoymuş, onlarca dərs vəsaitlərinin müəllifi qocaman alimə heç monarxiya quruluşlu hakimiyyətdə padşah da belə qəddarlıq etməzdi...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar