SON XƏBƏRLƏR

İRAN AZƏRBAYCANI "NÜVƏ SÖVDƏLƏŞMƏSİ"nə ÇƏKİR

2021.10.20, 07:36
İRAN AZƏRBAYCANI "NÜVƏ SÖVDƏLƏŞMƏSİ"nə ÇƏKİR

Gunaz.tv
İRAN AZƏRBAYCANI "NÜVƏ SÖVDƏLƏŞMƏSİ"nə ÇƏKİR 38209_1 Tehran Bakını Azərbaycan ərazisi ilə Rusiyadan hərbi təyinatlı komponentlərin daşınmasına razı salmaq istəyir Cəsur SÜMƏRİNLİ Tehran Azərbaycan ərazisi üzərindən Rusiyadan hərbi təyinatlı məhsulların İrana daşınmasını istəyir. Bu çərçivədə rəsmi Tehran Bakının tətbiq etdiyi məhdudiyyəti yumşaldacağına ümid edir. Bu diqqətçəkən məlumat "Ayna"ya diplomatik mənbələrdən daxil olub. Məlumatda bildirilir ki, sözügedən məsələ İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Mustafa Məhəmməd Nəccarın Azərbaycana səfəri çərçivəsində müzakirə ediləcək. "Bakının Tehranın bu istiqamətdə istəyinə dərhal razı olacağını düşünmək sadəlövhlükdür. Lakin dəyişən geosiyasi proseslər - Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolunun artması, ABŞ-ın Gürcüstanda siyasi mövqelərinin əldən getməsi fonunda İran üçün Azərbaycanı yola gətirmək bəlkə də mümkün olacaq", - deyə mənbə bildirdi. Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare dünən keçirdiyi mətbuat konfransında Mustafa Məhəmməd Nəccarın yaxın zamanlarda Azərbaycana gələcəyini deyib. Onun sözlərinə görə, nazirin səfəri çərçivəsində İranla Azərbaycan arasında müdafiə sahəsində münasibətlərin perspektivi müzakirə olunacaq. Bu, İranın müdafiə nazirinin Azərbaycana cavab səfəri olacaq. Xatırladaq ki, cari il fevralın 18-20-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev İranda rəsmi səfərdə olmuşdu. Görüşün gedişində müdafiə nazirləri Azərbaycan - İran hərbi əməkdaşlığının perspektivlərini müzakirə etmişdilər. O zaman Nəccar bildirmişdi ki, "regional münaqişələrin qızışdırılması - düşmənlərin əsas strateji prioritetləridir". Qeyd edilir ki, iranlı nazirin qarşıda gözlənilən səfəri çərçivəsində o, Bakıda rəsmi şəxslərlə görüşəcək. "Bir qayda olaraq, tərəflər arasında müdafiə sahəsində həyata keçirilən əməkdaşlığa dair məsələlər mətbuatda işıqlandırılmır. Bu səbəbdən mənim üçün nazirin səfər proqramı barədə danışmaq indi çətindir. Amma istisna deyil ki, görüş çərçivəsində Azərbaycan və İranın müdafiə nazirləri regional məsələləri müzakirə etməklə yanaşı əməkdaşlığa dair hansısa sənədləri imzalayacaqlar", - deyə səfir bildirib. Onun sözlərinə görə, hazırda diplomatik kanallar vasitəsilə İran müdafiə nazirinin Azərbaycana səfərinin vaxtı və proqramı dəqiqləşdirilir. İlkin məlumatlara görə, səfər ilin sonuna qədər baş tutacaq. "Ayna"ya verilən məlumatlara görə, İranın müdafiə naziri bu dəfə Azərbaycana qucaqdolusu rəy, fikir və təkliflərlə gəlir. Bu təkliflər iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsindən tutmuş Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə qədər məsələləri özünə daxil edir. Ümumiyyətlə, son vaxtlar İranın hərbi dairələrinin Xəzərin hüquqi statusu ilə bağlı siyasi məsələyə müdaxilə etmələri adi hal alır. Elə bu günlərdə İranın dini rəhbərinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvi jurnalistlərə açıqlamasında Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsində əsas problemin Azərbaycan Respublikası ilə bağlı olduğunu bildirmişdi. Rəhim Səfəvi Xəzəryanı ölkələrlə danışıqlar aparıldığını deyib. "Ölkə diplomatiyası bu sahədə fəaliyyətini davam etdirir. Bizim Xəzəryanı ölkələrlə bu barədə apardığımız müzakirələr müəyyən müsbət nəticələr verib" deyən general İranın Xəzər dənizindəki hüququnu tam gücü ilə müdafiə edəcəyini və öz mövqeyindən zərrə qədər geri çəkilməyəcəyini vurğulayıb: "Bizim Azərbaycan və Türkmənistan respublikaları ilə əsas problemimiz bu dənizdəki mümkün neft və qaz yataqları ilə əlaqədardır. Biz bu ölkələrlə olan ixtilafımızın tez bir zamanda danışıqlar yolu ilə həll olunmasına çalışırıq. Lakin bununla yanaşı təkid edirik ki, İran Xəzər dənizindəki hüququnu tam gücü ilə müdafiə edəcək və zərrə qədər geri oturmayacaq". Ekspertlərin fikrincə, İran hərbçilərinin Xəzərlə bağlı narahatlıqlarının kökündə heç də onun hüquqi statusu ilə bağlı məsələnin həll olunmaması deyil, sadəcə, bu regiona ABŞ nəzarətinin ilbəil artması durur. Nəzərə alaq ki, son vaxtlar Azərbaycan vasitəsilə Rusiyadan İrana və əksinə, hərbi təyinatlı məhsulların nəqlində ciddi məhdudiyyətlər yaranıb. Azərbaycan - ABŞ hərbi əməkdaşlığı çərçivəsində Pentaqon nüvə silahının yaradılmasında istifadə olunacaq elementlərin Rusiyadan İrana nəqlinin tam dayandırılması üzərində cidd-cəhdlə çalışır. Son illər bu istiqamətdə uğurlara nail olunub. Elə bu ilin noyabr ayında ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı general Dunkan Maknabın Azərbaycan rəsmiləri, xüsusilə də müdafiə naziri Səfər Əbiyevlə görüşündə müzakirə olunan əsas məsələ məhz qeyd edilən mövzu ilə bağlı idi. Bu gün ABŞ Azərbaycanın quru və dəniz əraziləri vasitəsilə qanunsuz yolla daşınan hərbi təyinatlı yüklərə nəzarəti daha da gücləndirir. Məqsəd İranı raket komponentləri ilə təmin edən ölkələrin dairəsini müəyyənləşdirmək və bu istiqamətdə hər hansı fəaliyyətin qarşısını almaqdır. Xatırladaq ki, 2005-ci ilin avqustunda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Rino Harniş Astara və Xızıda radar stansiyasının qurulduğunu bəyan etmişdi. Ardınca isə ABŞ-ın Azərbaycanın Xəzər sahili boyu ərazilərində analoji radar stansiyalarının qurulacağı ilə bağlı məlumatlar yayıldı. Ekspertlərin fikrincə, məqsəd birdir: Rusiya və digər Xəzəryanı ölkələrdən İrana hər hansı hərbi təyinatlı komponentin daşınmasının qarşısını almaq. Beləliklə, indi İranın Azərbaycandan yeganə istədiyi vacib məsələ Rusiyadan "zəruri yüklər"in İrana çatdırılmasında köməkçi olmasıdır. Bu məsələdə Bakının razılığı alınsa, "nüvə sövdələşməsi" mümkün olsa, onda Nəccarın qarşıdakı səfəri çərçivəsində Azərbaycan və İran arasında hərbi nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində sənədin imzalanacağı istisna deyil. Amma Azərbaycanın İrandan istədikləri, bunun ardınca isə bu ölkənin davranışları ilə bağlı narahatlıqları çoxsaylıdır. Narahatlıq doğuran məsələlərin ən vacibindən danışaq: 2007-ci ilin noyabrında Yerevanda İran və Ermənistan arasında əməkdaşlıq memorandumu imzalandı. Məlumatlı mənbələr Nəccarın və Sarqsyanın imzaladığı həmin həmin sənəddə Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd olan bir sıra məqamların əksini tapdığını deyirdilər. Sənəddə Ermənistanın hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, həmçinin Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki təchizatının gücləndirilməsi ilə bağlı Tehranın yaxın gələcəkdə göstərə biləcəyi yardımlar əksini tapırdı. Həmin zaman rəsmi Bakı İran - Ermənistan hərbi əməkdaşlığından narahatlığını bildirmişdi. XİN rəsmisi Xəzər İbrahim demişdi ki, Azərbaycan İranı Ermənistanla əməkdaşlıqda Bakının həssaslığını nəzərə almağa çağırır. İranla Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın prioritetlərinə gəldikdə, bir neçə il öncə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyətinin İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccarın dəvəti ilə bu ölkəyə səfər etməsini yada salmaq lazımdır. İndi İranın hava, dəniz və quru qoşunları, eləcə də raket və elektron qurğular üzrə nailiyyətləri Azərbaycanın marağındadır. Bakı hazırda Tehranla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini dəstəkləyir. Sonda qeyd edək ki, İran hərbi məsələlərdə Azərbaycanı həm də ABŞ-la danışıqlarda bir vasitəçi kimi görür. 2006-cı ilin aprelində Azərbaycana səfər edən Nəccar bir mühüm açıqlaması ilə yadda qalmışdı: "İran öz mövqeyini Azərbaycan vasitəsilə Amerikaya çatdırmaq istəyir. Prezident İlham Əliyev Birləşmiş Ştatlara aprelin sonlarında nəzərdə tutulmuş səfəri zamanı bu istəyi yerinə yetirə bilər... Bu, o demək deyil ki, azərbaycanlılar vasitəçilik edir. Ancaq onlar bizim mövqeyimizi amerikalılara izah edə bilərlər". Bu dəfə İranın Azərbaycana vasitəçi kimi üz tutması az inandırıcıdır. Ən azı ona görə ki, ABŞ-ın yeni prezidenti Barak Obama Corc Buşla müqayisədə Tehranla münasibətlərdə daha yumşaq mövqe tutmağın tərəfdarı kimi görünür....ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar