SON XƏBƏRLƏR

Söyün Sadıxov: "JİRİNOVSKİ ÜZR İSTƏMƏLİDİR"

2021.10.20, 07:36
Söyün Sadıxov: "JİRİNOVSKİ ÜZR İSTƏMƏLİDİR"

Gunaz.tv
38401_1 Söyün Sadıxov: "JİRİNOVSKİ ÜZR İSTƏMƏLİDİR" Rusiya liberal-demokratlarının lideri növbəti sayıqlamalarına görə məhkəməyə verilib "Biz məhkəmədən Vladimir Jirinovskinin "Cənuba doğru həmlə" kitabına qiymət verməsini, müəllifdən isə Azərbaycan xalqından nümayişkaranə surətdə üzr istəməsini istəyirik. Biz milli və dini zəmində münaqişələrin qızışdırılmasına yol verə bilmərik". APA-nın məlumatına görə, bu fikirlər "AzərRos" Azərbaycanlıların Rusiyada Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya Regional İnkişaf Nazirliyi yanında yaradılmış İctimai Şuranın üzvü Söyün Sadıxovun məqaləsində öz əksini tapıb. Qeyd edək ki, "AzerRos" adıçəkilən kitabda Azərbaycan xalqının təhqir olunmasını əsas gətirərək Vladimir Jirinovskini məhkəməyə verib. Məqalədə bildirilir ki, Vladimir Jirinovskinin əsərində islam dünyası və Azərbaycan xalqına qarşı çoxsaylı təhqirlər yer alıb. Məsələn: "Müsəlman dünyasının parça-parça edilməsi bütün bəşəriyyətin xeyrinədir. İslam dünyasından gələn təhlükənin qarşısını almaq lazımdır. Digər dinlər isə irimiqyaslı dini müharibələr törətmək imkanına malik deyil. Biz nəhayət anlamalıyıq ki, bu dünyaya sivilizasiyanı kim gətirib? Kosmosu kim fəth edib və başqa ölkələri kim işğal edib? Başqa xalqları kim qarət edib, xalqları qula çevirib, xristian kilsələrini məscidə çevirib? Türklər Orta Asiyaya hansı mədəniyyəti gətiriblər? Türk mədəniyyəti deyə bir şey yoxdur, əldə siyrilmiş qılınc, at belində əyləşənlərin mədəniyyəti ola bilməz. Türk ordusunun əsasını təşkil edən yeniçərilər valideynləri ilə birlikdə əsir götürülən slavyan uşaqlardır. Valideynlərini öldürüb övladlarını türk dilində, müsəlman ruhunda tərbiyə edərək ordunun qüdrətini artırıblar. Slavyan uşaqların türk bayrağı altında slavyan xalqlarını məhv etməsi dəhşətdir. Buna görə kim cavab verəcək? Bizans mədəniyyətinin, slavyan xalqlarının alçaldılmasına görə kim cavab verəcək?" Məqalədə Jirinovskinin Dağlıq Qarabağ münaqişəsinə dair özünəməxsus sayıqlamaları da yer alıb: "Bəs azərbaycanlılarla ermənilər arasında toqquşmalar nə vaxta qədər davam edəcək? Bütün erməni xalqı məhv edilənə kimi? Həm də artıq türklər tərəfindən deyil, azərbaycanlılar tərəfindən. Yəni digər türdilli xalq tərəfindən. Axı mahiyyətcə türklər və azərbaycanlılar eyni millətdir. Türklər 1915-ci ildə milyon yarım ermənini qətlə yetiriblər, azərbaycanlılar isə bu işə 1988-ci ildən başlayıblar. Türklər bu işi 3 günə etdilər, azərbaycanlılar isə bu işlə artıq 15 ildir məşğuldur. Onlar həm də erməni xalqını, erməni dövlətini yer üzündən silmək istəyirlər. Nə üçün? Çünki onlar xristiandırlar? Ermənilər azərbaycanlıların türklərlə birləşməsinə mane olur. Nədir Naxçıvan? Süni yaradılmış təsisat. Ermənistan torpaqlarında azərbaycanlıların məskunlaşdırıldığı yer. Türklərlə birbaşa təmasda olmaq üçün yaradılmış ərazi. O torpaqlar həmişə Ermənistanın olub. Dənizdən dənizə böyük Ermənistanın. Bəs bu gün Ermənistan nə gündədir? Urartudan, böyük mədəniyyətə malik qüdrətli dövlətdən kiçik bir parça qalıb. Sivilizasiya orada başlayıb və digər ərazilərə keçib. Azərbaycanlılar isə fəth etmək yolu ilə dirçələn fars tayfasıdır. Bu zaman şərqdən Səlcuq türkləri gəldilər. Onlar bu fars tayfasını türkləşdirdilər. İndi onlar türk dilində danışır. Kimdir azərbaycanlılar? Xəzərin sahilində yaşayan tayfa. Bu, Moskvanın cəmi bir rayonu boyda ölkədir. Təsəvvür edin, Sokolniki dövlətdir, orada yaşayanlar Sokolniki millətidir. Azərbaycan belə bir şeydir. Xəzər sahilində əhalinin məskunlaşdığı rayon". Söyün Sadıxov kitabda Azərbaycan və türk xalqlarının ünvanına çoxsaylı təhqiramiz ifadələrin yer aldığını bildirərək Jirinovski üçün bəzi xatırlatmalar verib: "Cənab Jirinovskiyə xatırlatmaq istəyirəm ki, Azərbaycan tarixinin və mədəniyyətinin kökləri çox qədim dövrlərə gedib çıxır. Təəssüf ki, Vladimir Jirinovski üçün İsmayıl ibn Yassar, Musa Şehevat, Əbdül Fərəc İsfahani, Xətib Təbrizi, İbn Sinanın tələbəsi olmuş Bəhmənyar, dahi şairlər Nizami, Füzuli, Molla Pənah Vaqif, böyük dramaturq Mirzə Fətəli Axundovun adları ya məlum deyil, ya da onun üçün maraqsızdır. Bütün dünyanın fəxr etdiyi azərbaycanlı tibb xadimləri, filosof, yazıçı, şair, musiqiçi, memarların siyahısını uzatmaq da olar. Lakin bunu mədəniyyət deyil, barbarlıq hesab edirsənsə, siyahını uzatmağın nə mənası var? Əminəm ki, milliyyətindən, dinindən asılı olmayaraq istənilən şəxs milli həmrəyliyi qorumalıdır. Dövlət rəsmiləri isə bu məsələlərdə məsuliyyət hiss etməlidir, çünki bu şəxslərin sözlərinə qulaq asırlar. Biz məhkəmədən Vladimir Jirinovskinin "Cənuba doğru həmlə" kitabına qiymət verməsini, müəllifdən isə Azərbaycan xalqından nümayişkaranə surətdə üzr istəməsini istəyirik. Biz milli və dini zəmində münaqişələrin qızışdırılmasına yol verə bilmərik".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar