SON XƏBƏRLƏR

Türkiyə ayrı, AKP ayrı..._Türkiyədəki mövcud hakimiyyəti tanımaq üçün ən azı 1000 litr rakı içmək gərəkdir

2021.10.20, 07:36
Türkiyə ayrı, AKP ayrı..._Türkiyədəki mövcud hakimiyyəti tanımaq üçün ən azı 1000 litr rakı içmək gərəkdir

Gunaz.tv
Türkiyə ayrı, AKP ayrı... Türkiyədəki mövcud hakimiyyəti tanımaq üçün ən azı 1000 litr rakı içmək gərəkdir. Bəli, təəccüblənməyin, belədir və başqa tövr həmin iqtidarı əsla anlamaq olmaz. Türkiyədə əksər söhbətlər və müzakirələr rakı masası arxasında olur. Siyasətdən tutmuş, musiqiyədək. Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AKP) də rakı təkidir. Rakı öz-özlüyündə şəffaf, aydın və duru içkidir. Baldırğan dadı verir. İçəndə ona su qatırlar, olur ağamtıl-bulanıq. AKP-də istənilən prosesin zahiri görüntüsü nə qədər aydın və şəffaf olsa da, mahiyyəti bulanıqdır. Stəkandakı rakı təki. Rakı stəkanına kənardan baxanda orada, içəridə nə olduğunu görmək mümkün deyil. Buna görə də rakının içinə atılıb, içəridən çölə baxmaq daha asandır. Çöl aydın görünür deyə. Türkiyədəki iqtidarı tanımaq üçün İstanbulun Beykoz, Kuşadası, Mehmetoğlu səmtlərində, boğaz sahilindəki yüzlərlə balıq restoranlarından birinə getmək gərəkdir. Orada oturanda əvvəlcə masaya "məzə" deyilən salatlar, soyuq yeməklər gətirilir. Oturursan, məzədən yeyirsən, rakı içirsən, danışırsan, boğazın xırıldayana qədər mübahisə edirsən, yenə məzə yeyirsən, yenə rakı içirsən. Və bu dəm balıq yeməyə dəvət etdiyin dostun deyir ki, yetər, artıq doydum, qarnımda balığa yer qalmadı. Sən də doyduğundan naçar qalıb söyləyirsən ki, eh, nə etməli, balıq qalsın gələn dəfəyə. Və beləcə balıq yeməyə getdiyin balıq restoranında balıq yeməyib geri dönürsən. Çünki məzə yeyib doydun. Türklər buna "mezelenmek" deyirlər. Yəni bir məqsədə çatmaq çün gecə-gündüz çalışmaq, əlləşmək, qan-tər tökmək, amma məqsədə çatmağa bircə addım qalanda "ee-hh, anasını satayım, bıkdım artıq, yeter be!" deyib dayanmaq. Necə ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan indi Gürcüstandakı situasiya ilə bağlı məzə tutur. Rusiya Gürcüstanın yarısını işğal edib, Cənubi Osetiya və Abxaziya büsbütün rus qoşunlarının nəzarətindədir - AKP susurdu. Tiflisdən tutmuş, Marneuliyədək bir çox şəhərlər bombardman edildi, Qori xarabazara döndərildi - AKP rəhbərliyindən səs çıxmadı. Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, baş nazir Rəcəb Tayyib Ərdoğan bu günlər ərzində Gürcüstandakı hadisələr barəsində bir kəlmə də demədi. Əvəzində Balkanlarda olduğu kimi, Cənubi Qafqazda da "Qafqaz Birliyi"nin yaradılmasını təklif etdi. Türkiyə prezidenti Abdulla Gülün bəyanatı da olduqca ehtiyatlı idi. Əvvəlcə Gürcüstanın ərazi bütövlüyündən yana olduqlarını dedi, sonra da Ərdoğanın "Qafqaz Birliyi" ideyasını dəstəklədi. Vəssəlam. Bu da AKP-nin işğala məruz qalıb qan qusdurulan, amma qətiyyət və arzularından əsla geri çəkilməyən kiçik Gürcüstana verdiyi dəstək. Söz yox, ola bilər ki, AKP üstüörtülü şəkildə Gürcüstana hər cür dəstək verir, amma Rusiya kimi çox təhlükəli və böyük ölkəni qıcıqlandırmamaq üçün işləri əlaltdan görür. Mümkündür. Amma bunu Tiflisdəki Sandro, Qoridə evi darmadağın edilən Vaxtanq və ya Potidə oğlu bombardmanda həlak olmuş Suliko bilmir. Bilməsi isə çox gərəkdir. Gürcüstan Türkiyənin strateji tərəf-müqabili, regiondakı kommunikasiya, energetika, nəqliyyat layihələrində tərəfdaşı, müttəfiqi, dost ölkədir. Azərbaycan təki. Rəsmi Ankaranın Gürcüstana qoşun yollamasını, gürcülərə təcili hərbi yardım göstərməsini və ya təyyarələrini gürcü səmasına qaldırmasını kimsə istəmirdi: bunlar absurd olardı. Lakin Türkiyədəki AKP iqtidarı heç olmasa Rusiyanın dinc əhaliyə divan tutmasını, Cənubi Osetiyadakı "rusiyalıların hüquq və təhlükəsizliyinin təminatı" məqsədilə oraya yeritdiyi qoşunların çoxdan sərhədi aşaraq Gürcüstanın digər bölgələrini işğal etməyə başlamasını pisləyə bilərdi. Rəcəb Tayyiblə Gül Rusiyanı hərbi əməliyyatları dayandırmağa çağırardı. O cümlədən Ankara vasitəçilik missiyası ilə də çıxış etmək şanslarına malikdi. Lakin AKP iqtidarı bunu etmədi. Çünki Rusiyadan gələn daş kömür, təbii qaz, turistlər və pullardan asılıdır. Bütün bunlar inflyasiya, işsizlik və yoxsulluğun artması ilə nəticələnən bərbad AKP siyasətinin tam fiaskoya uğramasıın qarşısını alan, əlitəsbehli və dili "ah, nə etdilər bu millətçilərə, atatürkçülərə!" deyib "oxqay" söyləyən "əsl vətəndaş"ların yalançı rahatlıq hissini puç olmağa qoymayan ünsürlərdir. AKP iqtidarı Rusiya rəhbərliyinin gözünün qanla örtüldüyünü anlayır və Moskva ilə münasibətləri korlamaq istəmir. Lakin Türkiyə bu AKP deyil. Türkiyə Gürcüstanın yanındadır və türklər işğala məruz qalan Gürcüstanın halına yanır, gürcü qardaşlarımıza yardım üçün hər şeyə hazır olduqlarını deyirlər. AKP bunu bilir. Amma susur. Çünki Türkiyə ayrı, AKP ayrı... Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar