SON XƏBƏRLƏR

Şahnaz Qulaminin Müdafiə Komitəsi hansı işləri görür ?-Müdafiə Komitəsinin üzvi Babək bəy Azəri ilə müsahibə

2021.10.20, 07:36
Şahnaz Qulaminin Müdafiə Komitəsi hansı işləri görür ?-Müdafiə Komitəsinin üzvi Babək bəy Azəri ilə müsahibə

Gunaz.tv
Şahnaz Qulaminin Müdafiə Komitəsi hansı işləri görür ? Müdafiə Komitəsinin üzvi Babək bəy Azəri ilə müsahibə Sual: Sayın Babək bəy Azəri, sizin də daxil olduğunuz jurnalist Şahnaz xanım Qulaminin müdafiəsi ilə bağlı Müdafiə Komitəsi yaranıb. Mən istərdim komitə üzvi kimi ilk növbədə onun son durumu ilə bağlı bizə məlumat verəsiniz. Cavab: Çox təəssüf, hüquqi baxımından onun vəziyyətində bir ciddi və müsbət dəyişiklik baş verməyib. Hələ də Şahnaz Qulami vəkilsiz zindanda saxlanılır. Dünyanın azad ölkələrində bir müttəhimə yardım etmək üçün ən yaxşı yol ondan ibarətdir ki, müttəhimə bir yaxşı vəkil tutub və məhkəmədə onun bəraəti üçün konkret sənədlər verilir. Amma bildiyiniz kimi, İranın məhkəmələri, xüsusən inqilab məhkəmələri əməldə nişan veriblər ki, hüquq elminin tanınmış normaları əsasında əməl etmirlər. Əslində İnqilab məhkəmələrində verilən hökümlərdə İran rejiminin maraq dairəsi və hakimlərin şəxsi səliqəsi çox önəmli rol oynayır. Burdan belə bir nəticə almaq olar ki, İranda məhkəmə prosesinin ədalətli olmağına inanmaq olmaz. Bundan da əlavə, dünyanın azad ölkələrində müttəhim vasitəsiz özünə vəkil tutur və ya maliyyə imkanı olmasa, bu zaman hökümət ona vəkil tutub xərcini ödəyir. Ancaq İranda müttəhim istintaq mərhələsin keçirib və ona qarşı dosya hazırlanandan sonra, məhkəməyə aparılıb və ona qarşı ittihamlar şərh ediləndən sonra, onun vəkil tutmaq haqqı var. İranda gərək məhbus öz yaxın qohum - əqrəbəsi vasitəsi ilə və yazılı formada vəkil tutub və xərcin özü ödəməlidir. Şahnaz Qulami ilə əlaqədar qeyd etməliyəm ki, onun maliyyə imkanı yoxdur vəkil tutub, xərcini ödəyə. Bundan da əlavə, onun təqribən 9 - 10 yaşında bir balaca qızı var. O, azyaşlı və anası yaşlı və əlil olduğu üçün hüquqi baxımdan bu işlə məşğul ola bilmirlər. Onun digər yaxın qohumları, o cümlədən qardaşı ETTELAAT məmurları tərəfindən hədələnib və bu işdə onun neytral olmağını tapşırıblar. Elə bu faktlar Şahnaz Qulaminin işini hüquqi baxımında ağır duruma gətirib çıxarıb. İranın tanınmış vəkili Məhəmmədəli Dadxah Ş.Qulaminin müdafiəsinə hazır olub, amma ona Ş. Qulami və ya ailəsi tərəfindən müraciət olunmayıb. O da hüquqi baxımdan onun ağır durumunu xatırladıb və deyib ki: "İnqilab Məhkəməsi tərəfindən ona ittiham vurulur ki, Şahnaz Qulami İranda fəaliyyət göstərən Nehzat Azadi və seperatçı qruplarla iş birliyi aparır. Məhəmmədəli Dadxahın fikrinə görə, bu ittihamda ziddiyyətli məqamlar var. Çünki Nehzat Azadi təşkilati İranın bütövlüyünə inanır və belə olan halda Şahnaz Qulami seperatçı qruplarla heç bir iş birliyi apara bilməz. Biz isə öz növbəmizdə çalışdıq ki, İsveçdəki Sərhədsiz Vəkillərlə əlaqə saxlayıb, Şahnaz Qulaminin müdafiəsi üçün bu təşkilatdan bir vəkil İrana göndərək. Bildiyiniz kimi sərhədsiz vəkillər dünyada insan haqları ilə maraqlanıb və onun müdafiəsi üçün cəhd göstərirlər. Amma çox təəssüf ki, İranın irqçi rejimi bu işə də mane olur. Nəhayət ki, adı çəkilən təşkilatın bəzi vəkilləri Şahnaz Qulaminin vəziyyətindən öz təəssüflərin bildirib və söz veriblər İranın İsveçdəki Səfirliyinə bu mövzu ilə əlaqədar etiraz məktubu yazalar. Sual: Babək bəy, əgər bu komitə konkret şəkildə hüquqi baxımdan Ş.Qulamiyə yardım edə bilmirsə, bəs hansı formada ona köməyiniz dəyəcək? Cavab: Mənim fikrimcə, əgər İran islam hakimiyyətinin təqribən 30 illik həyatına nəzər salsaq, görürük ki, əgər bir siyasi müttəhimlə bağlı vaxtında ölkə daxilində və beynəlxalq orqanlar tərəfindən riaksiya olursa, bu zaman İran rejimi dalı oturur və tanınmış beynəlxalq hüquq qayda - qanunların kobudcasına ayaq altına qoymur. Ş.Qulaminin Müdafiə Komitəsin yaratmaqda əsas məqsəd odur ki, millətimizin bu qeyrətli qızı unudulmasın və sistemli formada ölkə daxilində və beynəlxalq orqanların diqqət mərkəzində olsun. Elə bu hədəflərə çatmaq üçün də çox uğurlar qazanmışıq. Siz baxın, Şahnaz Qulami zindana aparılıb və İran rejimi rəsmən etiraf edib ki, o zindandadır. Bu işin bir müsbət cəhəti də var. O da bundan ibarətdir ki, İran rejiminə onu müəmmalı formada qətlə yetirmək mümkün deyil. Misal üçün, siz Fərhad Mohsunini nəzərə alın. İran rejimi onu gizli zindanda saxlayıb və onun zindanda olmağın inkar edirdi. Nəhayət ki, müvəffəq oldu onu işgəncə altında qətlə yetirib, ölüsünü Elgölünə ata. Bununla bağlı biz istənilən qədər misal çəkə bilərik, amma mən istəyirəm qayıdaq əsas mövzumuza. Bunlardan da əlavə, son zamanlarda İran rejimi Ş.Qulami ilə əlaqədar kəskin ittihamlardan və ona qarşı təbliğatdan əl saxlayıb. Hətta belə bir söz var ki, o zəmanətlə azadlığa buraxıla bilər. Sual: Babək bəy, deyə bilərsiniz Müdafiə Komitəsi hansı işləri görüb və nə kimi işlər görmək iqtidarındadı? Cavab: Mən şəxsən özüm sevmirəm ki, Şahnaz Qulaminin müdafiəsi ilə bağlı tamam görülən işləri bu komitənin çərçivəsində diqqətə çatdırım. Yurddaşlarımız diqqət etsinlər ki, bu komitə müxtəlif xarici ölkələrdə yaşayan adamlar tərəfindən yaranıb və əsas məqsəd odur ki, komitənin üzvləri və hətta digər yurddaşlarımız Şahnaz Qulaminin müdafiəsi ilə bağlı işlərində kordinasiya ola. Elə bu səbəbə görə, mən bütün yurddaşlarımıza müraciət edib və xahiş edirəm, mövzu ilə əlaqədar hər hansı təklif və ideyaları varsa, Komitənin Əlaqələndiricisi dr. Manaf Səbəbi ilə əlaqə saxlayalar. Bu izahatdan sonra mənə icazə verin, ancaq komitə adına yox, bəlkə ümimi halda deyim ki, Ş.Qulaminin müdafiəsi ilə bağlı çox dəyərli işlər olub. Misal üçün, Ş.Qulami ilə bağlı "Sydsvenskan" və "Mana" qəzetində yazılar dərc olunub. İsveçin bəzi feminist qadın təşkilatları reaksiya nişan verib, İran Səfirliyinə etiraz məktubu göndərib və Ş.Qulaminin azadlığın tələb ediblər. İsveçin Parlamentində İsveç Xarici İşlər Naziri ilə Şahnaz Qulaminin taleyi müzakirə olunub və dekabrın 19 - da Ş.Qulami ilə bağlı İsveçin Xarici İşlər Nazirliyində görüş keçiriləcək. Bunlardan əlavə, komitə üzvləri İsveçin çox tirajlı qəzetləri, yəni "Sevenska dagbladet" və "Dagens nyheter"lə görüşəcəklər və onun haqqında məqalə yazmaq üçün konkret faktlar verəcəklər. Qeyd etdik ki, Müdafiə Komitəsi beynəlxalq aləmdə fəaliyyət göstərir. Elə onun üçün də deməliyəm ki, sadaladıqlarımdan əlavə, bu kimi işlər digər ölkələrdə də həyata keçirilir. Detallarını konkret bilmədiyim üçün misal gətirməkdən imtina edirəm. Sözümün sonunda xatırladıram ki, əgər Ş.Qulaminin həbsi uzun çəkərsə, dünyanın müxtəlif ölkələrində İran Səfirlikləri qarşısında etiraz aksiyaları aktual ola bilər. Sual: Babək bəy, gördüyünüz işlərə görə və xüsusən bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Cavab: Siz də saq olun!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar