SON XƏBƏRLƏR

MÜXALİFƏT 2008-i UĞURSUZ İL KİMİ YOLA SALIR

2021.10.20, 07:36
MÜXALİFƏT 2008-i UĞURSUZ İL KİMİ YOLA SALIR

Gunaz.tv
MÜXALİFƏT 2008-i UĞURSUZ İL KİMİ YOLA SALIR 2009-da isə etiraz dalğasının start götürəcəyi iddia olunur Azərbaycanın siyasi qüvvələri daha bir ili arxada qoymaq üzrədir. YAP təmsilçiləri 2008-ci ili ən uğurlu illərdən biri kimi təqdim edirlər. Buna əsas kimi isə ölkənin iqtisadi inkişafını, prezident seçkilərinin sakit keçməsini və digər məsələləri göstərirlər. Azərbaycan müxalifəti yola salmaqda olduğumuz ili ölkəmiz və partiyaların özü üçün uğurlu il hesab edirmi? Qarşıdakı 2009-cu il üçün gözləntiləri, planları nədən ibarətdir? Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, 2008-ci il Azərbaycan üçün uğurlu il olmayıb: “Bu il ərzində ölkənin heç bir qlobal problemi həll olunmadı. Azərbaycanın zədələnmiş beynəlxalq imici daha da ciddi zərbə aldı. Bu baxımdan 2008-i itirilmiş il hesab edirik. İl cəmiyyət üçün uğurlu olmayıbsa, cəmiyyət, dövlət problemlərini konservləşdirib gələcək üçün saxlayıbsa, bu il təbii ki, Müsavat üçün də uğurlu il sayıla bilməz. Çünki Müsavat da cəmiyyətin tərkib hissəsidir”. A.Hacılının fikrincə, 2008-ci ildə hakimiyyətin apardığı siyasət Azərbaycan cəmiyyətini daha da narazı salıb: “Cəmiyyətin bu narazılıqlarının bir etiraz formasında 2009-cu ildə üzə çıxacağını gözləyirik. Bu etirazların əlamətləri artıq görünməkdədir. Həm ölkədə siyasi böhranın davam etməsi, həm xalqın hakimiyyətlə bağlı ümidlərinin doğrulmaması, həm gözlənilən iqtisadi böhran cəmiyyətin gələn il bu rejimə qarşı fəal etiraz mövqeyinə keçməsi üçün ciddi ilkin şərtlər yaradır. Cəmiyyət ölkənin demokratik inkişafı istiqamətində etiraz mübarizəsinə başlayarsa, 2009-cu il ölkədə dönüş ili ola bilər”. KXCP sədri Mirmahmud Mirəlioğlunun fikrincə, ölkənin problemləri həll olunmayıbsa, heç bir müsbət irəliləyiş baş verməyibsə, illərimizin hamısı itirilmiş il hesab edilməlidir: “Allahın verdiyi bir ildir. Amma biz bu ili vətəndaş, siyasətçi, partiyalar və bütövlükdə cəmiyyət olaraq uğurla başa vura bilmədik. Problemlərimiz ötən ildəki kimi qaldı. Yalançı vədlər oldu ki, filan məsələlər həll olunacaq. Lakin həll edilmədi, əksinə problemlər dərinləşdi. Düşmənlərimiz daha irəli getdilər, nəinki biz”. Ümid Partiyasının sədri İqbal Ağazadə ölkədə problemlərin heç birinin həll olunmadığı bir vaxtda 2008-ci ili hər hansı bir partiya üçün uğurlu il hesab etmir. Onun fikrincə, Azərbaycan cəmiyyətinin demokratikləşməsi istiqamətində nailiyyət yoxdursa, uğurdan danışmaq çətindir: “Amma partiya kimi ümumi ansambldan kənarda bəzi uğurlarımız olub. İlk dəfə prezident seçkilərində iştirak etmişik, geniş elektoral kütlə ilə işləmək imkanımız olub. Təşkilatlanma işində yeni formalar və metodlar tətbiq etmişik, sıralarımız genişlənib. Partiyamıza yaxın olan insanların gündəlik qəzet nəşr etdirməsi də bizim uğurlarımız içindədir. Gələn il üçün planlarımız isə daha çox bələdiyyə seçkiləri, referendum məsələsi ilə bağlı fəaliyyətimizi genişləndirməkdir. Daha çox işimizi bələdiyyə seçkiləri üzərində quracağıq”. AMİP katibi Əli Oruclu 2008-ci ili Azərbaycan xalqı üçün uğurlu il saymır: “Bu özünü bütün parametrlərdə göstərdi. İstər iqtisadi, istər siyasi, söz azadlığı, istərsə də Qarabağ məsələsində heç bir uğurumuz olmadı. Ölkə üçün əhəmiyyətli olan prezident seçkiləri keçirildi. Amma bu seçkilərin də cəmiyyətə heç bir afdası olmadı. 2008-i Azərbaycan cəmiyyəti üçün itirilmiş illərdən biri hesab edirik. Ölkə miqyasındakı vəziyyət, uğursuzluq təbii ki, cəmiyyətin bir parçası olan AMİP-ə də təsirini göstərdi. 2008-ci ili həm də ona görə uğursuz il hesab edirik ki, ölkəmizdə monarxiyanın qanuniləşdirilməsinin əsası qoyuldu”. Əli Oruclu AMİP-in 2009-cu il üçün geniş planının olduğunu dedi: “Bələdiyyə seçkilərinə ciddi hazırlıq işlərini həyata keçirəcəyik. Qurultayımızı keçirəcəyik. Müxalifət partiyaları ilə əməkdaşlığı dərinləşdirmək, cəmiyyəti fəallaşdırmaq istiqamətində planlarımız var”. ADP sədrinin müavini Taliyət Əliyev də 2008-ci ili Azərbaycan dövləti, xalqı və müxalifəti üçün uğursuz, itirilmiş il hesab etdiklərini bildirdi: “Ölkədə iqtidsadi böhran daha da dərinləşdi, siyasi partiyaların fəaliyyətinə məhdudiyyətlər gücləndi, anti-demokratik seçkilər keçirildi, avtoritar idarəetmə sisteminin qanuniləşdirilməsi istiqamətində addım atıldı. Belə bir vəziyyətdə təbii ki, ADP-nin, həmçinin bütün müxalifətin fəaliyyət göstərməsinin özü ciddi çətinliklər bahasına başa gəldi. ADP hakimiyyətə, bütün siyasi qüvvələrə bir neçə təkliflər paketi təqdim etdi”. T.Əliyevin qənaətincə, qlobal iqtisadi böhran, Azərbaycanda baş verən hadisələr, o cümlədən referendum məsələsinin ortaya atılması 2009-cu ildə Azərbaycanı heç də işıqlı günlərin gözləmədiyini deməyə əsas verir: “2009 Azərbaycan üçün, onun siyasi qüvvələri üçün çox çətin sınaq ili olacaq. ADP bu sınaqdan özünün və xalqın uğurlu çıxması üçün üzərinə düşən bütün addımları atacaq. 2009-cu ildə cəmiyyətdə aktivlik artacaq və bu da müxalifətin imkanlarını genişləndirəcək”. Etibar SEYİDAĞA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar