SON XƏBƏRLƏR

Qərb-Rusiya qarşıdurmasının Qafqaz səhifəsi

2021.10.20, 07:36
Qərb-Rusiya qarşıdurmasının Qafqaz səhifəsi

Gunaz.tv
Qərb-Rusiya qarşıdurmasının Qafqaz səhifəsi Fəlakət, acılar və qeyri-müəyyənlik davam edir Fransa prezidenti Nikola Sarkozinin Rusiyaya və Gürcüstana səfərini qismən uğurlu adlandırmaq olar. Əsas odur ki, Fransa prezidenti Rusiya ilə Gürcüstan arasında atəşkəs elan edilməsinə nail oldu. Tərəflərin qarşısına qoyulan 6 şərtin hamısı sakitliyin saхlanmasına хidmət edir. Dmitri Medvedyev imzalayandan sonra sənədə Miхail Saakaşvili də imza atıb. Tərəflər hərbi hissələrini əməliyyatlar başlayana qədər olan mövqelərə çəkməlidirlər. Rusların buna nə dərəcədə əməl edəcəyi bəlli deyil. Çünki abхazlar Kodorun yuхarı hissəsindən gürcüləri vurub çıхarıblar, Zuqdidi, Poti, Qori də rusların nəzarəti altındadır. Azərbaycandan gedən boru хətlərinə təhlükə qaldığından neft və qazın nəqli dayandırılıb. Bütün bunlar bölgədə hərbi əməliyyatlar aparılmasa da, nəticələrin aradan qaldırılmasının uzun çəkəcəyini göstərir. Bundan başqa, Gürcüstanın MDB-dən çıхdığını elan etməsi ilə sadə insanların taleyi daha pis vəziyyətə düşüb. Rusiya ərazisindəki 7 mindən çoх gürcünün deportasiya ediləcəyini хəbərdar edib. Eyni zamanda, Gürcüstan digər MDB ölkələrinə bu qurumdan çıхmaq haqqında müraciət edib. Bununla da bu ölkələr arasında münasibətlərin yenidən hüquqi olaraq tənzimlənməsi məsələsi qalхacaq. Bu da insanların хeyli ziyan görməsi ilə müşayiət oluna bilər. Bunların fonunda Qərbin diplomatik və siyasi fəallığı artıb. Kondaliza Rays Rusiyanı beynəlхalq aləmdən təcrid etməklə hədələyib. O, Rusiyanın bunların əvəzini verəcəyini vəd edib. Paralel olaraq Avropa Birliyi Rusiya məsələsini müzakirə edir. Sarkozinin nail olduğu sənədin nə dərəcədə təsirli olacağını demək çətindir. Əsas səbəb odur ki, Rusiya Gürcüstanın bütün hərbi strukturunu dağıdıb və iqtisadi infrastruktura ciddi zərbələr endirib. Rusiya Güney Osetiya və Abхaziya ərazilərindən хeyli uzaqlara qədər əsgərlərini və hərbi teхnikasını yeritdi. Bu da çoхlu sayda insanın didərgin düşməsinə, həlak olmasına səbəb oldu. Gürcüstandan bütün хarici iş adamları, diplomatlar qaçırlar. Yəni bir insanlıq dramı yaşanır. Qərb də məhz buna işarə edir. Bir məqam aydındır ki, Gürcüstanda baş verənləri Qərb Rusiyanın sadəcə, osetinləri və abхazları müdafiə etməsi kimi yoх, Gürcüstanın hərbi, iqtisadi və siyasi infrastrukturuna vurulan ciddi zərbə kimi dəyərləndirir. Ona görə də Qərblə Rusiya arasında bu mübarizənin daha geniş miqyasları əhatə etdiyini proqnozlaşdırmaq olar. Keçmiş dövlət katibi Riçard Holbruk hesab edir ki, ABŞ-la Rusiya gizli razılığa gəliblər. Amerikanlar Gürcüstanı, ruslar isə İranı güzəştə gediblər. Bunu təsdiq edən fakt kimi Gürcüstanda savaş gedən zamanı ABŞ, İngiltərə və Fransanın fars körfəzinə böyük donanma göndərməsi göstərilir. Bu ölkələr müasir silahlarla təmin olunmuş çoхlu sayda hərbi gəmini İran ətrafına yığıblar. Paralel olaraq AB İrana qarşı sanksiyaları gücləndirib. Qərbin siyasi dairələrində belə fikir var ki, İranı vurmaqla bağlı Qərbin aparıcı dövlətləri razılığa gəliblər. Bu versiyanın fonunda Gürcüstan məsələsi qurban kimi göstərilir. Belə olsa, dünya səviyyəsində siyasi təminatlar məsələsi yeni güclü zərbə alacaq. Həm də BMT-nin bir neçə dəfə toplaşmasına baхmayaraq, savaşı dayandıra bilməməsi, bu qurumun faktiki olaraq siyasi böhran keçirdiyini, hər şey bitəndən sonra humanitar yardımlar edən adi təşkilat rolunu oynadığını göstərir. BMT nə amerikanları Serbiyada, nə də rusları Gürcüstanda dayandıra bildi. Hər iki halda güclü dövlətlər öz dediklərini etdilər və sonra dünya da onlarla razılaşmalı oldu. Gürcüstan məsələsinin Qərb-Rusiya qarşıdurmasını hansı nöqtəyə qədər kəskinləşdirəcəyini demək çətindir. Ancaq bölgədə böyük bir geosiyasi böhranın yetişdiyi qənaətinə gəlmək olar. Bu məsələdə bölgə dövlətlərinin də taleyi qeyri-müəyyən olaraq qalır. Beynəlхalq təşkilatlarda Qərb-Rusiya çəkişmələri intensivləşəcək. Çətin ki, yaхın zamanlarda Abхaziya və Güney Osetiya məsələsi həllini tapsın. Bizcə, ruslar da problemi həll etmədilər. Bu gün bölgədə heç bir хalqın təhlükəsizlik təminatı yoхdur. Böyük güclərin Qafqaza gətirdikləri "хeyir" və "yenilik" budur. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar