SON XƏBƏRLƏR

RUSİYANIN UZAQ ŞƏRQİNDƏKİ SOSİAL QİYAM BÖYÜYÜR

2021.10.20, 07:36
RUSİYANIN UZAQ ŞƏRQİNDƏKİ SOSİAL QİYAM BÖYÜYÜR

Gunaz.tv
RUSİYANIN UZAQ ŞƏRQİNDƏKİ SOSİAL QİYAM BÖYÜYÜR Kortəbii nümayişlərin miqyası və OMON-la toqquşma hallarının sayı getdikcə artır Qlobal iqtisadi böhrandan ən çox zərbə alan ölkələrdən biri Rusiyadır. Burada xaotik şəkildə də olsa xalqın güclü sosial narazılıq dalğası baş qaldırıb. Artıq neçə gündür ki, Uzaq Sibirdə hökumətin köhnə xarici maşınların ölkəyə daxil olması üçün yüksək rüsumlar tətbiq etməsinə etiraz olaraq düzənlənən nümayişlər və milislə toqquşmalar səngimir. Dünən Vladivostok şəhərində belə aksiyalardan biri zamanı milislə toqquşmalar olub. Rüsumların artırılmasına etiraz edən və digər sosial tələblər irəli sürən 1000-dən çox yerli sakinə qarşı çoxsaylı milis qüvvələri səfərbər edilib. Əvvəlcə onlarla aksiya iştirakçısı öz avtomobilləri ilə şəhərin kənarında kolon şəklində toplaşmağa çalışıb. Lakin onları OMON-çular qarşılayıb. Müdaxilə nəticəsində kolon dağıdılıb və aksiya iştirakçılarından icazəsiz nümayişi dayandırmaq tələb edilib. Buna baxmayaraq 200-dən çox avtomobil sahibi yenidən toplaşaraq kolon yarada bilib. Onlar əllərində bayraqlar tutub və səs siqnalları verərək şəhərin mərkəzinə doğru hərəkət ediblər. Eyni vaxtda şəhərin digər istiqamətindən onlarla avtomobildən ibarət başqa kolon hərəkətə başlayıb. Milis onlara müdaxilə etməyib və az sonra üçüncü istiqamətdən avtomobilçilərin yürüşü müşahidə edilib. Aksiya iştirakçıları şəhərin mərkəzinə çataraq mitinq keçirməyə cəhd ediblər. Lakin burada onları OMON-çuların dəyənəkləri qarşılayıb. Aksiyaya sərt müdaxilə edən OMON qüvvələri onlarla iştirakçını həbs edib. Vladivostokun mərkəzinə 1000-ə yaxın nümayişçinin toplandığı bildirilir. Aksiyanın dağıdılması zamanı milis “REN TV” telekanalının operatorunu da döyüb. OMON əvvəlcə aksiyanı izləyən jurnalistləri olay yerindən kənarlaşdırıb və onların çəkiliş aparmasına imkan verməyib. Bildirilir ki, aksiyanın sərt formada dağıdılması əmri aldığından OMON jurnalistlərin toqquşmanı çəkməsinə imkan verməyib. Məlumatlara görə, gömrük rüsumlarının artırılmasına etiraz olaraq ilk dəfə Vladivostokda dekabrın 14-də minlərlə adamın qatıldığı icazəli aksiya olub. Ardınca digər şəhərlərdə icazəsiz və kortəbii xarakterli aksiyalar baş qaldırıb. Yerli hökumət orqanları baş verənlərdən narahat olaraq mərkəzi hakimiyyətdən rüsumların artırılması haqda qərara yenidən baxmağı xahiş edib. Lakin baş nazir Vladimir Putin bir gün əvvəl hökumət üzvləri ilə keçirdiyi müşavirədə bildirib ki, yerli avtomobil istehsalçılarının müdafiəsinə və böhran şəraitində vəsaitlərin ölkədən çıxarılmasının qarşısının alınmasına yönələn qərar dəyişməyəcək. İşlənmiş xarici avtomobillər Rusiyanın Uzaq Şərqində əhalinin əsas dolanışıq mənbələrindən biridir. Vladivostokda isə minik maşınlarının 90 faizindən çoxu işlənmiş yapon avtomobillərinin payına düşür. Ona görə də hökumətin rüsumları kəskin artırması Rusiyada işlənmiş xarici maşın gətirib satmaq biznesini artıq sərfəsiz edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar