SON XƏBƏRLƏR

Ermənistan yenidən çalxalanır

2021.10.20, 07:36
Ermənistan yenidən çalxalanır

Gunaz.tv
Ermənistan yenidən çalxalanır Daxili və xarici siyasətin yaratdığı təlatümlər Ermənistanda daxili siyasi durumun yenidən gərginləşdiyi barədə məlumatlar verilir. Siyasi müxalifət adamlarını yenidən küçəyə tökərək prezidentin istefasını tələb ediblər. Onlar Levon Ter-Petrosyanın seçkini qazandığını deyirlər. Müəyyən müddətə sakitlikdən sonra Ermənistanda vəziyyətin gərginləşməsi səbəbsiz deyil. Bu ölkədə durum həmişə ağır olub. İndi isə dünyanı maliyyə böhranı bürüyüb. Bir-birinin ardınca müxtəlif sahələr iflasa uğrayırlar. Ermənistanın ən yaxın müttəfiqləri də çox ziyanlar görürlər. Məsələn, Rusiyada ciddi bir böhranın yaxınlaşdığını deyirlər. Son olaraq avtomobil bazarı çökür. Bütövlükdə Rusiyada ciddi islahatlara ehtiyacın olduğunu alimlər prezidentə təklif kimi yazıb veriblər. Həmin təklif paketinə görə, Rusiya başdan ayağa köklü yenidənqurmaya getməsə vəziyyəti çox ağır olacaq. Rusiyanın bu dərəcədə ağır duruma düşməsi ondan asılı olan ölkələri də çox çətin vəziyyətə salır. Ermənistan bu sırada birincidir. Belə ki, o, özünü təcrid edib. Rusiya tərəfdən hər hansı dəstək olmasa, Ermənistanın tab gətirməyəcəyi hər kəsə aydındır. Son böhran prosesinin fonunda Ermənistanın ayağının altından yerin qaçdığını görürük. Ona görə də ermənilərin üsyan etməsi üçün ölkədə əlverişli şərait yaranır. Ermənistan iqtisadi cəhətdən daha ağır vəziyyətə düşdükcə bunun təsirləri özünü qabarıq surətdə göstərəcək. Hələlik müxalifət küçələrdən “istefa” qışqırır. Əhalınin iqtisadi durumu ağırlaşdıqca bu qışqırtıların radikal hərəkatla əvəz olunması ehtimalı çoxdur. Başqa tərəfdən, Dağlıq Qarabağ məsələsində rəsmi İrəvanın geriyə doğru addım atmağa başlamasından radikal qüvvələr istifadə etməyə çalışırlar. Onlar bilirlər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bunun qarşısını heç kəs ala bilməz. Ancaq bu faktdan siyasi divident kimi istifadə etmək istəyindən də müxalifət vaz keçmək istəmir. Müxalifətin bu tələblərinin davamının gələcəyini proqnozlaşdırırlar. Görünür, Ermənistandakı olaylara Gürcüstan hadisələri də təsir edir. Gürcüstanda hakimiyyət böhranı yaxınlaşır, bunun sonunun necə olacağını demək çətindir. Belə bir situasiya Ermənistanda yaransa, nələr ola bilər? Hər bir halda böyük qüvvələrin hər ikisinin əlinə fürsət düşür. Onlar təzyiqlər edərək öz istədiklərinə nail ola bilərlər. Ermənistanda siyasi durumun radikallaşmasının qarşısını almaq mümkün olmayacaq. İqtisadi böhranın dərinləşməsi ilə bu proses daha intensiv xarakter ala bilər. O halda Ermənistanda üsyanların olması ehtimalı artacaqdır. Yəqin ki, seçkilərdəki qavğalarda yaxınlarını itirən siyasilər də fürsətdən yararlanmağa çalışacaqlar. O əsasda Ermənistanda silahlı toqquşmaların olması ehtimalı çoxdur. Təbii ki, Ermənistanın silkələnməsi bölgədə geosiyai durumu da dəyişə bilər. Xüsusilə, Qərbin bölgəyə nüfuz etməsi baxımından əlverişli situasiyanın yaranması baş verə bilər. Neftin qiymətinin sürətlə aşağı düşməsi fonunda Ermənistana yardımların minimuma enməsi də gözləniləndir. Onda Ermənistanın iqtisadi cəhətdən çökməsi ilə siyasi cəhətdən çökməsi paralellik təşkil edə bilər. Siyasi müxalifətin tələblərinin artması bu tendensiyanı gücləndirməli olacaq. Bunlar Ermənistanın xarici siyasətinə necə təsir edə bilər? Şübhəsiz ki, burada bir çox faktorları nəzərə almaq gərəkdir. O cümlədən, erməni diasporunun atacağı addımlar əhəmiyyətli olacaq. Diaspora hələlik “soyqırım” oyununu davam etdirir. Onun davam etməsi ilə Türkiyə-Ermənistan münasibətlərində mürəkkəbliklər artacaq. Bunun fonunda isə Ermənistanın hansı vəziyyətə düşəcəyini təsəvvür etmək olar. Əsası isə odur ki, rəsmi İrəvanın son vaxtlar söylədiklərinin mənası olmayacaq. Yəni Ermənistanın xarici siyasəti də növbəti böhran zolağına qədəm qoya bilər. Əgər diaspora əməlindən əl çəksə (bunun ehtimalı çox azdır), onda Ermənistan qonşuları ilə münasibətləri normallaşdırmağa doğru addım ata bilər. O halda onun daxilində gərginliyin azalması müşahidə edilə bilər. Beləliklə, Ermənistanda siyasi müxalifətin fəallaşması ilə meydana çoxlu sayda suallar çıxmış olur. Bu suallara verilən cavablardan Ermənistanın gələcəyi çox asılıdır. Deməli, hər şey ermənilərin özlərinin necə hərəkət etməsinə bağlıdır. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar