SON XƏBƏRLƏR

UŞAQLARIN BAĞÇAYA GETMƏSİ İCBARİ OLACAQ

2021.10.20, 07:36
UŞAQLARIN BAĞÇAYA GETMƏSİ İCBARİ OLACAQ

Gunaz.tv
UŞAQLARIN BAĞÇAYA GETMƏSİ İCBARİ OLACAQ Yaxın illərdə beş yaşlı uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə getməsi icbariləşəcək. Bunu «Media forum» saytının əməkdaşı ilə söhbətində Təhsil Nazirliyi şəhərlər üzrə orta ümumtəhsil məktəblərlə iş şöbəsinin müdiri Arif Muradov bildirib. Şöbə müdiri xatırladıb ki, ötən il dövlət başçısı «Məktəbəqədər təhsilin yeniləşdirilməsinə dair Dövlət Proqramı»nı təsdiqləyib və hazırda bu proqramın həyata keçməsi istiqamətində işlər görülür: «Hələ 1984-cü ildə, eyni zamanda müstəqillik illərində qəbul elədiyimiz təhsil islahatları proqramında 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrinə getməsi, orta məktəbə hazırlıqlı başlaması məsələsi vardı. Bu, həll olunası problem kimi hələ də bizim qarşımızda durur. Təəssüf ki, hələ də bütün 5 yaşlı uşaqların uşaq bağçalarına getməsini təmin edə bilmirik». A.Muradovun sözlərinə görə, bu gün Azərbaycanda 5 yaşına qədər uşaqların yalnız 16 faizi (Təhsil Nazirliyinin balansında olan 1592 uşaq bağçasına 98 min 29 uşaq gedir – red.) məktəbəqədər təhsil müəssisələrindən istifadə edir: «Məktəbəqədər təhsilin yeniləşdirilməsinə dair Dövlət Proqramı»nda 5 yaşlı uşaqların orta məktəbə hazırlaşması üçün yeni qrupların yaradılması və sair işlər nəzərdə tutulub». Şöbə müdirinin sözlərinə görə, bu proqrama əsasən, 5 yaşlı uşaqların uşaq bağçalarına gəlməsini icbariləşdirmək mümkün olsa, xeyli müsbət nəticələr əldə edilər: «Uşaqlar məktəb kollektivinə, cəmiyyətə daha tez inteqrasiya olunacaq. Evdən, birbaşa ailədən gələn uşaq çox vaxt sinfə, müəllimlərə uyğunlaşa bilmir, anası üçün çox ağlayır. Onun məktəbə alışması üçün xeyli müddət keçir». A.Muradov əlavə edib ki, hazırda bir çox ölkələrdə 5 yaşlı uşaqların məktəbəqədər uşaq müəssisələrinə getməsi icbaridir: «Misal üçün, İsraildə bütün 5 yaşlılar uşaq bağçasına gedir. İcbarilik mütləqilik deməkdir. Dövlət elə bir şərait yaratmalıdır ki, ölkədəki bütün 5 yaşlılar uşaq bağçası ilə əhatə olunsun. Həm şəraitin yaradılması, həm valideynlərin özlərinin maarifləndirilməsi və başqa məsələlər nəzərdə tutulur». Müsahibimiz bildirib ki, hazırda hansısa orta məktəb direktorunun valideyndən uşağın məktəbəqədər təhsil müəssisəsinə getməsinə dair arayış tələb etməsi mümkün deyil: «Əgər belə bir fakt varsa, qanunsuzluqdur. 6 yaşlıların məktəbə qəbulu ilə bağlı Təhsil Nazirliyinin tələb etdiyi sənədlər içərisində belə bir arayış göstərilməyib». Uşaq bağçalarının icbariləşməsi prosesinə nə vaxt başlanılacaq? A.Muradov qeyd edib ki, bu məsələdə Azərbaycan xalqının xüsusiyyətini, mentalitetini nəzərə almaq lazımdır: «Əksər valideynlər öz uşağını yanında saxlamağı, böyütməyi daha üstün bilir, nəinki dövlət, özəl müəssisələrinə verməyi. Avropa ölkələrində uşaqların 60-70 faizi, İsraildə 100 faizi uşaq bağçalarına gedir. Eyni zamanda xaricdə hazırlıq kursları – qısamüddətli, birillik kurslar da fəaliyyət göstərir. Bizdə bu kurslar hələ fərdi formadadır, ayrı-ayrı peşə sahibləri evlərdə uşaqlara hazırlıq keçir. Uşaqların orta məktəbə hazır olması zərurəti bizi düşünməyə vadar edir ki, heç olmasa 5 yaşlıların hamısının məktəbəqədər təhsil müəssisələrinə getməsinə nail olaq». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar