SON XƏBƏRLƏR

Arif Hacılı: “Müsavat ciddi resurslara malik olmayan siyasi qüvvələr qarşısında öhdəlik götürmək istəmir”

2021.10.20, 07:36
Arif Hacılı: “Müsavat ciddi resurslara malik olmayan siyasi qüvvələr qarşısında öhdəlik götürmək istəmir”

Gunaz.tv
Arif Hacılı: “Müsavat ciddi resurslara malik olmayan siyasi qüvvələr qarşısında öhdəlik götürmək istəmir” Bakı. Elnur Məmmədli – APA. “Müsavat Partiyası ciddi resurslara malik olmayan siyasi qüvvələr qarşısında daxili və xarici siyasət məsələləri ilə bağlı öhdəlik götürmək istəmir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) irəli sürdüyü əməkdaşlıq layihəsində daxili və xarici siyasətin müəyyənləşməsində, siyasi taktikanın seçilməsində, qərarların qəbulunda qarşılıqlı öhdəliklərin götürülməsi nəzərdə tutulur: “Bu, faktiki olaraq siyasi blokdur. Bəziləri hətta indidən seçki blokunun yaradılması təklifini də irəli sürür. Mövcud şəraitdə Müsavat Partiyası siyasi proseslərə təsir imkanları, strukturu, cəmiyyətdə nüfuzu baxımından AXCP-dən üstün mövqedədir. Amma biz qeyd-şərtsiz olaraq AXCP ilə bərabərhüquqlu müttəfiqlik münasibətlərinin qurulmasına hazırıq. Belə olan halda AXCP-nin Müsavat Partiyası ilə müttəfiqlik, əməkdaşlıq üçün digər şərtlər irəli sürməsi, bunun ardınca isə guya Müsavatın əməkdaşlığa razı olmaması iddiasının səslənməsi birliyə aparan yol deyil”. A. Hacılı bildirib ki, AXCP irəli sürdüyü layihədə yalnız “Azadlıq” blokuna daxil olan partiyaların, Müsavat Partiyasının və “Azərbaycan Naminə” İctimai Forumun ittifaq yaratmasını mümkün sayır. O, Müsavatın daha geniş koalisiya təklif etdiyini söyləyib. AXCP sədrinin müavini Fuad Mustafayev isə deyib ki, müxalifətin birliyinin yaranmasına mane olan səbəb Müsavat Partiyasının “Azadlıq” bloku tərəfindən təqdim edilən formatı qəbul etməməsidir: “Biz sıx əməkdaşlığın tərəfdarıyıq. Təəssüf ki, Müsavat bu birliyə hələ hazır deyil”. F. Mustafayevin sözlərinə görə, AXCP-nin şərt irəli sürməsi, güzəştli mövqe tutmaması ilə bağlı söylənilənlər həqiqətə uyğun deyil: “Məqsədimiz bələdiyyə və parlament seçkilərində vahid subyekt kimi iştirak etməkdir. Biz hələlik yalnız formanı təklif edirik, hər hansı blokun yaradılması şərtini irəli sürmürük. Hesab edirik ki, bu format Müxalifətin Əməkdaşlıq Mərkəzi çərçivəsində məhdudlaşmalıdır. Onlar isə funksional əməkdaşlıq adı altında əslində əməkdaşlıq etməməyi təklif edirlər. Buna görə də danışıqlar uzanır”. F. Mustafayevin fikrincə, Müsavat Partiyası seçkilərdə müxalifət partiyaları ilə eyni mövqedən çıxış etmək istəmir və manevr imkanlarını özündə saxlamağa çalışır: “Amma hesab edirəm ki, Müsavat rəhbərliyi bu mövqenin səhv olduğunu anlayacaq”.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar