SON XƏBƏRLƏR

“Yeni prezident seçmək lazımdır”

2021.10.20, 07:36
“Yeni prezident seçmək lazımdır”

Gunaz.tv
“Yeni prezident seçmək lazımdır” 31.12.2008, 03:12 Rüstəm Ibrahimbəyov: «Nə referendum keçirməyə, nə də konstitusiyada dəyişiklik etməyə ehtiyac var» «Mənə təzyiq edənləri sərhəddən o tərəfdə tanıyan yoxdur» Bir müddət öncə tanınmış yazıçı və ssenarist Rüstəm Ibrahimbəyovun ölkənin problemləri, korrupsiya, milli elitanın zəif olması ilə bağlı səsləndirdiyi fikirlər ajiotaja səbəb oldu. O zaman Moskvada olan yazıçının fikirləri parlament səviyyəsində müzakirəyə çıxarıldı. Səslənən haqq fikirlə barışmaq istəməyən bəzi deputatlar onu tənqid hədəfinə aldı, hətta təhqirlərin də yer aldığı fikirlər səsləndirməyə başladı. O zaman R.Ibrahimbəyov məhz “Azadlıq”ın səhifələrində ictimaiyyəti maraqlandıran bütün suallara aydınlıq gətirdi. Daha sonra Bakıya gələn tanınmış yazıçı və ssenarist yenə də ilk olaraq məhz “Azadlıq”da oxucular üçün maraq doğuran sualları cavablandırdı. Bu günlərdə yenidən R.Ibrahimbəyovla görüşüb söhbət etmək fikrinə düşdük. Siyasi mövzuda bizimlə kifayət qədər fikirlərini bölüşən yazıçı bu dəfə siyasətdən kənar söhbət etmək istədi. Istəyini yerinə yetirdik. Lakin buna baxmayaraq siyasi suallar və onlara dolğun cavablar oldu. “Cəmiyyət öz fikirlərini söyləməlidir” - Bu günlərdə keçirdiyiniz tədbirdə Azərbaycanda konstitusiya dəyişikliklərinə ehtiyacın olmadığını bildirmişdiniz. Sizcə, monarxiyaya doğru atılmış bir addım olan konstitusiya dəyişikliklərinə getməyə hansı zərurət var idi? - Konstitusiya dəyişikliyindən monarxiyaya qədər çox böyük məsafə var. Ona baxmayaraq, mənə elə gəlir ki, indiki, Heydər Əliyevin iştirakı ilə hazırlanmış konstitusiya beynəlxalq normalara uyğundur. Dəyişiklik nəyə lazımdır? Rusiyada da belə problem var idi. Putin həllini tapdı. Öz yaxın adamının prezident seçilməsinə imkan yaratdı. Özü də oldu baş nazir. Iş orasındadır ki, keçmiş SSRI-nin heç bir respublikasında demokratiya yoxdur. Hər yerdə avtoritarizmdi. Ancaq onun da növləri var. Avtoritarizm elə olmalıdır ki, dünya ictimaiyyəti onu qəbul etsin. Bundan ötrü də demokratiyanın bəzi tələblərini yerinə yetirmək lazımdır. Azərbaycanda da, Qazaxıstanda da, Rusiyada da xalqın təfəkkürü belədir ki, istər-istəməz avtoritar rəhbər, möhkəm, lakin ədalətli əl istəyirlər. Hakimiyyətə gələn də ordan əl çəkmək, işi ilə vidalaşmaq istəmir. Belə bir ənənə qoyulub. Ancaq bu avtoritarizm də liberal və demokratik olmalıdır. Hökumət möhkəm olanda ictimaiyyət, ictimai qüvvələr, cəmiyyət də möhkəm olmalıdır. Cəmiyyət öz fikirlərini söyləməlidir. Bu hökumətin özünə lazımdır. Hökumət çox təzyiq edəndə, cəmiyyəti boğanda özünə ziyan edir. Bəlkə mənim dediyim söz oxucularınızın xoşuna gəlməyəcək. Amma real fikirləşəndə, mən ancaq Mehriban Əliyevanı prezident kimi görürəm. Dünyada tanınmış adamdı, hörməti böyükdü. Dünya praktikasında da belə şeylər olub. Amerikada da Bill Klintonun həyat yoldaşı Hillari Klinton prezidentliyə namizəd idi. Indi dövlət katibi oldu. Pakistanda, Argentinada belə hal olub. Deyirlər ki, siyasət mümkün şeylərin incəsənətidir. Real fikirləşməliyik. Real baxanda Mehriban xanım kimi namizəd ola-ola konstitusiyanı dəyişdirməyə ehtiyac yox idi. Siz istəyirsiniz ki, istiqamət, həyata keçirdiyiniz xətt qalsın. Konstitusiyada dəyişiklik edəndə isə elə fikirlər yaranır ki, monarxiyaya doğru addım atılır. Başqa ölkələr də narazılıq edir. “Seçkidə baş verən saxtakarlıqlara ehtiyac yox idi” - Sizcə, cəmiyyət konstitusiya dəyişikliklərinə etiraz etməlidir? - Mənə elə gəlir ki, cəmiyyət konstitusiya dəyişikliklərini normal qəbul edəcək. Çünki son seçkilər göstərdi ki, əhalinin böyük hissəsi prezidentdən razıdır. Nə istəyirsiz deyin, ancaq bu, faktdır. Seçkidə baş verən saxtakarlıqlara heç ehtiyac yox idi. Onu edənlər özlərini göstərmək istəyirlər. Söhbətimizi bitirməmişdən əvvəl bir şeyi də deyim. Heç vaxt hökumətin əleyhinə olmamışam. Indi də müxalifətdə deyiləm. Amma istəyirəm ki, bizim cəmiyyətimiz sağlam, güclü olsun. Korrupsiya, üzləşdiyimiz digər faciələrlə mübarizə aparmaq üçün möhkəm olmalıyıq. Hökumət bir yana qalsın. Bunun qabağında cəmiyyət dayanmalıdır. Prezidentə də kömək etməliyik. Bu yaxınlarda oxudum ki, tələbələr etiraz edir, rüşvət vermək istəmirlər. Gör nə yerə çatmışıq ki, tələbələr də rüşvətdən bezib. Azərbaycan yeganə ölkədir ki, burda oxumamaqdan ötrü pul verirlər. “Mənə təzyiq edənlərlə sovet vaxtından münasibətim yaxşı olmayıb” - Ölkədəki problemlərlə bağlı adətən müxalifət mətbuatı yazır. Siz bu barədə danışandan sonra hakimiyyət nümayəndələrinin, deputatların tənqidlərinə hədəf oldunuz. Bu problemləri dilə gətirən hər kəs hakimiyyət tərəfindən təzyiqlərə məruz qalır. Sizcə, məhz bu cür təzyiq danışmaq istəyənləri çəkindirmirmi? - Hələlik deyə bilmərəm ki, hökumət mənə təzyiq edib. Bir neçə yüksək səviyyəli adam təzyiq edir. Onlarla da mənim münasibətim sovet vaxtından yaxşı olmayıb. Baxarıq. Bu yaxınlarda hər şey məlum olacaq. Çünki sərbəst, heç kəsdən asılı olmayan adamam. Sovet vaxtı da həmin adamlar mənə təzyiq edirdilər. O vaxtı da fikirlərimi açıq deyirdim. Bir dəfə mənə dedilər ki, Mərkəzi Komitənin katibi narazıdı. Çünki saat 5-də Kino Ittifaqına zəng edib, sən işdə olmamısan. Dedim katibə deyin ki, səhərdən axmaşa qədər işləmək istəsəydim, gedib Mərkəzi Komitədə işləyərdim və oradan da maaş alardım. Burada pulsuz işləyirəm. Imkan olanda gəlirəm, olmayanda yox. Əgər lazımamsa, bir gün xəbər versinlər, işdə olum. Mən Azərbaycanda öz istəyimlə işləyirəm. Işdən çıxsam, evə də getməyim lazım deyil. Gedib bilet alaram, çıxıb gedərəm Moskvaya. Orda mənzilim, işim, hörmətim var. Buna baxmayaraq 30 ildir həyatımı bölürəm və Bakıdan getmirəm. Çünki vətənimi sevirəm, ona bağlıyam. Belə danışmağım bəzilərinin xoşuna gəlmirdi. Ancaq mənə təzyiq edən adamları sərhəddən o tərəfdə tanıyan yoxdur. Mənim qiymətim burda nə qədərdisə, orda da o qədərdi. Onların qiyməti burda yüksəkdir, başqa yerdə bir qəpik də deyil. “Ola bilər ki, mənə qarşı nəsə hazırlanır” - Məhkəmə iddianızı qəbul etmədi... - Mən hələ məhkəmədən yazılı surətdə cavab almamışam. Onlar deyir ki, kifayət qədər sübut yoxdur. Qəzeti sübut saymırlar. Cavab alandan sonra vəkilə deyəcəm ki, sübutları toplayıb göndərsin. Ancaq əvvəldən bilirdim ki, nəticə belə olacaq. Çünki bizdə müstəqil məhkəmə yoxdur. Bunu hamı bilir. Hər şey, ya bir zənglə, ya da pulla həll olunur. Nizami Cəfərov məni təhqir etmişdi. Ona görə də məhkəməyə müraciət etməyi özümə borc saydım. Məhkəmə Milli Məclislə heç vaxt münaqişəyə getməz. Ancaq fikirləşirdim ki, onlarda heç olmasa abır-həya olar. Məsələyə on dəqiqəyə baxıblar. Bu da gülməli bir şeydir. - Nə vaxta qədər Bakıdasınız? - Sabah gedirəm. Ancaq bir həftədən sonra qayıdacam. Teatrda tamaşa qoyuram. Fevralın 5-də onun premyerası olmalıdır. - Son olaraq bir müddət əvvəl baş verənləri yada salmaq istərdik. Sizi ölkənin bir çox adamları müdafiə etdi. Hesab etmək olarmı, məhz bu, bəzi şəxsləri Sizə qarşı hücuma keçməkdən çəkindirdi? - Təkcə Azərbaycanda 284 nəfər tanınmış şəxs müraciət imzaladı və mənim müdafiəmə qalxdı. Bundan başqa digər ölkələrdən müraciətlər gəlirdi. Bir çoxları məni müdafiə edirdi. Ola bilsin, məhz bu, kimlərisə çəkindirdi. Ancaq o da ola bilər ki, əksinə, mənə qarşı nəsə hazırlanır. Fizzə Heydərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar